Cocuq Mərcanlı sakinləri İlham Əliyevə səs verəcək

  06 Aprel 2018    Oxunub : 646
Cocuq Mərcanlı sakinləri İlham Əliyevə səs verəcək
Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilib.
AzVision.az xəbər verir ki, öncə tədbir iştirakçıları 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan əsgər və zabitlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının Sədri, cənab İlham Əliyevin bu seçkilərdə alternativsiz lider olduğunu diqqətə çatdırıb: "Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan bütün sahələr üzrə inkişaf mərhələsinə qədəm qoyub. Qaçqın və məcburi köçkünlərin əsas fikri-düşüncəsi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əsaslı dönüş yaranıb, Azərbaycanın üstünlüyü artıq işğalçı ölkə tərəfindən də etiraf edilir. Məhz Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində dünya ictimaiyyəti Azərbaycanın bu haqq işinə dəstək verir. Bu işdə xalqımız Prezidentə, Ali Baş Komandanına hər zaman dəstək verib".

Çıxış edən millət vəkili Astan Şahverdiyev də prezident seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən Cocuq Mərcanlı sakinlərinin də səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayıb: "Prezident İlham Əliyevin apardığı siyasət rifaha, sosial inkişafa istiqamətlənib. Qaçqın və məcburi köçkünlərin həyatında edilən mühüm yeniliklər, yardımlar, qəbul olunmuş Dövlət proqramları bir daha sübut edir ki, Prezident İlham Əliyevin hədəfi yalnız və yalnız inkişafdır".

Tədbirdə çıxış edən Cocuq Mərcanlı kənd sakini 1-ci dərəcəli "Əmək" ordenli Oqtay Həziyev, rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov və başqaları Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin uğurlarından bəhs açıblar. Qeyd edilib ki, aprelin 11-də keçiriləcək seçkilərdə Cocuq Mərcanlı seçicilərinin seçimi Prezident İlham Əliyev olacaq!

AzVision.az

Teqlər: İlham-Əliyev   Seçki   Cocuq-Mərcanlı