Rəsmi Bakı Qriqoryanın cəzalandırılmasını tələb etdi

  11 İyul 2018    Oxunub : 2742
Rəsmi Bakı Qriqoryanın cəzalandırılmasını tələb etdi
"Beynəlxalq hüquq və BMT nizamnaməsinə görə, hərbi tribunalların təşkil edilməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmalıdır. Hələlik belə bir qətnamə yoxdur"
AzVision.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu qətnamələr və BMT nizamnaməsinin 7-ci fəslindən irəli gələrək dövlətlər üzərindən konkret öhdəliklər götürülməlidir:

"Ermənistan tərəfindən müharibə dövrlərində Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlər törədilməsinə baxmayaraq, hələ də BMT Təhlükəsizlik Şurası tərəfindən belə bir tribunalların təşkil edilməsi barədə qətnamələr qəbul edilməyib. Bu da məsələnin hüquqi müstəvidə hərbi tribunal səviyyəsinə çıxarılmasına mane olan amillərdən biridir. Azərbaycan məsələ ilə bağlı müxtəlif səviyyələrdə müzakirə və məsləhətləşmələr aparıb. İlk növbədə BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə bu qəbildən olan qətnamələr qəbul edilməlidir ki, xüsusi hallarda nəzərdə tutulan tribunallar təşkil edilsin. Ermənistan beynəlxalq məhkəmələrin yurististikasını qəbul etmir".

XİN rəsmisi qeyd edib ki, Ermənistan münaqişə dövründə Azərbaycana qarşı törətdiyi əməllərinə görə bir dövlət olaraq məsuliyyət daşımaqla bərabər Ermənistanın siyasi hərbi rəhbərliyində olan, bu əməllərin törədilməsində bilavasitə iştirak edən şəxslər də məsuliyyət daşıyırlar: "Bunun üçün Ermənistan özünün sivil davranışını nümayiş etdirərək bu şəxsləri cəzalandırmalıdır. Təəssüf ki, Ermənistan tərəfindən bu addımlar atılmır. Məsələn, Manvel Qriqoryan vaxtilə Ermənistanın müdafiə nazirinin müavini olub. FüzuliCəbrayıl istiqamətində gedən döyüşlərdə Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlərdə iştirak edib. 2014-cü ildə "Azadlıq" radiosunun Ermənistan bürosuna verdiyi müsahibəsində özü açıq şəkildə etiraf edib ki, 200-dən artıq mülki Azərbaycan vətəndaşını girov götürüb, onları öz şəxsi təsərrüfatında istifadə edib. İş o həddə çatıb ki, Ermənistan İnsan hüquqları təşkilatı tərəfindən hiddət və tənqidə məruz qaldığı halda o erməni olduğu ilə fəxr edib. Həmin şəxsə qarşı korrupsiya cinayəti ilə bağlı cinayət işi başlanıb. Əgər Ermənistan bu gün insan hüquqlarından dəm vurursa, bu kimi cinayətlərə də aydınlıq gətirməlidir" - deyə H.Hacıyev bildirib.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: XİN   Hikmət-Hacıyev