Biz yarımrobotlarıq – Murad Köhnəqala yazır

  30 Oktyabr 2018    Oxunub : 2553
 Biz yarımrobotlarıq – Murad Köhnəqala yazır
Süni intellekt nümunəsi olan robot Sofiyanın Azərbaycana səfəri haqda oxuyarkən məşhur amerikalı fantast yazıçı Ayzek Azimovu xatırladım. Nədən ki, “robot”, “positronic”, “psycohistory” kimi terminlər innovasiya və informatika texnologiyaları sahəsinə onun yaratdığı əsərlərdən gəlib.
Artıq məişətimizin ən xırda detalları belə, elektron cihazlara bağlıdır. Sanki keçmişin mifləri gerçəyə dönüşərək həyatımıza qayıdır. Adamlar cibində gəzdirdiyi mobil telefonda dünyanın o başında olan tanışı ilə görüntülü danışa bilirlər. Planetin bir tərəfində baş verən hadisəni elektron KİV-lər vasitəsilə bir andaca dünyaya yaymaq olur. İnternetləşmə həyatımızı hörümçək toru kimi sarıb. Yazdıqlarımız, oxuduqlarımız, gördüklərimizin hamısı elektron cihazlardadı. Yüzlərlə kitabı barmaq boyda bir fləşə yerləşdirib döş cibimizdə gəzdirə bilirik. Bütün yaddaşımızı elektronikaya etibar eləmişik. Biz artıq yarımrobotuq. Çünki yaddaşımızda saxlamalı olduğumuz məlumatları elektron cihazlara həvalə eləmişik. Beynimizi cihazlar əvəz eləməyə başlayıb.

Bir vaxtlar daş üzərində cızan, sonralar quş lələyini rənglərə batırıb yazan, bu yaxınlaradək diyircəkli qələmləri kağızlara boşaldan bizlər indi oturub klaviaturada yazı yazır, çap eləyib ictimailəşdiririk. Fikirlərimizi cəmiyətə təlqin eləyirik. İnsanlar o sözləri, o cümlələri gözləri ilə oxuyub öz beyinlərinə ötürürlər. Həmin beyinlər də o yazılar, məlumatlarla formalaşaraq insanı idarə eləyir. Beləcə, beyinlərin idarə etdiyi insanlar da ümumilikdə bir cəmiyyət formalaşdırırlar.

KİV-lər insanları daha çox özlərinə cəlb eləmək üçün şokedici xəbərlər yaymağa meyillidi. Əslində bütün dəhşətləri oxuyub bitirmişik, eşidib görmüşük artıq. Ta, bu yarımrobot insanları heç bir şiddətlə təəccübləndirmək olmur. Ancaq xəbər saytları bu adətini yerə qoymaq istəmir, rəqabətdə geri qalmaqdan qorxurlar. Ona görə KİV-ləri açan kimi adamın üstünə qan fışqırır, əlin qana batır.

Yadımdadı, sovet dövründə bizim kənd sovxoza tabe idi. O zamankı insanlar isə yarımqul halında idilər. Kənddəki sovxoz fəhlələri səhər tezdən üstüaçıq yük maşınlarda əkin sahələrinə gedər, axşam qayıdardılar. İş vaxtının maksimum səkkiz saat olmasını heç kim bilməzdi. Briqadir haçan icazə verər, onda da geri evə dönərdilər. Sovxozçularımız əkin sahələrində kartof, soğan, çuğundur becərər, üzüm sahələrində çalışardılar. Həmin fəhlələr kitab nədi, heç poçtalyonların ev-ev payladığı qəzetləri də oxumazdılar.

