İcbari tibbi sığorta hansı rayonlarda tətbiq ediləcək? - Açıqlama

İcbari tibbi sığorta hansı rayonlarda tətbiq ediləcək? - Açıqlama
  02 Dekabr 2017    Oxunub:5769
“Gələn il icbari tibbi sığortanın tətbiq ediləcəyi rayon və ya şəhər barədə hökumət qərar verməlidir. Hələlik qərar olmadığı üçün bu barədə öncədən məlumat vermək çətindir”.

Bu barədə AzVision.az-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev bildirib.
Millət vəkilinin sözlərinə görə, həmin rayonla yanaşı, Yevlax və Mingəçevr şəhərində icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihə davam edəcək.

“Gələn il icbari tibbi sığortanın tətbiq ediləcəyi yer ola bilsin ki, həmin regionda olmasın. Amma hansı rayon olacağı, bir və ya iki rayon olacağı hökümət tərəfindən dəqiqləşmədiyi üçün söz demək çətindir. Pilot layihənin tətbiq eidləcəyi rayon cənub və ya şimal zonasından ola bilər. Azərbaycanın istənilən yerində səhiyyənin maddi-texniki bazası pilot layihəni tətbiq etməyə imkan verir. Müəyyən xarakterik məsələlər var ki, onlar da layihənin tətbiqi zamanı nəzərə alınmalıdır. İcbari tibbi sığortaya cəlb olunacaq insanların sayı, işləyən əhalinin işləməyən əhaliyə nisbəti, rayonlarda insanların xəstələnmə tezlikləri, uşaqların və yaxud qocaların bir-birinə nisbəti və digər amillər nəzərə alınacaq və ona uyğun rayon seçiləcək”.

M.Quliyev bildirib ki, icbari tibbi sığorta tədricən tətbiq olunmaldır və layihənin birdən-birə bütün ölkə ərazisində təbiq olunması doğru deyil: “Dünya təcrübəsində belədir ki, icbari tibbi sığortaya keçid mexanizmi 4-5 il ərzində tam oturuşmuş olur. Azərbaycanda artıq iki ildir ki, agentlik yaradılıb və fəaliyyətə başlayıb. 2019-cu ildən ölkə ərazisində icbari tibbi sığortaya keçə bilərik”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Səhiyyə   Sığorta  





Xəbər lenti