“Azərbaycan-Türkiyə dostluğu dünyaya nümunədir” - Prezident (Yenilənib)

“Azərbaycan-Türkiyə dostluğu dünyaya nümunədir” - Prezident (Yenilənib)
  01 Fevral 2018    Oxunub:3550
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az xəbər verir ki, ölkələrimizin sosial müdafiə sahəsində iş birliyinin razılıq doğurduğunu deyən Prezident İlham Əliyev bu sahədə təcrübə mübadiləsinin, birgə proqramların həyata keçirilməsinin zəruriliyini qeyd etdi. Ümumilikdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin çox uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimizin daim bir-birinin yanında olduğunu və bir-birini dəstəklədiyini dedi, münasibətlərimizin dünya miqyasında nümunəvi xarakter daşıdığını məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Xanım Jülide Sarıeroğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, bu vəzifədə fəaliyyətə başladıqdan sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu ifadə etdi. Nazir Türkiyə ilə Azərbaycanın daim bir-birinin yanında olmasını və ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq sosial müdafiə sahəsində də əlaqələrimizin dərinləşdirilməsinin vacibliyini qeyd etdi.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Sonda xatirə şəkli çəkdirildi.



AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Türkiyə   Nazir   Qəbul  





Xəbər lenti