Bakıda 5 ayda 159 nəfər sığınacağa yerləşdirilib

Bakıda 5 ayda 159 nəfər sığınacağa yerləşdirilib
  31 Mart 2018    Oxunub:1559
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə 5 aya yaxın müddət ərzində 159 nəfər qəbul olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev AzVision.az-a bildirib ki, yaş səviyyələrinə uyğun olaraq, onlardan 93 nəfəri yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağa, 66 nəfəri baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacağa və və Reabilitasiya Müəssisəsinə qəbul olunub.

"Onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada stasionar şəraitdə sosial-məişət və sosial-hüquqi xidmətlərlə təmin ediliblər. Hazırda bu müəssisələrdə 43 nəfərə (o cümlədən 18 yaşdan yuxarı 24 nəfərə, yetkinlik yaşına çatmamış 19 nəfərə) sosial xidmətlər davam etdirilir. Sığınacaqlara adlarından da göründüyü kimi, yaşayış yeri olmayan 18 yaşdan yuxarı olan vətəndaşların, habelə baxımsız, kimsəsiz, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların qəbulu həyata keçirilir".

E. Babayev qeyd edib ki, həmin insanlar sosial sığınacaqlara yerləşdirildikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində sosial xidmətlə təmin edilirlər: "Bu xidmətlərin göstərilməsi üçün hər iki müəssisədə yüksək standartlara cavab verən şərait var. Onlarda qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, kompüter və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir. Əsas məqsəd həmin insanların normal həyat tərzinə qayıdışı, sosial adapatasiyasıdır və bu məqsədlə sosial sığınacaqlara qəbul edilmiş insanların sosial reabilitasiyası işləri də aparılır.

Məsələn, sosial sığınacağa qəbul edilmiş yaşayış yeri olmayan 18 yaşdan yuxarı olan vətəndaşların Sosial Sığınacağı tərk edərkən onların məşğulluğuna köməklik göstərilməsi məqsədilə nazirliyin məşğulluq orqanları ilə birgə müvafiq tədbirlər görülür. Yaxud baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaqda uşaqların sosial, psixoloji, hüquqi vəziyyəti qiymətləndirilərək, nəticəsinə uyğun tədbirlər həyata keçirilir. Həmçinin Sosial Sığınacaqdan sonrakı dövrdə daimi yaşayış yeri ilə təmin olunmaları üçün valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi yönündə müvafiq işlər görülür".

Aytən Zəhra
AzVision.az


Teqlər: ƏƏSMN   Sığınacaq  





Xəbər lenti