Gəmiçilik jurnalistlər üçün media-tur təşkil edib - FOTOLAR

Gəmiçilik jurnalistlər üçün media-tur təşkil edib - FOTOLAR
  18 İyul 2018    Oxunub:12354
Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə media-tur təşkil olunub.
Media turda jurnalistlərə bildirilib ki, Təlim Tədris Mərkəzi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin əmrinə əsasən dənizdə işləyən mütəxəssislərin hazırlanması və sertifikatlandırılması haqqında beynəlxalq standartların tələbləri nəzərə alınaraq yaradılıb.

Mərkəzdə Dənizçilərin Sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların təcrübi məşğələləri və qiymətləndirilməsi xidmətləri göstərilir.



Ən son model trenajor və dənizçilik avadanlıqları ilə təchiz olunan Təlim Tədris Mərkəzi müasir auditoriyalardan ibarət iki mərtəbəli inzibati binada fəaliyyət göstərir.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, son dövrlər mərkəzdə fəaliyyət prosesi daha da təkmilləşdirilib, yeni peşəkar işçi komandası formalşdırılıb, tədris proqramları və dərs vəsaitləri standart formaya salınıb.

Daha sonra jurnalistlər Təlim Tədris Mərkəzinə məxsus hovuzla tanış olublar. Burada onlara bildirilib ki, sözügedən hovuz beynəlxalq standartların tələblərinə uyğun olaraq müasir avadanlıqlarla təchiz edilib. Bu, ölkəmizdə yeganə ixtisaslaşmış hovuzdur. Burada yerli və xarici mütəxəssislər üçün (dənizçilər) birbaşa suda sağqalma və üzmə, qəzaya uğramış helikopterlərdən təxliyyə, növbətçi sal və qayıqlardan istifadə qaydaları kimi praktik məşğələr keçirilir.



Məlumat verilib ki, mərkəz müxtəlif beynəlxalq təşkilatlardan sertifikatlar alaraq təlim keyfiyyətini yüksək səviyyəyə çatdırıb. Burada keçirilən təlimlər birbaşa Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Dəniz Agentliyi və Amerika Gəmiçilik Bürosu (American Bureau of Shipping-ABS) tərəfindən akkreditasiya edilib.

Təlim Tədris Mərkəzi Beynəlxalq Keyfiyyət İdarəetmə Sistemi İSO 9001:2015 standartına uyğun fəaliyyətini təşkil edib və Bureau Veritas Beynəlxalq Sertifikatlaşdırma təşkilatı tərəfindən sertifikata layiq görülüb.



Bundan başqa, Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatının nümayəndə heyətinin 2017-ci ilin 6-7 iyul tarixlərində keçirdiyi yoxlamanın nəticələrinə əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna sertifikat verilib. Bu sertifikat “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə şərait yaradır. Qeyd edək ki, Dinamik Mövqe Saxlama Simulyatoru gəmi mövqeyini və gəminin istiqamətini saxlamaq üçün kompüter nəzarət sistemidir.

Hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzi dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 95 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır.


























Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti