Məşhur bakılı avtoritetlə əfsanəvi futbolçunun gizli dostluğu – TAM MƏXFİ+FOTOLAR

Məşhur bakılı avtoritetlə əfsanəvi futbolçunun gizli dostluğu – TAM MƏXFİ+FOTOLAR
  13 İyul 2018    Oxunub:64677
Bəhram Çələbi
AzVision.az üçün

“Doktor”, “Marşal”, “Filosof” kimi ləqəbələri olan Ağababa Musa oğlu Babayev 1926-cı il dekabrın 15-də Bakıda anadan olub.1944-cü ildə hamının “haramzadə”, “qırmızısifət” adlandırdığı sahə inspektorunu “Sovet” və “Şors” küçələrinin kəsişdiyi yerdəki mağazanın qarşısında əzişdirir, tabel silahını əlindən alır. Çoxsaylı şahidlərin milis leytenantının təqsirkar olduğu haqda verdikləri izahat və ifadələrə baxmayaraq, məhkəmə Ağaya 4 il iş kəsir. Üç ay Bayıl və paylama məntəqəsindəki kameralarda oturduqdan sonra onu Lənkərandakı “Nadir şah”qazamatna etap edirlər.

Atası Musa kişinin Moskvada Kalininlə görüşündən sonra Ağababanın islah cəzası hərbi xidmətlə əvəzlənir. Semipalatinsk hərbi hissəsində yeni gəlmiş “salabonlar”la “dedlər” arasında elə həmin gün dava düşür. Əyninə hərbi formanı keçirməyə macal tapmayan Ağababa xəstəxana xələti geyinməli olur. Lazaretdə qaldığı dörd ay müddətində bir neçə dəfə yoxlama komissiyası keçirilir və Ağabala komissovat olunur.

1946-54-cü illər arasında 16 nəfərlik “təcili yardım ” dəstəsinə başçılıq edən “Doktor Ağoppa” həbs olunur. İstintaq zamanı aydın olur ki, 1947-ci ildə o Dənizkənarı bulvarda türmə rəisinin müavinini güllələyib və qaçıb. 10-cu koloniyada oturduğu zaman qaldırdığı “zamorozkaya” görə, Moskvanın “Butırka” qazamatına göndərilib. Sonradan Vorkuta, Arxangelsk, Solikamsk, İrkutsk düşərgələrində islah olunub. 1960-cı ildə Bakıya etap olunub və amnistiya nəticəsində azadlığa buraxılıb. 1996-cı ildə vəfat edib.

Ağababanın deyimlərindən:

“Əgər bacarırsansa, başqalarından müdrik ol, lakin onlara bunu demə”.

“Hazırda mən, iyirmi il qabaq inandığım heç nəyə, demək olar ki, inanmıram – ola bilsin, vurma cədvəli istisnadır. Lakin Eynşteyni oxuyandan sonra vurma cədvəli ilə bağlı da tərəddüdlər meydana çıxmağa başlayır. Daha iyirmi ildən sonra, ola bilsin ki, indi haqqında danışdıqlarıma da inanmayacağam. Ümumiyyətlə, nəyə isə əvvəllər olduğu kimi inamım yoxdur. Sokrat Afinada öz davamçılarına dəfələrlə təkrar edirdi: “Mən bircə bunu bilirəm ki, heç nə bilmirəm”. Mən, əlbəttə, Sokratdan ağıllı ola biləcəyimə ümid edə bilmərəm və buna görə də adamlara onların haqlı olmadıqlarını deməyə son qoydum. Görürəm ki, bu, mənim üçün qat-qat faydalıdır”.

“Məntiqli olmaq – az adama bəxş olunan vergidir. Bizlərdən çoxumuz köhnə fikir qəliblərinin və qərəzliliyin təsirinə məruz qalırıq. Çoxumuz qərəzli rəy, qısqanclıq, qorxu, paxıllıq və qürur azarına yoluxmuşuq və buna görə də istər dini məsələ və ya sosial problem – fərqi yoxdur, heç nə ilə bağlı öz baxışlarımızı dəyişmək istəmirik”.

“Öz rəisinizlə, və ya rəqiblərinizlə mübahisə etməyin. Onlara haqlı olmadıqlarını deməyin, məsələni incikləyə qədər çatdırmayın, bir qədər diplomatiklik etməyiniz daha yaxşıdır. Dörd min il əvvəl qədim Misir fironu Axtoy öz oğluna həyat müdrikliyilə dolu olan məsləhət vermişdi ki, həmin sözlər bu gün də öz dəyərini saxlamaqdadır. Qoca firon günün axırlarında, əla şərabdan aldığı iki qurtum arasında kəlam demişdi: “Diplomatik ol, oğul. Bu, istədiyinə nail olmaqda sənə kömək edər”.

