Şabran meşəsində yanğın söndürülüb - Yenilənib

Şabran meşəsində yanğın söndürülüb - Yenilənib
  01 İyul 2018    Oxunub:3103
İyulun 1-də saat 14 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə fondu ərazisində başlamış yanğın söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) AzVision.az-a verilən məlumata görə, yanğın Şabran meşəbəyliyinin Pirəbədil meşə sahəsinin 14 saylı meşə dolayının 3 hektara yaxın ərazisini əhatə edib. Yanğın nəticəsində quru ot örtüyü yanıb. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

ETSN vətəndaşlardan xahiş edir ki, yay mövsümündə təbiətdə olarkən odla ehtiyatlı davransınlar, yanğın təhlükəsizliyi normalarına riayət etsinlər.

***
(15:23)

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə torpağında quru ot örtüyündə başlamış yanğın sonradan Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin yol kənarındakı meşə sahəsinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin və FHN-nin Şabran rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.

ETSN təəssüflə bildirir ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində meşə zolağına od düşür, bəzən qarşısı alınmaz yanğınlar törənir. Nazirlik belə halların baş verməməsi üçün vətəndaşları havaların isti keçməsi ilə əlaqədar odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırır.

AzVision.az


Teqlər: ETSN   Şabran   Meşə   Yanğın  





Xəbər lenti