Mətbuat Şurasında jurnalistlərlə görüş keçirilib

  02 Dekabr 2017    Oxunub : 591
Mətbuat Şurasında jurnalistlərlə görüş keçirilib

Mətbuat Şurasında Dünya Gənc Türk Yazarlar Birliyinin Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Bakıdan türk dünyasına” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan bir qrup yazıçı və jurnalistlə görüş keçirilib.

Şuradan AzVision.az-a verilən məlumata görə, Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan, Rusiyanın Saxa-Yakutiya, Tatarıstan bölgələrindən təşrif buyurmuş qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov onlara rərhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.

O bildirib ki, Şura indiyədək türk dünyasının media qurumlarının, eləcə də ayrı-ayrı jurnalistlərin, yaradıcılıq adamlarının bir-birilə sıx təmaslar qurması üçün çoxsaylı tədbirlər reallaşdırıb. Bu və digər təşkilatların xətti ilə gerçəkləşdirilmiş təəşəbbüslər də səmərəli nəticələr verib. Artıq türk dünyasının sənət adamları arasında möhkəm əməkdaşlıq var. Bu isə ortaq dəyərlərimizin təkcə yaşadığımız arealda yayılması deyil, eləcə də bütövlükdə dünyaya türk mədəni varlığının çatdırılması baxımından son dərəcə önəmlidir.

Ə.Amaşov həmçinin nümayəndə heyətinin rəhbəri Tatarıstan Yazıçılar Birliyinin rəhbəri, əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı-dramaturq Danil Salihə xatirə hədiyyəsini təqdim edib.

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı qonaqları təqdim edərək onların səfərinin məqsəd və məramını açıqlayıb. Bildirib ki, rəhbərlik etdiyi təşkilatın reallaşdırdığı layihə türk dünyasında ədəbi-mədəni əlaqələrin inkişafını hədəf seçib. O, qonaqların rəsmi şəxslərlə, millət vəkilləri ilə, şair və yazıçılarla, QHT və KİV rəhbərləri ilə görüşlərinin nəzərdə tutulduğunu bildirib, ilk görüşün Azərbaycan Mətbuat Şurasından başlanmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Tatarıstan Yazıçılar Birliyinin başqanı, əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı-dramaturq Danil Salih, Qazaxıstanın əməkdar mədəniyyət işçisi, tanınmış şair Almas Ahmetbekoğlu, Qazaxıstan Dövlət Elmi Kitabxanasının direktor müavini Dauletkerey Kapoğlu, Ə.Yasəvi adına Türk-Qazax Universitetinin əməkdaşı, şair-tərcüməçi dr.Gülnaz Faizulla, “Yeni qazax şeiri antologiyası”nın tərtibçiləri Tanagöz Tolkınqızı, Dauren Berikkajıoğlu və Qazaxıstanın müxtəlif ədəbi ödülləri ilə təltif olunmuş daha 13 şair-publisisti, habelə Saxa (Yakutiya) Yazıçılar Birliyi Gənc Şairlər Bölümünün başçısı, şair-tərcüməçi Qavril Andros, yenə Saxa (Yakutiya) Respublikasından Rüstəm Kazhenkin, Türkiyədəki “DünyaDER” ədəbi qurumunun təmsilçisi, gənc şair Özgür Bacaksız, Qırğız Respublikasının gənc şairi Bekbolat Sarıbay, Özbəkistan şair-tərcüməçilərini təmsil edən Şoxista Artukova (Kamranlı), Təbriz gənc şairlərinin nümayəndəsi Ümid Nəccari və başqaları çıxışlarında ortaq türk mədəni-mənəvi yaxınlığının müxtəlif aspektlərindən söz açaraq qarşılıqlı səfərlərin birgə əməkdaşlığın daha da güclənməsinə əhəmiyyətli təsir göstərəcəyini vurğulayıblar.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvləri - “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayıl, həmçinin “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Türküstan” qəzetinin baş redkatoru Aqil Camal və başqaları çıxışlarında bildiriblər ki, türk dünya xalqlarının bir-birinə daha sıx şəkildə konsolidasiyası günün qlobal tələbidir. Prosesdə isə siyasətçilərdən də çox sənət və yaradıcılıq adamlarının böyük rolu var. Onlar bu baxımdan səfərin əhəmiyyətli tərəfləri ilə bağlı fikirlərini ifadə ediblər.

AzVision.az

Teqlər: Mətbuat-Şurası