Avropanın insan zooparkları

Avropanın insan zooparkları
  25 İyul 2018    Oxunub:7450
Əhməd Həmid
AzVision.az üçün

1931-ci ildə Parisdə, Eyfel qülləsinin altında afrikalı insanların sərgiləndiyi zoopark açılır. Uşaqların əllərindəki yeməkləri afrikalılara atmaması üçün girişdəki lövhədə belə yazılmışdı: “Yemək atmaq olmaz. Sərgilənmədən əvvəl yedizdiriliblər”. Zooparkda yalnız diri afrikalıları deyil, ölmüş insanların cəsədlərini də nümayiş edirdilər.
1931-ci ildə 1 milyon insanın yaşadığı Parisdə zooparkı 34 milyon insan ziyarət etmişdi. Bu, onu göstərdi ki, insanlar özlərindən fərqli olanlara əziyyət verilməsini görməyi sevirlər və buna baxmaq üçün dünyanın harasında olursa-olsun, gələcəklər.

1931-ci il sizə elə də uzaq gəlməsin, çünki Mariya Küriyə ikinci dəfe Nobel mükafatını 1911-ci ildə veriblər. Eynşteyn isə həmişə çox gec verildiyini dediyimiz Nobel mükafatını 1921-ci ildə alıb.

Qəribə olan odur ki, birinci və ikinci dünya müharibəsinə qarşı çıxan elm insanları bu məsələni ciddi qəbul etməyiblər. 1904-cü ildə heyvanların üzərində tədqiqat apardığına görə Pavlovu məhkəməyə verən heyvan hüquq qoruyucuları insan zooparklarında aparılan tədqiqatlara göz yumublar. Tədqiqatların nəticəsində elm insanları o qərara gəliblər ki, afrikalılar aşağı zəkalıdırlar və insana ən yaxın növdürlər.

İkinci dünya müharibəsini “Avropaya ləkə” adlandıranlar müharibədən 13 il sonra yeni bir insan sərgisinə göz yumdular. UNESCO (BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu) 16 noyabr 1945 ci ildə, NATO 4 aprel 1949-cu ildə qrulsa da, 1958-ci ildə Belçikada yeni insan zooparkı təşkil edildi.

Avropa Birliyinin 18 aprel, 1951-ci ildə qurulduğunu və mənzil-qərargahının Brüsseldə yerləşdiyini nəzərə alsaq, AB-nin humanizmdən danışmaq haqqının nə qədər olduğunu görürük. 1960-cı ilə qədər insan zooparklarına göz yuman Avropa bu hadisələrdən 4 il sonra Martin Lüter King Amerikada irqçiliyə qarşı çıxdığı üçün, onu Nobel mükafatına layiq gördü. Əlbəttə, Makiavellinin düşüncələrini yaxşı mənimsəmiş cəmiyyətlər üçün bu, çox adi haldır.

Osmanlı dövründə də, Ərəb Xilafəti dövründə də afrikalı qullar olub, amma Amerikadakı kimi qaradərili ovu olmayıb. “Amerika” və “qaradərili” sözlərini bir yerdə eşidəndə yadıma “Tom Dayının Daxması” əsərindəki özünü ağasına bənzətməyə çalışan Adolf düşür. Onun çox sevdiyi ağası öləndə ağlaya-ağlaya dediyi “Bizi cənuba satacaqlar” sözü yadımdan heç vaxt çıxmayacaq. Amerika kimlər üçünsə çəhrayı xəyalların ölkəsi ola bilər, amma bu, 1970-ci ilə kimi qaradərililərlə ağdərililərin eyni tualetə getmək hüquququnun olmaması faktını dəyişmir.

Bu gün biz də irqçilik, dinçilik etməyə başlamışıq. Şəhərdə ərəbləri görüb “iyyy” deyənlərin insan zooparklarına gedənlərdən fərqi yoxdur. “Ərəblərdən iyrənirəm” deyən, özlərini elit hiss edən insanlar qul taciri düşüncəsini daşıyanlardır. “Qıjı”, “kəndçi” sözləri bu irqçiliyin göstəricisidir. Əslində cəmiyyətimizdəki yerlibazlığın bir səbəbi də budur. Azərbaycandakı rusdilli, özünü şəhərli göstərən tiplər Bakıya sonradan gələnləri, qaçqın və məcburi köçkünləri sıxışdırdığına görə, özünüqoruma instinkti kimi yerlibazlıq yaranıb. Feminizm, ateizm adı altında insanları alçaltmağın yeni metodları ortaya çıxıb. Azərbaycanda iki cür radikal dindar var: 1) Allaha inananlar, 2) Allaha inanmayanlar. Bu iki qrupdan hansı qalib gələrsə, digərini zooparka salacaq.



Teqlər:





Xəbər lenti