Ancaq qul kimi işləməklərinə baxmayaraq indiki insanlardan çox sağlam idilər, uzun ömür yaşayırdılar. Xırda istisnaları kənara qoysaq, demək olar ki, hamı qocalıb ölürdü. Ancaq sovetin maarifləndirmə, təbliğat proqramı formal da olsa, hər yerdə yeridilirdi. Belə ki, fəhlələri qəzet-jurnallara məcburi abunəçi eləyir, bunun üçün hər il onların əməkhaqqından bir dəfə kəsirdilər. Sovxozçular isə abunə olduqları həmin qəzetləri oxumaz, məişət işlərində istifadə edərdilər. Məsələn, işə gedəndə özləri ilə yemək aparmağa məcbur olan fəhlələr götürdükləri ərzağı həmin qəzetlərə bükər, birbaşa əkin sahələrində nahar eləyərkən, o qəzetləri həm də süfrə əvəzinə işlədərdilər. Yadımdadı, xırda formatlı rayon qəzetimizin adı “Həqiqət” idi. Ancaq “Kommunist”, “Kənd həyatı”, “Azərbaycan gəncləri” kimi respublika qəzetləri böyük formatda olardı. Bir kəndçimiz vardı, Namaz kişi, onu rayon qəzetinə abunə yazdırdığına görə briqadirlə mübahisə eləyəndə fikrini belə əsaslandırmışdı: “Mən neynirəm o balaca rayon qəzetini, ona üç yumurta da bükmək olmur. Məni niyə “Qəmnist” (“Kommunist”) qəzetinə yazmamısan?”

Söz düşmüşkən Namaz kişidən birini də deyim. Bir dəfə kənd kişiləri dördyola yığılıb söhbət eləyirmiş. Bu arada onlardan hansısa deyib ki, Yer kürəsi fırlanır. Namaz o tərəfdən qayıdıb ki, a kişi, axmaq-axmaq danışma, mən hər səhər duranda görürəm qovaq ağacları yenə çəpərdə düzülüb, bə bu havaxt fırlanır?

Hə, nəyi deyirdim, o vaxtkı adamlar qocalıb ölürdü. Ömrü boyu çiynindən lapatka düşməyən, maşın kimi fəhləlik eləyən Namaz kişini bir neçə il bundan qabaq görmüşdüm kənddə, qocalıb əldən düşmüşdü. Dedilər kişi doxsanı çoxdan adlayıb. Hazırda bilmirəm Namaz dayı yaşayırmı.

Bəli, onlar sonuncu insanlar idi, getdikcə nəsilləri kəsildi. Biz isə yarımrobotuq, bizdən sonra gələnlər tam robotlaşacaqlar. Əslində, yüz ildən sonra həqiqi insan tapmaq mümkün olmayacaq. Bu proqnozu məşhur ingilis fiziki, teoretik, möcüzə insan sayılan Stiven Hokinq çoxdan verib. Gələcəkdə Sofiya kimi insanabənzər robotları insanların arasına buraxacaqlar. Məsələn, Stivenin özü artıq robotlaşmış insan idi. Xəstəliyinə görə tərpənə, danışa bilməyən alimin kompüteri onun beyninə həssas qurulmuşdu. Yəni, alim verilən suallara cavabını yalnız beynindən keçirdir, kompüter isə onun fikirlərini avtomatik olaraq öz ekranında yazıb göstərirdi. Həmin kompüter növünü kütləvi halda satışa buraxmağa tələsmirlər. Çünki insanları biri-birinin fikrini oxumağa hələ hazır saymırlar.

Artıq nə müddətdir ki, Yaponiyanın bəzi universitetlərində robotlar dərs deyir. Robotların dəqiqliyi, iş qabiliyəti, ucuz başa gələn əməyindən tezliklə kütləvi qaydada istifadə olunacaq. Məsələn, bir zavod direktoru işçi qüvvəsi kimi insanlara yox, getdikcə robotlara üstünlük verəcək. Ailə qurmaq, uşaq dünyaya gətirmək kimi insani şərtlər get-gedə azalıb yoxa çıxacaq. İstər-istəməz insanların artmasının qarşısı beləcə alınacaq. Artıq bunun başlanğıcı var, bu günün yarımrobot qadınları təbii doğuşla körpə dünyaya gətirə bilmirlər, elə gücləri yoxdu. Ananın qarnını yarıb çıxarırlar uşağı. Çünki təbii doğuş indiki ana üçün də, körpə üçün də risklidi.

Bəzi mütəxəssislərin fikrincə, vaxt gələcək robotların özləri zavod-fabrik işlədərək müxtəlif formalarda çoxalıb insanları üstələyəcəklər. Onlara lazım olacaq sürəcə insanları saxlayacaq, lazım olmayacağı təqdirdə isə azaldacaqlar. Bu nəzəriyənin tərəfdarlarının nə qədər haqlı olduğunu deyə bilmərik, ancaq görünən odur ki, planetimiz sürətlə maşınlaşır.

Murad Köhnəqala
Azvision.az üçün

Teqlər: Robot   Texnologiya