“Öz səhvlərinə haqq qazandırmaq bacarığı istənilən axmaqda var, lakin öz səhvini könüllü surətdə etiraf etmək üçün nəciblik və əksəriyyətin səviyyəsindən yuxarı yüksəlmək bacarığı tələb olunur”.

Faiq Şirəlioğlunun xatirələrindən:

- Altmışıncı illərin əvvəllərində mən 6-cı kolonda otururdum. Məhəlləmizdən də beş-altı şustryak, qara məhbəs ideyalı uşaqlarla kruqumuz vardı. “Məhəllə” deyəndə mən, Sovetskinin Şors. Pervomayski, Tolstoy küçələrini, Qırxpilləkən, Axundov parkının həndəvərində yaşayan cayılı cavanları nəzərdə tuturam. Ağoppanın qərdəşi Nadir, Əmirçik, Eldəniz, onun dayısı Həsənağa, Slon, Kuko, Sali Süleymanın oğlu İbrahim, Şaliko, Həmşəri Kazım, qardaşım Nazim, Cahan, Talıb – hamısı adlı-sanlı şipaçlar, domuşniklər, kukla qoyanlar idilər. Cahanla Talıb hələ 50-ci illərin ortalarında Ağoppanın dəstəsində “uçeniya”, “vospitaniya” keçdiklərindən “opıtnıe şipaçi” sayılırdılar. Hətta bir dəfə bu uşaqlar Şamaxıdan gəlmiş lox, vinzavodun müdirinin “lave”sini üst-üstə geyilmiş ikiqat şalvarın cibindən çəkmişdilər. Şorsda tramvaya əyləşən Dodik Şamaxınski sən demə, pulları altdan geydiyi şalvarın arxa ciblərinə gizlədib, üstündən də ikinci şalvarı çəkmişdi əyninə. Tütün fabrikinin yanına çatanda Dodik tramvaydan düşmək istəyir, amma görür ki, nə isə ayaqlarına dolaşır. Sən demə, üstdən geydiyi qalife şalvarın kəməri açıldığından, sürüşüb dizlərindən də aşağıda dayanıbmış. Dodik pulların getdiyini anlayanda, ağladı...

...Ağoppa ilə Dağlı Muğbil hər həftənin şənbə günləri bizləri görməyə gəlir, qənd, çay və siqret, çoxlu kitablar, jurnallar gətirirdilər. Mən tarixi hadisələri oxumağı xoşladığımdan, Qədim Poma, Yunan imperatorları, sərkərdələri haqqında olan kitabı həftə ərzində üç dəfə təkrarən oxumuşdum. Sonradan Konan Doyl, Mayn Pid, hətta Çarılz Dikkensi də sevməyə başladım. Hamımız şənbə günlərini səbrsizliklə gözləyirdik, gətiriləcək qrevə görə deyil, kitablara, qəzetlərə görə... Muğbilin oğlu Afər isə hətta şeirlər yazmağa başlamışdı və məncə bəzi şairlərdən heç də pis qoşmurdu. Ağoppa bizə həm də ağsaqqal məsləhətləri də verirdi və dönə-dönə qeyd edirdi ki, şəxsi mənfəəti üçün oğurluq etmək – yaramazlıqdır...



Qardaşı Əşrəfin xatirələdindən:

... 60-cı illərin əvvəllərində 173 saylı məktəbin həyətində yaz-yay aylarında hər axşam məhəllə cavanları balaca (həndbol topundan da balaca) rezin topla futbol yarışları keçirərdilər. Əsasən OİK klubunun özəyini təşkil edən “Həmşəri Bazarı” komandasının yeniyetmələri gah “Lokomotiv”, gah “Spartak”, gah da hətta “Neftçi”nin “yuniyorları” ilə maraqlı matçlar oynayırdılar. Sovetskinin bütün labirintlərindən olan onlarca azarkeş arasında cavanlarla bahəm, orta yaşlı və hətta ağsaqqal “bolelşik”lər də görmək mümkün idi.

“Həmşəri”lərə azerkeşlik, həm də maddi himayədarlıq edənlər arasıda Doktor Ağoppa, “Şipaç” Lətif, “Qospodin” Nadir, Ağabalaoğlu Vaqif və başqa məhəllə cayılları seçilərdilər. “Həmşəri Bazarı”nın oyunçuları – Əsabəli, Mirdamət, Yaşar, Ağamusa... məhəllənin ən sevimli, populyar uşaqları idilər. “Şipaç” Lətif onların hər birinə can-başla maşın sürməyi öryədir, hərdənbir bu dəstəni toplayıb, onlara Ağabalanın çayxanasında “şirniyyat stolu” təşkil edirdi.

