Tramp üçün həlledici gün: Konqressə aralıq seçkiləri keçirilir

 Tramp üçün həlledici gün:  Konqressə aralıq seçkiləri keçirilir
  06 Noyabr 2018    Oxunub:3172
Bu gün ABŞ-da Konqressin Nümayəndələr Palatasının müxtəlif ştatlardan olan 435 üzvünü və 35 senatoru, həmçinin, 36 ştatın qubernatorunu seçmək üçün aralıq seçkiləri keçirilir.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, artıq Vermont və Nyu-York ştatlarında seçki məntəqələri səsvermə üçün açılıb. Aralıq seçkiləri Havay ştatında səsvermə bitdikdən sonra seçki məntəqələrinin bağlanmasilə başa çatacaq. Seçkilərin ilkin nəticəsi isə sabah məlum olacaq. ABŞ-dakı aralıq seçkilərində 100 milyondan çox seçicinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda Konqressin Nümayəndələr Palatasında 236 yer respublikaçılara, 193-ü demokratlara məxsusdur. 6 yer isə boşdur. Nümayəndələr Palatasına nəzarəti ələ almaq üçün demokratlar əlavə olaraq minimum 23 mandat qazanmalıdır.

Senatdakı yerlərin isə 51-i respublikaçılara, 47-si demokratlara və 2-si müstəqil senatorlara məxsusdur.

Konqressə aralıq seçkilərdə demokratlar qalib gələrsə, ABŞ prezidenti Donald Tramp daxili və xarici məsələlərlə bağlı bir sıra qərarlarını onlarla razılaşdırmalı olacaq. Seçkilərdə demokratların qələbəsinin Tramp üçün ən pis nəticəsi isə Konqressdə ABŞ prezidentinə qarşı impiçment prosesinin başladılması olacaq. Bu səbəbdən də, Tramp üçün respublikaçıların Konqressin hər iki palatasında üstünlüyü qoruyub saxlaması olduqca vacibdir. O hətta, demokratların seçkiləri saxtalaşdırmaq cəhdlərilə bağlı xəbərdarlıq da edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Konqress   ABŞ  





Xəbər lenti