Murtuz Ələsgərovun 90 illiyi ilə bağlı elmi konfrans keçirilib - FOTOLAR (YENİLƏNİB)

  02 Oktyabr 2018    Oxunub : 4127
Murtuz Ələsgərovun 90 illiyi ilə bağlı elmi konfrans keçirilib - FOTOLAR (YENİLƏNİB)
Bakı Dövlət Universitetində (BDU) Milli Məclisin, Yeni Azərbaycan Partiyasının və BDU-nun birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi, tanınmış ictimai-siyasi xadim, Əməkdar hüquqşünas, professor Murtuz Ələsgərovun anadan olmasının 90 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda görkəmli dövlət xadiminin məzarını ziyarət edib, önünə əklil qoyublar. Konfransdan əvvəl BDU-nun hüquq fakültəsində Murtuz Ələsgərovun uzun illər rəhbərlik etdiyi Konstitusiya hüququ kafedrasının qarşısında barelyefin açılışı olub.



Elmi konfransda professor Murtuz Ələsgərovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov görkəmli professorun hüquq elmi sahəsindəki əvəzolunmaz xidmətlərindən danışıb.



Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Murtuz Ələsgərov ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olub.



Daha sonra Milli Məclisin hazırki sədri Oqtay Əsədov çıxış edib. O, bildirib ki,1990-cı illərin əvvəllərində Heydər Əliyevin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün o vaxtki hakimiyyət əlindən gələni edirdi. Məhz belə bir vaxtda Murtuz Ələsgərov ümumilli lideri müdafiə edib.

"Həmin dövrdə Heydər Əliyevin hakimiyyətə gəlişinin qarşısını almaq üçün ortaya atılan yaş senzi məsələsinə ilk etiraz edənlərdən biri də Murtuz Ələsgərov olub. Murtuz Ələsgərova təzyiq olurdu, amma o, sarsılmadı, geri çəkilmədi, mübarizəsini davam etdirdi”.

Qeyd edək ki, Murtuz Ələsgərov 20 sentyabr 1928-ci ildə Gəncə şəhərində anadan olub, orta məktəbi başa vurduqdan sonra, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində dərs deyib. O, müxtəlif illərdə baş müəllim, dosent, professor və kafedra müdiri, 1993–1996-cı illərdə isə universitetin rektoru işləyib.



Murtuz Ələsgərov I, II və III çağırış Milli Məclisinin deputatı, 1996-cı və 2000-ci illərdə isə sədri seçilib. 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri olub.

O, fəaliyyəti dövründə Azərbaycan dövlətinin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkəmizdə parlament ənənələrinin təşəkkül tapmasına mühüm töhfələr verib. M.Ələsgərovun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında müstəsna xidmətləri olub.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Murtuz-Ələsgərov   BDU