Elçin Qəmbərov: “Leyla Yunus bir milyondan çox vəsaiti mənimsəyib”

  08 Dekabr 2017    Oxunub : 1140
Elçin Qəmbərov: “Leyla Yunus bir milyondan çox vəsaiti mənimsəyib”

“Təxminən 1 il 6 aya yaxın müddətdə hüquqlarını müdafiə etdiyim Leyla Yunusun ermənipərəst və anti-Azərbaycan qüvvələrinin əlində alət olaraq Azərbaycan dövlətinin imicinə, müstəqilliyinə zərbə vurmaqala məşğul olmasının canlı şahidi olmuşam".

AzVision.az-ın məlumatına görə, bunu Leyla Yunusun məhbəs həyatı barəsində “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitabın müəllifi, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Qəmbərov deyib.

E.Qəmbərov bildirib ki, Leyla Yunusu müdafiə etdiyi 1 il 6 ay ərzində həftədə 3 dəfə Kürdəxanıya həbsxanaya gedib: “Bütün günüm ona həsr olunurdu. Canımı onun işinə qoydum. Leyla Yunus xaricə gedəndən sonra eşidirdim ki, guya mənim hökumətə işlədiyim yönündə təbliğat aparır. Buna görə də mən də ona qarşı mübarizəyə başladım. Bu, mənim şəxsi məsələmdir. Hakimiyyət vəkillə müştəri arasında olan işin incəliklərini bilə bilməzdi. Kitabda Leyla Yunusun Azərbaycanda yaşadığı dövrdə, "Sülh və Demokratiya İnstiutu" adı altında dəfələrlə Ermənistana səfər edərək, orada Azərbaycan əleyhinə müxtəlif görüşlər keçirməsinin mahiyyəti öz əksini tapıb.

"Hər şey tamah, mənfəət naminə" prinsipi ilə işləyən Leyla Yunusun törətdiyi çirkin əməllər təkzibedilməz faktlarla, konkret sənədlər və əyani sübutlarla ictimaiyyətə təqdim edilir. Leyla Yunusun hakimiyyətin onu həbsdən azad etməyəcəyi təqdirdə ATƏT-in Minsk Qrupunun Ermənistanı dəstəkləməyə çağırışı, onun siyasi mənfəət naminə düşmənə dəstək verməsi təsadüfi deyil.

1991-ci ildə Dağlıq Qarabağda qanunsuz silahlı erməni birləşmələrinə qarşı keçirilən "Çaykənd əməliyyatı" zamanı AXC İdarə Heyətinin üzvlərinin, o cümlədən Leyla Yunusun beynəlxalq ictimaiyyətə ünvanlanmış Azərbaycanın Dağlıq Qarabağda ermənilərin etnik təmizləmə istiqamətində fəaliyyətini dayandırmağa çağırışları, eləcə də Azərbaycan Silahlı Qüvvələri tərəfindən guya dinc erməni əhalisinə qarşı vəhşiliklər törədildiyi barədə ittihamlar səsləndirməsi onun şəxsi maraqları, ambisiyaları naminə hər şeyi qurban verməyə hazır olması Qərb qeyri-hökumət təşkilatlarını maraqlandırmaya bilməzdi".

Müəllim vurğulayıb ki, kitabda Leyla Yunusun hüquq müdafiəçisi adı altında rəhbərlik etdiyi təşkilatın bank hesabına məhz həmin QHT-lərin, o cümlədən Demokratiya Yardım Milli Fondu, Marşal Fondu və digər donor təşkilatlardan köçürülmüş 1 milyondan artıq vəsaitin böyük hissəsinin qanunsuz yollarla mənimsəyərək dövlət əleyhinə istifadə etməsi heç kəsə sirr deyil:

"Bu insanın amalı ancaq pul olub. Qərb fondlarına 5-10 min qrant üçün müraciət edəndə çoxlu sayda problemlər ortaya çıxır, ən yaxşı halda 10 layihədən birini dəstəkləyirlər. Ancaq Leyla Yunusun bütün təşəbbüsləri dəstəklənib. Niyə? Axı o pullar Qərb dövlətlərinin vətənddaşlarının vergilərindən toplanmış pullardır! Leyla Yunus deyirdi ki, o, aldığı qrantlardan rüşvət verib. Həmin qərb dövlətlərinin maliyyə monitorinq xidmətləri hara baxır? O dövlətlərin maliyyə monitorinq xidmətləri bu məsələləri araşdırsa, mən bu işimin daha uğurlu olduğuna əmin olacağam. Bu kitabın Qərb ölkələrində də dərcini vacib sayıram. Kitabda mən onun şəxsi həyatına toxunmamışam. Vəkillik fəaliyyəti həmin şəxsin müdafiəsi başa çatan zaman yekunlaşır. Dünyada bir çox vəkillər memuarlar yazıblar. Digər tərəfdən vəkillik etikasını hər bir şəxs qarşısında saxlamaq olar, ancaq Leyla Yunus qarşısında yox".

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Leyla-Yunus