21 Sentyabr Beynəlxalq Sülh Günüdür

21 Sentyabr Beynəlxalq Sülh Günüdür
  21 Sentyabr 2018    Oxunub:4279
21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.
Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı.

Baş katib “Sülh bizim missiyamızdır; gündəlik axtarışlarımızın mövzusudur” deyə builki müraciətində də dünya ictimaiyyətini sülhə nail olmaq üçün bütün səyləri birləşdirməyə çağırır. Qeyd edək ki, silahların susmasına və qeyri-zorakılığa həsr olunan Beynəlxalq Sülh gününün bu ilki mövzusu diqqəti daha çox aktual sülh və demokratiya məsələsinə cəlb edir.

Əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən ən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi idi...

Bu il Azərbaycanla Ermənistan arasında atəşkəs imzalanmasından 24 il keçir. Ermənistan isə hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin heç birinə əməl etmir və atəşkəsin pozulması halları tez-tez qeydə alınır...

Bu gün qüdrətli və güclü Orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür... Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər çür zorakılığın dayandırılması arzusu bütün tarix boyu bəşəriyyəti düşündürüb. Amma təəssüf ki, tarix boyu, bəlkə də, elə ən çox pozulan bu arzu, bu istək olub...

21 sentyabr tarixi nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir.

Əsgər Həsənov,
Bakı şəhəri, Nizami rayon prokurorunun köməkçisi



Teqlər: Sülh-günü  





Xəbər lenti