Gərgin həftənin ağır nəticələri - Murad Köhnəqala yazır

Gərgin həftənin ağır nəticələri - Murad Köhnəqala yazır
  10 İyul 2018    Oxunub:12960
Murad Köhnəqala
AzVision.az üçün

Ötən həftə kəsiyi çox ağır keçdi. Anomaliyaya yozulası istilər başlayandan müxtəlif problemlər ortaya çıxırdı. Ancaq həmin əngəlləri sol əlimizlə də başımızdan eləyə bilirdik. Adamlar bir-iki bakal pivədən sonra hər şeyi zarafata qatıb dözümlü olduqlarını bir daha nümayiş elətdirirdilər.
İstilərin əlindən hərə başını bir sərinə soxduğu yerdə gecə yarı bütün məmləkətboyu işıqlar söndü. Müvəqqəti panika... və hamı internetdən biraz da erkən ayrılıb yatdığına görə qaranlıqla razılaşdı. Səhər işıqların yanmadığını görüb təzədən panikaya düşdük. Sən demə, əsas işıq generatorumuz olan Mingəçevir SES-ində qəza olubmuş.

Nolajeydi! Əlinin altında şəxsi feysbuk səhifəsi olan adamlarımız, KİV-lərdən səs çıxana qədər, olayı hərə bir yana yozmağa girişdi. Biri dedi, Rusiyanın təxribatıdı, biri dedi, məmur səriştəsizliyindən cücərib, biri dedi, burda erməni barmağı var, bir başqası yazdı ki, bu, İranın əl işidi.

Baş beləcə şaiyələrə qarışdığı zaman, bir də baxdılar ki, işıqlar qismən bərpa olunsa da, paytaxtda, iri şəhərlərdə və rayonlarda su gəlmir. Bəs, su niyə gəlmir? Demə, qəza nəticəsində iri su anbarlarından şəhərə su vuran elektrik nasoslar sıradan çıxıbmış. Ancaq sular pərpa olunana qədər şaiyələrin yeni versiyaları cücərməyə başladı. Dedilər, yəqin ermənilər su anbarını da zəhərləyib. Niyə ermənilər? Cavab da bu idi ki, Milli Ordumuzun yaranmasının 100 illiyi münasibətilə ölkəmizdə düzənlənən hərbi paradın əzəmətini düşmən həzm edə bilməyib.

Bütün bu problemlərin içindəykən xalq ildırım sürəti ilə yayılan başqa bir xəbəri qarşılamalı oldu: Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə silahlı basqın olub! Terrorçu başçını güllələyərək, aradan çıxıb. Bu nədir ya, bu qədərmi buraxmaçılıq oldu? Günün ortalarına qədər məlum Gəncə xəbərinə də nisbətən aydınlıq gəldi. Demə, Rusiya vətəndaşı, əslən isə Gəncədən olan Yunis adlı birisi Gəncə İcra Hakimiyətinin binası qarşısında icra başçısına hücum edərək qəfil ona tapançadan atəş açmış, nəticədə Elmar Vəliyev və onun bir cangüdəni həyatını itirmişdi.

Səbəb nə imiş? Şayiələrin öz qanadlarında gətirdiyi məlumata görə Elmar Vəliyev Yunis adlı həmin şəxsin bacısı ilə təhqiramiz davranıbmış. Bakı şəhərinin əhalisi bu şaiyəni yenicə dövriyəyə buraxmışdı ki, təzə xəbərlər yayıldı. Məlum oldu ki, ölən yalnız cangüdəndir, İcra Başçısı isə yaralı vəziyətdə Bakıya gətirilib. Həm də Yunis Elmar Vəliyevi bacısına görə yox, başçının dinə olan sərt münasibətinə görə öldürmək istəyib.

Bütün bunlardan sonra özünü Yunisin həyat yoldaşı kimi qələmə verən bir dindar qadının audiosəs yazısı dövriyəyə buraxıldı. Həmin dindar qadının söylədiyinə görə Elmar Vəliyev Yunisin bacısını yox, Gəncə dindarlarını təhqir edibmiş. Qadının dediyinə görə, Elmar Vəliyev aşura günü Gəncədə şərab festivalı keçiribmiş. Yunis də imam Hüseyn aşiqi olduğuna görə, başçının bu işindən qəzəblənərək, bir gün Rusiyadan onu güllələməyə gəlib. Ölkədə nə qədər qorxulu zombinin yetişdirildiyi həmin audiosəsin altındakı şərhlərdən məlum oldu. Şərh yazanlar hansısa dini sektanın diktəsi ilə məmura silahlı basqın edən adamı alqışlayırdılar.

Beləcə, acı bağırsaq kimi uzanıb gedən şaiyələrin birində də deyilir ki, danışan qadın heç də Yunisin həyat yoldaşı deyil. Həmin audiosəsin altında yazılan kommentləri oxuyan hər kəs asanca anlayar ki, bu səsi təşkil edənlərin məqsədi, fürsətkən, ateistləri qorxu altında saxlamaqdı.

Sonra həmin qadın özünün video görüntüsünü paylaşaraq, həqiqətən də Yunisin arvadı olduğu təsdiq etdi.

Şəxsən mən həmin dindar qadının tətikçi Yunisin həyat yoldaşı olmasına elə əvvəldən əmin idim. Çünki, dindarların “Gəncə imam Hüseyn şəhəridi” iddiası ilə şəhəri özəlləşdirmələrini çoxdan eşitmişik. Canımçün, bir dəstə arxasız, sahibsiz adamlarıq, nə zamandır, təhlükəsizliyimizə heç bir qarantiya olmadan internetdə mücadilə aparırıq. Nə qədər yazmaq, təhdid olunmaq, söyülmək olar? Ölkə içində əcnəbi dövlətlərin maraqlarına qulluq edən dini qruplaşmaların fəaliyyətinin qarşısı ciddi alınmalıdır! Niyə onların paylaşdığı ziyanlı təbliğat vasitələri nəzarətə götürülmür? Nə ağılla, “dindaram” deyibən qara çadralara bürünən potensial terrorçu qadınları yoxlamadan ictimai yerlərə rahatca buraxırlar?

Bu da həmin qruplaşmaların yetişdirdiyi adamlardan biri! Bir zombi 1400 il bundan əqdəm ölmüş imam Hüseyn üstündə dövlət məmurunu güllələyir, o biri zombilər də həmin terroristi qəhrəman elan eləyir.

Məmura gəldikdə isə o, hüququn, ədalətin, haqqın təmsilçisi olmalıdı.



Teqlər: Gəncə   Yunis-Səfərov  





Xəbər lenti