Maştağa-Nardaran yolu istifadəyə verilib

Maştağa-Nardaran yolu istifadəyə verilib
  21 İyul 2018    Oxunub:7503
Bu il Sabunçu rayonunda ümumi uzunluqları 18,7 km olan 3 qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AzVision.az-a verilən xəbərə görə, layihələrdən birində artıq işlər tam olaraq yekunlaşdırılıb. Bu, 8,3 km uzunluğa malik Maştağa-Nardaran avtomobil yoludur. Sabunçu rayonu, Maştağa-Nardaran avtomobil yolu AAYDA tərəfindən yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.

“Uzun illər istismar olunmasına baxmayaraq, əsaslı şəkildə təmir olunmayan Maştağa-Nardaran avtomobil yolunun hərəkət hissəsində deformasiyalar və dağılmalar yaranmışdı. Bu isə sözügedən yol ilə hərəkət edən vətəndaşlarımızın haqlı narazılığına səbəb olurdu. Üstəlik yolun ensiz olması və piyadalar üçün səkilərin olamaması hərəkət iştirakçıları üçün problemlərə səbəb olurdu. Aparılan yenidənqurma işləri ilə bu problemlər artıq geridə qalıb”, - qurumun açıqlamasında deyilir.

Yenidənqurma layihəsinə uyğun olaraq yol eni 6-7 metrdən 12 metrə qədər genişləndirilib. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu ərazidən asılı olaraq müxtəlif ölçülərə malik yeni piyada səkiləri inşa edilib, kənarlarına isə səki daşları düzülüb.

Genişləndirmə işləri zamanı yolun yararsız qruntu qazılaraq çıxarılıb, əks dolğu aparılmaqla yeni yol yatağı, həmçinin yol əsası inşa edilib. Yol boyu köhnə yeraltı kommunikasiya xətləri kənarlaşdırılıb. Hazırda yol boyu 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılaraq yekunlaşdırılıb. Ümumilikdə yolun hərəkət hissəsinin eni genişlənmədən sonra ortalama 12 metr nəzərə alınmaqla 100 min kvadratmetr sahəyə yüksək keyfiyyətli asfalt-beton örtük salınıb.

Texnoloji ardıcıllıqla və tərtib olunmuş qrafiklə aparılan tikinti işləri yekunlaşdıqdan sonra yol boyu zəruri yol nişanlarının və məlumatverici lövhələrin quraşdırlması, piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb. Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması 3 qəsəbənin 60 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin etməklə, onların Maştağa-Buzovna və Bilgəh-Pirşağı avtomobil yollarına rahat çıxış əldə etməsinə imkan yaradır.

Tikinti-quruculuq işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə və sürətlə aparılıb.

AzVision.az


Teqlər: Yol  





Xəbər lenti