78 yaşlı Canəli Əkbərov: “Qarşımda rəqs edirlər...”

78 yaşlı Canəli Əkbərov: “Qarşımda rəqs edirlər...”
  10 Mart 2018    Oxunub:7133
Bu gün tanınmış xanəndə, xalq artisti Canəli Əkbərovun doğum günüdür.
78 yaşı tamam olan C. Əkbərov doğum günü təəssüratlarını AzVision.az-a bölüşüb. Yaşının üstünə yaş gəlsə də, özünü gümrah hiss edən xalq artisti doğum gününü ailəsi ilə birlikdə qeyd edəcəyini deyib.

“Ad günümü təbrik etmək üçün nəvələrim, nəticələrim evimizə yığışır. 14 nəvəm, 14 nəticəm var. Hamısı bir yerə toplaşanda bir toyun adamı olur. Onlar ad günümü təbrik edərək məni qucaqlayıb öpürlər, şeirlər qoşurlar, qarşımda rəqs edirlər. Xanımım da ad günümü süfrə açaraq təbrik edir. Süfrəmizdə cücə və badımcan ləvəngisi, çığırtma plov, nə istəsən hamısı olacaq. Ad günümü həmişə təmtaraqlı keçirirəm. İnsanları başıma yığmaqdan xoşum gəlir. Ancaq hədiyyə aşiqi deyiləm. Mən səmimiyyət, qayğı və gözəl söz aşiqiyəm.



Dünən Mədəniyyət və İncəsənət Universitetinin kollektivi evimə gəlib, məni təbrik etdilər. Qəşəng süfrə açdıq, yeyib içdik ,söhbət etdik. Fəxr edirəm ki, 78 yaşı kişi kimi yola verdim. Böyük sənətkarlarla işlədim, ilham aldım. Ədəb-ərkanlı işləməyim, tələbələrimlə səmimiyyət qurmağım mənim üçün var- dövlətdir. 78-dən arxaya boylananda görürəm ki, bütün illər mənə əzizdir. Hər ilin dadı, uğuru olub” - Xalq artisti əməkdaşımızla söhbətində bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Xalq-artisti   Canəli-Əkbərov  





Xəbər lenti