Kəlbəcər girovunun ailəsi BQXK-dan zəng gözləyir

Kəlbəcər girovunun ailəsi BQXK-dan zəng gözləyir
  15 Oktyabr 2018    Oxunub:2997
“İki ay olar ki, qardaşıma yazdığım məktuba cavab ala bilmirəm. Onun vəziyyəti barədə heç bir məlumatım yoxdur”
Bunu AzVision.az-a kəlbəcərli girov Şahbaz Quliyevin qardaşı İlham Quliyev deyib. Onun sözlərinə görə, BQXK nümayəndələri bu ayın əvvəlində Kəlbəcər girovları ilə görüş keçirsə də, Şahbazın ailəsinə bu barədə məlumat verilməyib.

“Aylardır komitənin zəngini gözləyirik ki, qardaşımızın heç olmasa sağ olması haqqında məlumat alaq. Ancaq bir xəbər yoxdur. İki ay bundan öncə biz məktub yazmışdıq. Ona da cavab gəlməyib. Şahbazın səhhəti bizi çox narahat edir. Şəkili, videosu da yoxdur ki, baxıb təsəlli tapaq. Ümidimiz ancaq gözləməkdir”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Şahbaz-Quliyev   Girov  





Xəbər lenti