Brusellyoza qarşı kütləvi peyvəndləmə aparılır

Brusellyoza qarşı kütləvi peyvəndləmə aparılır
  25 May 2018    Oxunub:1453
2018-ci ilin yanvar ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iri və xırdabuynuzlu heyvanların brusellyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirlərinə start verilib.
Nazirlikdən AzVision.az-a verilən xəbərə görə, 2018-ci ilin 4 ayı ərzində bruselyoz xəstəliyinə qarşı 123755 baş xırdabuynuzlu heyvanda “Rev-1” vaksini ilə, 56895 baş iribuynuzlu heyvanda “S-19” vaksini ilə peyvəndləmə işləri aparılıb. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 2018-ci ilin 4 ayı ərzində 457657 baş iribuynuzlu, 24259 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti(DBNX) 2016-cı ilin may ayından ölkə üzrə xırdabuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı kütləvi peyvəndləmə tədbirinə başlayıb. Heyvanlar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST-OİE və ya BEB) tövsiyələrinə əsasən, dünya praktikasında istifadə olunan "Rev-1" göz damcısı vaksini ilə peyvənd olunur. Vaksin yalnız 3-8 aylıq dişi cavanlara və boğaz olmayan yaşlı ana qoyun və şişəklərə tətbiq olunur.

2017-ci ilin iyul ayından başlayaraq Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ölkə ərazisində iribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləməsinə start verilib.

Peyvəndləmə “S-19 “ ştammı ilə aparılır. Bu peyvənd vasitəsi iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyini törədən “Brusella abortusa” qarşı immunitet yaradır.

Peyvəndləmə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sahə baytar həkimləri tərəfindən göz-damcı üsulu ilə 3-8 aylıq dişi danalar arasında aparılır. Ştamm “S-19” peyvənd vasitəsinin iribuynuzlu heyvanlarda rast gələn “Brusella mellitenzisə” də qarşı əsasən uzunmüddətli immunitet yaradır.

AzVision.az


Teqlər: KTN  





Xəbər lenti