Qadın paltarına qarşı kəlbətin - Murad Köhnəqala yazır

Qadın paltarına qarşı kəlbətin - Murad Köhnəqala yazır
  21 İyun 2018    Oxunub:8089
Murad Köhnəqala
AzVision.az üçün

Neynim? Belə söhbəti kişilərin heç biri dilinə gətirmək istəmir, məcburam hamısını mən danışım. Vay o günə ki, həyat yoldaşınla şəhərə gəzməyə çıxasan, yaxud harasa qonaq gedəsi olasan. Sən, dərhal dızırıt-vızırıt üzünü qırxıb hazır olacaqsan. Sonra gözləyəcəksən ki, xanımın da hazırlaşsın.
Biraz evdə oturub gözləyəcəksən. Yoldaşın hazırlaşmağa başlayacaq. Gözləyəcəksən. “Sən hazırlaşırsan?” Onu tələsdirmək mənasında soruşacaqsan. Cavab gəlməyəcək. Gözləməkdən bezməmək üçün söndürdüyün noutbuku təzədən açacaqsan. Feysbuka girib yalandan eşələnəcəksən.

Bir saat da belə keçəcək. Gözləməkdən usanacaqsan. Arxaya qanrılıb havaya yenə bir sual tullayacaqsan: “Sən hazırsan?” Cavab gəlməyəcək. Demək, iş hələ heç yarı olmayıb. Notbuku söndürüb, televizoru açacaqsan. Reklamlar! Düşünəcəksən, gör, insan nə qədər darıxmalıdır ki, yerli televiziyalara baxsın! Tezcə bezib, televizoru da söndürəcəksən.

“Xanım, sizə geniş müraciət etmək olar?” Evin hansısa dərinliyindən yoldaşınızın səsi gələcək: “Ihı!” “Siz hazırsınız, yoxsa hələ hazırlaşmağa hazırlaşırsız?” Həmin dərinlikdən incik bir səs gələcək: “Yaxşı daa, noolub ee, hazırlaşıram daa!”

Əlavə vaxt itkisinə səbəb olacaq mübahisə baş verməsin deyə, vəziyəti tezcə malalayacaqsan: “Heç nə-heç nə! Hazırlaş, gözləyirəm!”

Özgə neyləmək olar? Hə, çıxım bir siqaret çəkim. Onsuz da xanım hələ uzun hazırlaşacaq. Yaxşısı budu, siqaretimi düşüb, küçədə çəkim. Aşağı düşmüşkən mağazadan nə ala bilərəm? Əşi, heç nə! Siqaretini çək, qayıt gəl evə, tələsdir onu, camaat sizi gözləyir, axı.

Camaat demiş, indi gedəcəyik ki, hamı çoxdan gəlib oturub adam balası kimi, təkcə biz gecikmişik məclisə. Sual olunur: bəs, oradakı xanımlar niyə gecikməyiblər, olmaya, onlar dünəndən bəzənməyə başlayıblar? Yazıqlar yəqin, heç gecəni yatmayıblar.

Nə isə, siqaretini çəkib geri qayıdırsan. Fen səsi gələn tərəfə qışqırırsan: “Gedək?” Cavab yoxdur. Fenin susmağını gözləyirsən. Sakitlik yaranan kimi, vəziyətdən halı olmaq istəyirsən. Həm də elə bir sual tonu seçmək lazımdır ki, araya dava düşməsin. Ancaq necə? Hə, ironiyaya keçməyin zamanıdır. “Xanım, sizdə fendən sonra nə gəlir? Suvaq işləri, qırlama, yoxsa aboy?” “Ha-ha-ha! Qırrıya-qırrıya gedirik dəə, görək axırı necə olacaq!”

Sevinirsən, nə yaxşı, heç olmasa ironiyanı başa düşdü, incimədi. Əslində, həmişə belə davranmaq lazımdır ki, evdə ziddiyət olmasın.

Bir dəfə yoldaşım özünə don almaq istəyirdi, çox da bahalısını almaması üçün mən də onunla mağazaya gedəsi oldum. Bir neçə don götürüb paltardəyişmə otağına keçdi. Donların birini geyinib, birini soyunurdu. Hər dəfəsində də qarşımda fırlanıb, mənə gənəşirdi: necədir? Sonra fikrini dəyişdi. Dedi, bəlkə yubka-kofta alaq? Dedim, mən artıq səni gözləyərkən burada “Hərb və sülh”ü oxuyub bitirdim. Dedi, narahat olma, indi Süleyman Rəhimovun “Şamo”suna başla, uzağı əsərin ortalarında özümü çatdıracağam. Dedim, yaxşı. Yadımdadır, o gün mən “Şamo”nun axırına çıxhaçıxda xanım özünə bir dənə don seçə bilmişdi.

