Leysan Zaqatala və Balakəndə fəsadlar törədib

Güclü leysan yağışları Balakən rayonunda da fəsadsız ötüşməyib. Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, avqustun 10-dan başlayan və hazırda da davam edən intensiv leysan yağışları rayon ərazisindən axan Katex və Balakən çaylarının daşmasına səbəb olub. Sel daşqınları nəticəsində Katex və İtitala kəndlərində bir çox həyətləri, obyektləri su basıb. Sel suları Katex, Püştətala, Kortala və İtitala kəndlərində vətəndaşlara məxsus təsərrüfatlara, qarğıdalı, tütün sahələrinə ciddi ziyan vurub. Təbii fəlakət nəticəsində Balakən şəhərini və ətraf kəndləri içməli su ilə təmin edən Siltik su xətti zədələnib, içməli su təchizatında problemlər yaranıb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün hazırda rayon Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq işlər aparılır.
İntensiv leysan yağışlarının yağması nəticəsində Qax rayonu ərazisindən axan dağ çaylarında da qısamüddətli daşqınlar baş verib, bəzi kəndlərdə infrastruktura və vətəndaşların şəxsi təsərrüfatlarına, əkin sahələrinə ziyan dəyib.
AzVision.az
Teqlər: Zaqatala Balakən Yağış