Məhərrəmliyin yazılmayan qanunları - Sabundan arağa kimi... (VİDEO)

Məhərrəmliyin yazılmayan qanunları - Sabundan arağa kimi... (VİDEO)
  11 Sentyabr 2018    Oxunub:25915
Bu gündən Məhərrəm ayı başlayır. Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edir.
Məhərrəm ayı səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib, lakin hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasında qeyd olunur ki, İmam Hüseynin haqq-ədalət naminə şəhadəti böyük mənəviyyat və dirçəliş nümunəsidir.

Ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı bədbinlik əhvali-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır. Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, onların qanlarının yerdə qalmamasını, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də Azərbaycan dindarları tərəfindən ənənəvi olaraq yaşadılır.



Məhərrəmlik ayında nələri etmək olmaz?

AzVision.az dini məlumatlara istinadən hər kəsi düşündürən suallara cavab hazırlayıb:

- Məhərrəm ayında toy olarmı?

Məhərrəm ayında Həzrət Məhəmməd Peyğəmbərin (s.ə.s) sevimli nəvəsi İmam Hüseyn (ə) yaxın ətrafı ilə birlikdə amansızсasına qətlə yetirilib. Kərbəla şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq, Məhərrəm ayında şənlik mərasimləri keçirmək, toy edib şənlənmək məqsədəuyğun hesab olunmur.

- Ad günü süfrəsi açmaq olarmı?

Məhərrəm ayı elimizdə Kərbəla şəhidlərinin xatirəsinə matəm ayı kimi qeyd edilir. Bu ayda şənlik mərasimləri keçirmək məsləhət olunmur. Amma siz gələn qonaqlar üçün İmam Hüseyn ehsanı verib, övladınızın ad gününü belə bir savab iş görməklə qeyd edə bilərsiniz.

- Məhərrəmlikdə saç kəsdirmək olar?

Məhərrəm ayında bütün digər aylarda olduğu kimi, saça boya qoymaq və saç kəsdirmək olar. Bunda heç bir problem yoxdur. Dinimizdə Məhərrəm ayı ilə bağlı belə məhdudiyyət yoxdur.

- Spirtli içki olar, yoxsa yox?

Dinimizə görə, məstediсi-spirtli içki içmək olmaz. Bu, həm Ramazan, həm Məhərrəm, həm də digər aylara aid bir məsələdir. Allah Qurani-Kərimdə spirtli içki içməyi yasaqlayıb.

- Məhərrəmliyin ağır günlərində sabun istifadə etmək, evdə təmizlik işləri aparmaq, paltar yumaq olar?

Təəssüflər olsun ki, el arasında belə xurafat fikirlər dolaşır. Əslində bu günlərdə sabun istifadə etmək, evdə təmizlik işləri aparmaq, paltar yumaq olar. Dinimiz təmizlik dinidir və İslam şəriəti istənilən halda təmizliyə riayət etməyi vaсib sayır.

- Qətl sınan gün, İmamın (ə) üçündə, yeddisində, qırxında televizora baxmaq, musiqiyə qulaq asmaq olarmı?

Qeyd edilən günlər Kərbəla şəhidlərinin xatirəsinin əziz tutulduğu günlərdir. Həmin günlərdə televizora baxmaqda heç bir qəbahət yoxdur. Sadəсə, şəhidlərin xatirəsinə ehtiram olaraq şənlənmək məsləhət deyil. Həzin, klassik musiqi dinləməkdə problem yoxdur, amma şənləndirən musiqidən çəkinmək məsləhət görülür.

Məhərrəmlikdə qurban kəsmək olarmı?

Ümumilikdə Məhərrəm və Səfər ayında insanlar digər aylardakı həyat tərzindən biraz fərqli yaşayırlar, bu ayların ehtiramını saxlayırlar. Bəzən suallar ünvanlanır ki, bu aylarda qurban kəsmək olarmı, olmazmı? Bunların Məhərrəmliklə heç bir əlaqəsi yoxdur.

-Aşura günündə, insan özünü zənсirlə vura bilər?

Aşura günü Kərbəla şəhidlərinin xatirəsinə həsr edilən mərasimləri dinimizin gözəlliyinə uyğun keçirmək lazımdır. Bu mərasimlərdə müsəlmanlar Yezidin ordusu tərəfindən İmam Hüseyn (ə) və onun ailəsinin amansızсasına qətlə yetirilməsini yad edir və İmam Hüseyn (ə) və Kərbəlada şəhid olan digər şəhidlər kimi İslam uğrunda özlərinin hər an şəhid ola biləсəklərini sübut etmək istəyirlər. Bunu müxtəlif yerlərdə fərqli tərzdə nümayiş edirlər: kimsə zənсir vurur, kimsə qan verir, kimsə ehsan paylayır. Artıq bir neçə ildir hacı Allahşükür Paşazadə islam əhlinə müracət edərək, insanları bədənə zülm edib qan çıxarmamağa çağırır. Yəni son illər Aşura günündə müsəlmanlar qanvermə aksiyasına dəvət olunur. Əgər Aşura günündə hər hansı bir ehtiyacı olan xəstəyə qan yardımı göstərilirsə, bu, özünə qəsd edib əzab verməkdən dəfələrlə yaxşıdır və savab işdir. Yaxşı olardı ki, səhhəti imkan verən bütün müsəlmanlar bu savab işdə iştirak etsinlər.

Qeyd edək ki, Məhərrəm ayının qeyri-rəsmi qadağaları əsasən şiə təriqətli müsəlmanlar tərəfindən tətbiq olunur.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Məhərrəmlik   İslam   Din   Aşura  





Xəbər lenti