Futbolda Həci pivəsi - Murad Köhnəqala yazır

Futbolda Həci pivəsi - Murad Köhnəqala yazır
  28 İyun 2018    Oxunub:6086
Murad Köhnəqala
AzVision.az üçün

Məni tanıyanlar yaxşı bilir, heç vaxt futbola azarkeşlik eləyən deyiləm. Futbol oyunlarını həyacanla gözləyən, sonra oturub matçları müzakirə, oyunçuları müqayisə eləyən adamlara həsəd aparmışam.
Bir dəfə içki məclisində yenə futboldan söhbət getdi. Ağ qarğa kimi görünməmək üçün mən də mübahisələrə qoşuldum. Yanımdakıların danışdıqlarından bir-birinə calayaraq beynimdə bir şərh düzəldib söhbətə qarışdım. Onlar dərhal üstümə tökülüşüb bəyan etdiyim nitqimi didik-didik elədilər. Axırda özümü naşı kimi yox, başqa komandanın azarkeşi kimi sırıyıb, mübahisələrdən məğlub şəkildə qırağa çıxdım. Məğlub olsam da özümü azarkeş kimi göstərə bildiyimə sevinirdim.

İndi də dünya çempionatı! Hara gedirəmsə orada futboldan danışırlar. Messi döyər, yoxsa Ronaldo? Özlərinin min cür dərdi var, ancaq de görüm, Messi yaxşıdı, yoxsa Ronaldo? Hansını sevirsən, söylə, deyim sən kimsən.

Beləcə, isti yay günlərimi cansıxıcı keçirdiyimə görə həyat yoldaşım dedi, bilirəm, evdə darıxırsan, bəlkə dostlardan birini qonaq çağıraq? Sonra fikrini dəyişərək dedi, yox, qonaq çağırsaq gərək, geniş süfrə açaq, içki qoyaq, qorxuram sən də onlara qoşulub içəsən. Yaxşısı budur, biz qonaq gedək. Bu məqsədlə dostları birlikdə sadalayıb, nəzərdən keçirirdik. Yoldaşım bütün yaxın dostları beyninin təhlükəsizlik filtrindən keçirdərək, hacı Nazimgilə getməyi məsləhət bildi.

Nazimlə əvvəllər bir yerdə işləyirdik. Ona görə elə yeyib-içməyi də bir yerə salırdıq. Ya onlar ailəvi bizə gəlir, ya da biz onlara qonaq gedirdik. Hər dəfə də həyat yoldaşımız bizim sürəkli içməyimizdən narazılıq eləyir, baş-başa verib qeybətimizi qılır, skandal qaldırırdılar.

Sonralar iş yerimiz ayrıldığına görə Nazimlə görüşlərimiz seyrəldi. Son vaxtlar nadir hallarda görüşə bilirdik. Hərdən evə içkili gələndə yoldaşım məzəmmət edərək mənə dostum həci Nazimi nümunə gətirir.

Nazimin adı gələn kimi mən dərhal razılaşdım. Zəngləşib qonaq gəlməyimizi bildirəndə çox sevindilər. Hazırlaşıb bir taksi tutduq və düz Nazimgilə!

Görüşüb hal-əhval tutduqdan sonra Nazim sevinmiş dedi, yaxşı gəlmisiniz, bu gün İran Portuqaliya ilə oynayır, oturub bir yerdə baxarıq. Mən o qədər darıxmışdım ki, Nazimlə nəinki futbola baxmağa, türməyə getməyə də razılaşardım.

Bir az ümumi söhbətdən sonra yoldaşımla evin xanımı yan otağa keçdilər. Əlbəttə, onların da öz söhbəti vardı. Bizə nə lazımdı? Süfrə hazır, həci pivələri soyuducuda...

Nazim dedi, bilirəm içmirsən, sən də “həcisən”, bu pivələrdən iç, tamam spirtsizdir. Dedim, a kişi, spirtsiz içki içmək olar? Həm də içmək həvəsim olmadığını söyləyib Nazimi normal pivə üçün mağazaya getməkdən çəkindirdim.

Nəhayət, matç başladı! Portuqaliya futbolçuları qırmızı, İran futbolçuları isə ağ paltarda meydana çıxdılar. Nazim spirtsiz pivəni başına qaldırıb yerə qoyandan sonra saqqalına sulu bir sığal çəkib gözlərini ekrana dirədi. “Gör, bu saat bəradərlər neynəyəcək! Dağıdacaq ee, Portuqaliyanı, dağıdacaq!”

