“Göytəpə”də narkotik əməliyyatı - 3 nəfər tutuldu (FOTOLAR)

“Göytəpə”də narkotik əməliyyatı - 3 nəfər tutuldu (FOTOLAR)
  05 Oktyabr 2018    Oxunub:6164
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd mühafizəsinin etibarlı təminatı sahəsində tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzVision.az-a verilən xəbərə görə, 2018-ci ilin 30 sentyabr tarixində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılmasına nail olunub.



Həmin tarixdə saat 03:10 radələrində alınmış əməliyyat məlumatı əsasında DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində, Yardımlı-Arus kəndi istiqamətində əməliyyat-axtarış tədbiri həyata keçirilib, “VAZ-2107” markalı 90-BB-979 və “Mercedes” markalı 90-BK-471 dövlət qeydiyyat nömrə nişanlı avtomobillər baxış keçirilməsi üçün saxlanılıb.



Saxlama zamanı “Mercedes” markalı avtomobil tabesizlik göstərmiş və Masallı rayon istiqamətində hərəkət edərək 1 kq narkotik maddəni əraziyə atıb. Qarşılıqlı əlaqədə olan Masallı rayonu polis şöbəsinin əməkdaşları tərəfindən həmin avtomobil saxlanılmış, avtomobildə olan 1 nəfər şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq meşəlik əraziyə qaçmağa nail olub.



Əraziyə və avtomobillərə baxış zamanı 8600 qram “heroin” və “tiryəkə” bənzər narkotik maddə aşkar olunub. Saxlanılmış vətəndaşların şəxsiyyətləri dəqiqləşdirilib, onların Yardımlı rayon sakinləri 1974-cü il təvəllüdlü Şirbəyev Habil Yaşılxan oğlu, 1983-cü il təvəllüdlü Qurbanov Zaur Camalxan oğlu və Salyan rayon sakini 1993-cü il təvəllüdlü Ağayev Malik İlyas oğlu olmaları müəyyən edilib. Hadisə yerindən qaçmış 4-cü şəxsin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilir.



Hadisə ilə əlaqədar DSX-nin istintaq və təhqiqat idarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmışdır, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.



AzVision.az


Teqlər: DSX   Narkotik  





Xəbər lenti