“Lokomotiv”, “Spartak”, “Neftçi” ilə matçlar “pod interes” olduğundan, onun təşkilatçısı həmişə Doktor Ağoppa olardı. Qonaqlar – Tolik Banişevski, Rafiq Əlizadə, Şevçenko və yeniyetmə yığmasının başqa üzvləri də 173-ün həyətində oynamağa həvəslə razılıq verərdilər, çünki udub-uduzmaqdan asılı olmayaraq matçdan sonra onları “ciyər kababı” məclisinə dəvət edərdilər.

TT Nəimanın xatirələrindən:

- Banişevski “Neftyanik”ə qəbul olunandan sonra Ağoppa Tolikə daim maddi və mənəvi dayaq olub. Banya çox kasıb ailədə doğulduğundan, idman formasını üzü bir neçə yerdən cırılmış hamam çantasında daşıyırdı. Bir dəfə məhəllə matçından sonra Ağoppa ona bir cüt idman kostyumu bağışladı:
- Düzdü, bizim komandanın üzvü deyilsən, amma istedadlı futbolçu olduğuna görə, sənə mükafat düşür... Yəqin bilirəm ki, tezliklə “Neftyanik”də oynayacaqsan... Çalış həmişə bu xasiyyətdə qalasan – işgüzar və sadə... Sən yalnız Azərbaycanın deyil, ittifaqın Pelesi olacaqsan!!

Bakıda “Neftçi”nin keçirdiyi hər matçdan (nəticədən asılı olmayaraq) sonra Ağoppanın təşkilatçılığı ilə “Muğan” mehmanxanasının restoranında məclis düzənlənərdi.
Ağoppanın Banişevski haqqında danışdıqlarından:

- Səksəninci illərin axırlarında Banış müxtəlif xəstəliklərə düçar olmuşdu – astma, şəkər, əyyaşlıq... Onun xəstəliklərinin əsasını içki və siqaret qoymuşdu. Dəfələrlə ondan siqareti tərgitməsini xahiş etmişdim.
- Siqaretsiz də Banişevski olarmı? – deyirdi. – Siqareti mənə Yaşin öryədib...
91-ci ilin may ayı idi. Biz – Gülmurad, mən, Ağababa, Xəlil Rza, Qabil İmamverdiyev və adlarını unutduğum daha iki nəfər “Azneft”dəki çayxanada oturub, zamanın gərdişindən, zavodlardakı tətillərdən, mitinqlərdən, Qarabağdakı vəziyyətdən danışırdıq. Gördüm ki, Qabil mənə him-cimlə, başının işarəsiylə nə isə anlatmağa çalışır. Çevrilib baxanda Banişevskini gördüm, su budkasının yanında dayanıb nəzərlərini bizim dəstəyə dikmişdi. Ağababa Xəlil Rza ilə söhbətləşdiyindən, Toliki görmürdü.
- Ağa, dostun pavilyonun yanında dayanıb, deyəsən yaxın gəlməyə utanır, - dedim.



Ağababa geri qanrılıb baxdı, Banişevskini görən kimi yerindən qalxıb becid addımlarla ona tərəf getdi. Son vaxtlar dəfələrlə mənim yanımda Banyaya maddi yardım eləmişdi. “İyirmibeşlik” dəstəsini çıxarıb sayardı – bir, iki, üç, dörd... Banişevski “xvatit” deyəndə əl saxlayıb, həmin məbləği ona verərdi... Bunu Qabil də bilirdi, Xəlil Rza da, başqaları da... Az sonra Tolik pulu tutduğu yumruğunu sinəsinin sol tərəfinə sıxıb, təzim edərək getdi, Ağababa da yanımıza qayıtdı.
- Nə illah elədim, üç dənədən artıq götürmədi , - Ağoppa bikef halda dilləndi. – Bax da, dünya şöhrətli futbolçu olasan, qəpik- quruşa görə kiməsə ağız açasan...

Az sonra biz bulvara, Muğbilin “Lalə” kafesinə yollandıq, Dağlını orada tapmadıqda “Azərbaycan” kinoteatrının həndəvərindəki “Katakomba” kababxanasına getməyi qərarlaşdırdıq. Prodmaqdan çıxan Banişevski içərisi içki süşələri ilə dolu iki tor zənbillə bizdən on metr irəlidə taksi dayanacağına doğru addımlayırdı...

Məncə, onun xəstəliyinin əsasını siqaret və spirtli içkilər qoymuşdu. 95-ci ilin yazına qədər Ağoppa ayda heç olmazsa bir-iki dəfə ona baş çəkirdi. Dəfələrlə mənim yanımda heç olmazsa siqareti tərgitməsini xahiş etmişdi...
Banişevski rəhmətə gedəndə Ağoppa xeyli müddət onun hüzürünü saxladı. Məzara qoyulanda isə hətta ağladı da...

(Mövzunun davamı olacaq)



Teqlər: Banışevski   Ağoppa   Avtoritet  





Xəbər lenti