İnsanlar işlədi, dəniz dincəldi...- FOTOLAR

İnsanlar işlədi, dəniz dincəldi...- FOTOLAR
  17 Sentyabr 2018    Oxunub:5190
15 Sentyabr Beynəlxalq Sahilyanı Təmizlik Günü istirahət gününə təsadüf edirdi. Amma bu adi bir həftəsonu deyildi. Bu dəfə rollar dəyişmişdi. İnsanlar işləyir, dəniz dincəlirdi...
Həmin gün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Avropa Yenidənqurma və İnkişaf Bankının və EkoSfera Sosial-Ekoloji Mərkəzinin dəstəyi ilə Xəzər dənizinin Novxanı sahilində iməcilik təşkil olunmuşdu. Tədbirə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin, xarici ölkələrin səfirliklərinin əməkdaşları, o cümlədən xarici və azərbaycanlı könüllülər qatılmışdılar. Open Media Hub layihəsinin gənc jurnalistlər üçün təşkil etdiyi təlimin iştirakçısı kimi mən də 16 həmkarımla bərabər bu tədbirdəydim.



Fikrimcə, bu iməcilik bir sıra aspektlərinə görə çox əhəmiyyətli idi. İlk növbədə, Xəzər dənizinin bir hissəsi zir-zibildən, insan həyatı üçün təhlükəli tullantılardan təmizləndi. Və bu işi dinindən, irqindən, milliyətindən, yaşından və cinsindən asılı olmadan yüzlərlə insan ana təbiəti qorumaq naminə birlikdə, əl-ələ verərək könüllü şəkildə gördü. Sahili təmizləyən insanlar öz əməlləri ilə sanki deyirdilər: Biz istəsək, vahid amal, məqsəd uğrunda bir araya gələ bilərik. Bu mənzərə nə qədər xoş idisə, Xəzərin sahilində gördüklərim bir o qədər qanqaraldıcı idi. Sahildə nələr yox idi? Pivə şüşələri, siqaret kötükləri, qumsala basdırılmış pamperslər, plastik torbaları, şüşə qırıntıları, balıqçı torları, qarğıdalı kötükləri, qarpız-yemiş qabıqları... Və bütün bunların “müəllifləri”insanlar idilər...İməcilikdə 5 hektardan çox dəniz sahili tullantılardan təmizləndi. Amma bu, o demək deyil ki, sahil yenə zibillənməyəcək.



Bəs sahili və dənizi təmiz saxlamaq üçün nə etmək lazımdır?

Maarifləndirmə ilə. Mən bunu öz gözümlə Duartelər ailəsinin və Britaniyanın ölkəmizdəki səfiri xanım Kerol Kroftsun timsalında gördüm. İvana, Paulino, Elisa və Sofia birlikdə, könüllü işləyirdilər. Xanım Kerol Krofts isə sahili, Bakıya ona qonaq gəlmiş məktəb rəfiqəsi ilə birlikdə təmizləyirdi.



Bəli, bütün yaxşı ənənələr ailədən başlamalı, bağçada, məktəbdə davam etdirilməlidir. Məktəblərdə uşaqlara plastik torbaların çevrəyə vurduğu zərər anladılmalıdır. Uşaqlar da, böyüklər də bilməlidirlər ki, bir plastik torbanın torpağa qarışması üçün 450-500 il gərəkdir. Bilməlidirlər ki, dəniz ona atılan tullantıların, plastik məmulatların yalnız 5 faizini sahilə ata bilir. Qalan 95 faiz isə dənizə qarışıraq onun məhsulları ilə yenidən bizə, süfrələrimizə qayıdır. Bilməlidirlər ki, dəniz sahilində qoyub gəldiyimiz tullantılar orada qalmır, bizim özümüzə qayıdır. Əgər bunları bilsək, bildiklərimizi insanlara aşılaya bilsək, dünyaya, təbiətə və çevrəyə dəyər verən bir nəsil yetişdirə bilərik. Dənizi təkcə özü üçün sevməyən, gələcək nəsillər üçün də qoruyub saxlaya bilən bir nəsil...








Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Təmizlik     ETSN   Open-Media-Hub  





Xəbər lenti