9 ayda 81 insan alveri qurbanı müəyyən edilib

Bu barədə AzVision.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova deyib.
“İnsan alveri qurbanlarına göstərilən yardımlar nəticəsində 11 nəfər məşğulluğun təmin edilməsi ilə bağlı, 4 nəfər isə peşə kurslarına cəlb olunmaq üçün Dövlət Məşğulluq Xidmətinə müraciət edib. Bundan əlavə 18 nəfərə tibbi yardım, 32 nəfərə psixoloji yardım, 25 nəfərə isə hüquqi yardım göstərilib. Qurbanların reabilitasiya və reinteqrasiyası üçün 12 nəfər insan alveri qurbanı Gəncə şəhərində yerləşən “Təmas” Regional İnkişaf İctimai Birliyinə yerləşdirilib.
Potensial insan alveri qurbanlarından məşğulluğun təmin edilməsi ilə bağlı 5 nəfər, peşə kurslarına cəlb olunma ilə bağlı 2 nəfər Dövlət Məşğulluq Xidmətinə müraciət edib. Potensial insan alveri qurbanlarından 16 nəfərə tibbi yardım, 1 nəfərə psixoloji yardım, 18 nəfərə isə hüquqi yardım göstərilib”.
N.Balabəyova qeyd edib ki, ötən il mərkəzə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş 63, müxtəlif qeyri-hökümət təşkilatları tərəfindən yönləndirilmiş və ya fərdi olaraq müraciət etmiş 30 nəfər insan alverinin potensial qurbanına yardım göstərilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: İnsan-alveri