Ermənistan Kürü zəhərləməkdə davam edir
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhrəmtəpə və I Şahsevəndə məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olması müşahidə olunub.
Noyabrın birinci ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Şıxlı-2 məntəqəsində 2,1, Ağstafaçayın Qazax rayonu ərazisindən keçən hissəsində 2,3, Ağstafa su anbarının Qazax rayonunun Xanlıqlar kəndindən keçən hissəsində 1,1, Araz çayı üzrə Horadizdə, Bəhrəmtəpədə və I Şahsevəndə 2,1-2,2, biogen maddələrdən nitritlərin miqdarı isə 1,5-1,9 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,83-6,20 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.
Azvision.az