İranlı kapitanın köməkçisi narkotiklə tutuldu

Baxış zamanı, gəmi kapitanının baş köməkçisi işlədiyi bildirilən İran vətəndaşı Eshrati Seyed Alireza Seyed Yadollah oğluna məxsus kabinədə, masanın üstündə gömrük nəzarətinə bəyan edilməmiş, üzərində "Aluminium/Magnesium/Simethicone" yazısı olan şüşə qabda 30 ml həcmində və üzərində heç bir yazı olmayan plastik qabda 245 ml həcmində tiryək məhlulu, üzərində farsca yazı olan plastik qutuda isə 1 ədəd metadon və 2 ədəd tramadol tərkibli həblər aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən tiryək məhlulu kustar üsulla hazırlanıb və həmin məhlulda tiryəkin quru maddəsinin ümumi təmiz çəkisi 5,665 qram təşkil edir.
Aşkar edilən 1 ədəd həbin ⅟4 hissəsinin metadon, 2 ədəd həbin hər birinin ⅟2 hissəsinin tramadol tərkibli dərman preparatı olduğu müəyyən edilib. Bir ədəd həbdə metadonun təsiredici maddəsinin miqdarı 0,01 qr, iki ədəd həbdə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 0,1 qr təşkil edir.
Xatırladaq ki, metadon "Ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na, tramadol isə "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.Faktla bağlı araşdırma aparılır.
AzVision.az