Mübariz Qurbanlı “The Jerusalem Post”-a müsahibə verib

  19 Yanvar 2018    Oxunub : 665
Mübariz Qurbanlı “The Jerusalem Post”-a müsahibə verib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının İsrailin nüfuzlu “The Jerusalem Post” qəzetində “İslam Həmrəyliyi İli”nin yekunlarına dair müsahibəsi dərc edilib.
AzVision.az xəbər verir ki, müsahibədə bеynəlхаlq tеrrоrizmin, sеpаrаtizmin, dini еkstrеmizmin, milli, etnik və dini münaqişələrin baş verdiyi müasir dövrdə dünyada təhlükəsizliyi, insanların sülh içində yaşamasını təmin etmək məqsədilə tolerant və multikultural dəyərlərin təbliğ edilməsi, dinlər, mədəniyyətlər, siyasi sistemlər arasında əməkdaşlığın qurulması istiqamətində Azərbaycan Respublikasında görülən işlərdən bəhs olunub. Qeyd edilib ki, 2016-cı ilin ölkəmizdə "Multikulturalizm İli", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilməsi böyük ictimai-siyasi əhəmiyyət daşıyır və o, təkcə müsəlman dünyasına deyil, eyni zamanda bəşəriyyət üçün həmrəylik çağırışıdır.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıİslam Həmrəyliyi İli” çərçivəsində DQİDK tərəfindən görülən çoxşaxəli işlər haqqında danışıb. Ötən il Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda 40-a yaxın ölkədən 150-dək nümayəndənin, o cümlədən tanınmış dövlət, din və elm xadimlərinin, beynəlxalq təşkilatın rəhbərlərinin və təmsilçilərinin, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələrinin, dini konfessiya rəhbərlərinin, hökumət və parlament üzvlərinin, diplomatik korpus və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş beynəlxalq konfransın nəticələrindən bəhs edən müsahib paytaxtımızın son illər bu sahədə beyin mərkəzinə çevrildiyini vurğulayıb.
M.Qurbanlı onu da bildirib ki, ötən il Dövlət Komitəsi tərəfindən maarifləndirici xarakterli 80 müxtəlif adda dini təyinatlı ədəbiyyat nəşr edilib, dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı mübarizə mahiyyəti daşıyan “Şəhadət” filmi geniş auditoriyaya nümayiş etdirilib. 2018-ci ildə isə “Üfüqdəki gələcək” və “Vəhdət” adlı sənədli filmlər hazırlanaraq təqdim olunacaqdır.

Prezident İlham Əliyevin Fərmanı ilə DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması milli-mənəvi dəyərlərimizin və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində atılan böyük addım olduğunu diqqətə çatdıran M.Qurbanlı Fondun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, islami dəyərlərin ən yüksək səviyyədə yaşandığı ölkəmizdə yüzilliklərdən bəri müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşaması, dinindən, məzhəbindən, dilindən, irqi mənsubiyyətindən asılı olmayaraq burada məskunlaşmış insanların öz milli-mənəvi dəyərlərini, dini ayinlərini, adətlərini, bayramlarını sərbəst şəkildə icra etməsi, fərqli mədəniyyətlər arasında heç bir münaqişə baş verməməsi və s. bu kimi faktlar mədəni və dini müxtəlifliyin Azərbaycanın xəzinəsi olduğunu fəxrlə deməyimiz üçün əyani sübutlardır.

Müsahibənin tam mətni ilə aşağıdakı linkə daxil olaraq oxuya bilərsiniz:

https://azvision.az/redirect.php?url=http://www.jpost.com/Blogs/Gurbanov-Rafi/MrMubariz-GurbanliCultural-and-religious-diversity-is-our-asset-537100

AzVision.az

Teqlər: Mübariz-Qurbanlı