Naxçıvanda yeni avtobuslar istifadəyə verilib

Naxçıvanda yeni avtobuslar istifadəyə verilib
  13 İyul 2018    Oxunub:7927
Ötən gün Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 5 yeni avtobus təqdim olunub.
AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Qeyd olunub ki, hazırda 6 avtobus Naxçıvan-Bakı və Naxçıvan-İqdır istiqamətində, 56 avtobus isə Naxçıvan şəhərində 8 marşrut xətti üzrə fəaliyyət göstərir. Yeni alınan avtobuslar Naxçıvan şəhərində sərnişindaşıma xidmətinin səviyyəsini daha da artıracaqdır.



Hazırda muxtar respublikada 139 marşrut xəttində 400-ə yaxın avtobusla sərnişindaşıma xidməti həyata keçirilir.

Məlumat verilib ki, yeni alınan "KİNG-LONG XMQ 52" markalı 5 avtobusun hər biri 22-si oturacaq, 20-si ayaqüstü olmaqla 42 sərnişin yerlikdir. Şəhərdaxili yollarda hərəkət üçün xüsusi dizayn olunan avtobuslar mexaniki sürət qutusu ilə təchiz edilib. Dizel yanacağı ilə işləyən avtobusların mühərriki AVRO 4 standartına uyğundur.

Avtobusların geniş salonunda sərnişinlərin rahatlığı nəzərə alınmış, havalandırma yeri və 9 siyirməli şüşə, eləcə də 2 elektron məlumat tablosu quraşdırılıb.

AzVision.az


Teqlər: Naxçıvan   Avtobus  





Xəbər lenti