Yoldaşımın bu hərəkətlərindən çox yığmışdım. Bir gün bütün bunların heyfini çıxmaq məqsədilə onu dəmir-dümür mağazasına apardım. Mağazada bir stol tapıb dedim, sən burda otur, beşcə dəqiqəyə lazım olan şeyləri alım, gedək.

Xanım oturub əlinə keçən bir rəngli jurnalı vərəqləyirdi. Mən bolt-qaykadan başladım. Satıcıdan soruşuram: “Bağışlayın, bu başlıqların ölçüsü neçədi?” Satıcı da həvəslə: “On ikidi” - deyir. “Bəs, bunların fiqurnu başlıqlı olanı varmı?” “Əlbəttə, buyurun!”

Mən satıcının verdiyi bolt-qaykanı gətirib yoldaşıma göstərirəm. “Necədir? Otvyorka ilə burulan yaxşıdır, yoxsa açarla?” Yoldaşım əvvəlcə heç nə anlamır: “Mənə niyə göstərirsən, hansı yaxşıdı özün seç” - deyir.
Təzədən satıcının yanına qayıdıram: “Bundan dörd dənə bük!”

Sonra otvyorkalara keçirəm. “Bunların çoxrazmerliləri olur ee, onnan varmı?” Deyir, var. Gətirib başlıqları dəyişən bir otvyorka verir. Mən otvyorkanı alıb, tez yoldaşımın yanına qaçıram. “Gör, nə tapdım ee! Necədir? Bax gör, qoluma yaraşırmı? Dayan, bir dənə belə burum. Rəngimə düşür?”

Rəngimə düşürmü söhbətində yoldaşım məni göydə tutur. Öz paltarları, gözləntiləri ilə məni necə boğaza yığdığını anlatmaq istədiyimi yaxşıca anlayır.

Baxıram, satıcı bədbəxt hələ də çaş-baş qalıb. Kəlbətinlərə keçirəm. “Əmioğlu, bunun böyür tərəfində mismar kəsən yeri olanı da olmalıdır, onnan varmı?” Satıcı sevinmiş halda qırmızı saplı mükəmməl bir kəlbətin uzadır mənə. Bir neçə kəlbətin götürüb, təzədən yoldaşımın yanına qaçıram: “Əzzim, gör, bu necədir? Tok keçirmir haa bunlar! Bəlkə yaşıl rənglisini götürək, hə?”
Yoldaşım söhbəti anlamağına işarə eləyir: “Hə, yaşıl yaxşıdı, evdəki köynəyinlə podsvet olacaq”.

Satıcı gözaltı bizim axmaqlığımıza baxıb başını bulayır.

Təzədən taxçadakı mişarların yanına qayıdıram. Əlimdə balaca bir mişar, yoldaşım tərəfə səslənirəm: “Bu, necədi? Məncə, balacadır, hə?”

Yoldaşım başını jurnaldan qaldırmadan səbirsiz şəkildə: “Yaxşıdır-yaxşıdır, onu da al, gedək”- deyə mızıldanır.

Xanımı bezdirə bildiyimə görə ürəyimdə sevinib, yenidən ona tərəf səslənirəm: “Sən nə danışırsan, hələ mən özümçün şpaklevka malası, kraska, şrup, mismar, çəkic, əlcək, laqonda, drel, fırça seçəcəyəm. Bəs, bu mişar necədir? Məncə, bu daha yaxşıdı, hay? Böyük daha yaxşı kəsər, ğığı-ğığı-ğığı! Bunu da götürürəm! Əmoğlu, ordan bir dənə yaxşı drel təşkil elə dəə, mənə!”

Hiss eləyirəm ki, artıq yoldaşım bezib. Yoox, onu əsəbləşdirib burada qışqırtmamış əl çəkən deyiləm!

“Əzzim, mənim işim çoxdu burada, bəlkə sən evə gedəsən?” Bilirəm ki, öldür, evə tək gedən deyil. “Yaxşı daa, başa düşdüm, dur gedək evə!” Ahaa, artıq onun səbri tükənir. Biraz da bərk dursam, qışqıracaq.

Üzümü satıcıya tuturam: “Əmoğlu, bu şifer mismarlarınız da əladı haa! Ondan beş kilo çək dəə! Yağın içindədi ee!”

Bu yerdə yoldaşım şaqqanaq çəkib gülür: “Sən məni əsəbləşdirmək istəyirsən, qəti alınmayacaq!”

Neynəmək olar? Taleyimlə barımalıyam. Yığdığım bir torba lazımsız dəmir-dümürün pulunu verib, mağazadan çıxıram. Fikirləşirəm, hər şey bir yana, bu beş kilo şifer mismarını neyniyəcəm mən?



Teqlər:





Xəbər lenti