Bəzi ölkələrdə işıq olmayanda, biz istehsal edirdik... - FOTOLAR

Bəzi ölkələrdə işıq olmayanda, biz istehsal edirdik... - FOTOLAR
  27 Noyabr 2017    Oxunub:3875
Bakının Binəqədi rayonunda yerləşən “Yarımstansiya muzeyi”ndə elektrik enerjisinin hansı tarixi mərhələləri keçərək formalaşması barədə məlumat əldə etmək mümkündür. Muzeydə ölkəmizin enerji sahəsi ilə bağlı tarixi əks olunur.
AzVision.az-ın məlumatına görə, respublikamızda ilk dəfə olaraq 1914-cü ildə Binəqədi rayonunda neft sənayesi ilə əlaqədar tikilmiş 20 kv-luq qapalı tipli yarımstansiya bərpa olunub və hazırda muzey kimi fəaliyyət göstərir.



“Yarımstansiya muzeyi”nin direktoru Pərisoltan Ramazanova bildirib ki, adıçəkilən muzey 2009-cu ildə yaradılıb və 1914-cü ildə tikilən binada fəaliyyət göstərir.



“Stansiya o zaman yaradılanda əhali üçün yox, ətrafdakı neft mədənlərini elektrik enerjisi ilə təmin etmək üçün nəzərdə tutulmuşdu. O zaman Avropanın bəzi inkişaf etmiş ölkələrində elektrik enerjisi olmayanda, Azəbaycanda enerji istehsal olunurdu. Azərbaycanda ilk dəfə 1880-cı ildə kiçik bir neftayırma zavodunda elektrik enerjisindən istifadə olunub. 19-ci əsrin sonlarında Azərbaycanda neft sənayesi inkişaf edirdi. Həmin illərdə Bakını elektrik enerjisi ilə təmin etmək məqsədilə cəmiyyət yaradıldı və elektrik stasiyalarının tikilməsi qərarı verildi. 1901-ci ildə Bibiheybət yarımstansiyası tikildi”.



P.Ramazanova qeyd edib ki, muzeyin ikinci mərtəbəsində 1901-ci ildə Bibiheybət yarımstansiyasında istifadə edilən qurğular nümayiş etdirilir: “Həmin yarımstansiyanın idarəetmə lövhəsi olduğu kimi muzeydə saxlanılır. Haradasa 100 ilə yaxın istismar olunub. O zaman avadanlıqlar Avstriyadan gətirilib. Ümumiyyətlə, 19-cu əsrin sonlarından istifadə olunan avadanlıqların müəyyən hissəsi muzeydə saxlanılır”.

Direktor əlavə edib ki, muzeyi ziyarət edənlər arasında xarici turistlər də olur.



Qeyd edək ki, “Yarımstnsiya muzeyi”nə giriş pulsuzdur.



















Anar Kəlbiyev
AzVision.az


Teqlər: Muzey   Elektrik  





Xəbər lenti