Düzü, mən heç istəmirəm, İran hardasa qalib gəlsin. Axı, müsəlman ölkələri adam asmaqdan, daşqalaqdan başqa dünyaya nə verib ki, üstəlik dünya çempionu da olsun? Zəhmət çəkib dünyəviləşsinlər, sonrasına baxarıq.

Şərhçi oyunçuların adını sadalayanda bildim ki, məşhur Ronaldo da oynayacaq, xeyli ürəkləndim və İrana azarkeşlik eləyən dostumun halına acıdım. O, mənim gözlərimdə öz ağası üçün canından keçməyə hazır olan qula bənzəyirdi. Neynəmək olar, manqurt hər yerdə manqurtdu.

Hə, oyun başladı! Başlayan kimi portuqalların İran qapısına hücumları güllə kimi yağırdı. Aradabir iranlılar da fürsət tapıb bu yana keçə bilirdilər. Nazim “Rezayan-Rezayan!” deyə qışqıranda arvad-uşaq yan otaqdan bizə boylandılar. Həci dostumun bu hərəkətindən xəcalət çəkirdim. Mənə elə gəlirdi Nazim ermənilərə balet eləyir. Ancaq Portuqaliya oyunçuları hər dəfə hücum eləyəndə qəlbim fərəhlə dolurdu. Aha, Pepe də burdaymış ki!
Nazim portuqalların hücumundan həyacanlanaraq tez-tez pivə içirdi. Birdən portuqallar yenidən hücuma keçib İrana bir qol nalladılar. Nazim acığından başını divara vururdu. Mən özümü qanıqara göstərsəm də ürəyimdə uçurdum və bunun davamını gözləyirdim.

Deyir, imam üçün ağlayanda hərdən yezid üçün də ağlamaq lazımdı. Düzdü, iranlılar da pis oynamırdı, ancaq onların babat oyununu görəndə qanım qaralırdı. Dostum isə dəli olmuşdu. Birdən ayağa durub dedi, dayan, mağazaya dəyib gəlirəm. Heç yarım dəqiqə keçməmiş qoltuğunda bir paket geri qayıtdı. Baxdım ki, dostum bu dəfə həqiqi pivə və bir dənə də viski alıb. Təzə aldıqlarını aşağıda gizlədərək dedi, mən vurmasam İran qalib gələ bilməyəcək. Onun bu jestinə çox sevindim, çünki artıq mən də içmək istəyirdim.

Televizorun hay-küyü altında viskini açıb özünə də, mənə də süzdü və: “Tez qaldır, qələbənin sağlığına!”- dedi. Təbii ki, mən Portuqaliyanın qələbəsi sağlığına içdim.

Topu İranın qapısına Ronaldo yox, Rikardo adlı oyunçu vurmuşdu. Nazim Rikardonu ekranda görən kimi, ana-bacı qalmırdı, söyüb batırırdı. O, “Hosseyn-Hosseyn!” deyib qışqıranda məni acı gülmək tuturdu.
Baa! Ronaldonu yıxdılar! Nazim dəli olub. Hər dəfə poqtuqallar oyun çıxaranda viskdən yüz-yüz gedirdik. Penalti! Nazim həyacandan rumkaları doldurdu. Ay daa! Ronaldo penalı vura bilmədi! Biabırçılıq! Nazim qanad açıb uçurdu. Durub ekranda İranın qapıçısını öpdü.

Dostum arvadları aldatmaq üçün stolun üstündə yalnız həci pivəsinin butulkalarını saxlamışdı. Oyunun gərgin yerində gah visk, gah da pivə içirdik. Son dəqiqələrdə, nəhayət ki, İran komandası rəqibin qapısından top keçirə bildi. Nazim sevincindən qışqırıb tullanaraq başını lyustra vururdu. Viskini sonuncu damlasına qədər badələrə süzüb “buna da bərəkət!” dedi və badəni başına qaldırdı.

Sonuncu qola görə qanım qaralsa da özümü o yerə qoymurdum. Rədd olsun bütün futbollar, ondan ötrü kefimi niyə pozmalıyam ki?

Gecə evə qayıdanda yoldaşım davranışımdan şübhələnərək soruşdu ki, nəsə, səndən içki iyi gəlir, olmaya yenə birləşib içdiniz? Gülüb dedim: “Sən nə danışırsan, həci içki içəndi? İkimiz də bütün futbol boyu həci pivəsi içmişik. Həci pivəsinin heç nəyi olmasa da, qəşəng ətri var”.



Teqlər: Futbol   Hacı-pivəsi  





Xəbər lenti