“Putinin yanında məhz İlham Əliyev əyləşib” - İrəvana verilən mesaj

  07 Dekabr 2018    Oxunub : 1593
“Putinin yanında məhz İlham Əliyev əyləşib” - İrəvana verilən mesaj
“Azərbaycan prezidenti İlham Əliyevin MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirakının xüsusi yeri var”

Bu fikirləri AzVision.az-a açıqlamasında politoloq Sahil İskəndərov deyib. Politoloq qeyd edib ki, Rusiya və bu ölkənin prezidenti Vladimir Putin son 10 ildə MDB məkanında yeni inteqrasiya layihələri irəli sürür:
“Putin, bu ölkələr arasında 25-30 il əvvəl olmuş tərəfdaşlıq və əməkdaşlıq məqamlarını genişləndirməyə, daha da dərinləşdirməyə çalışır. Artıq Avrasiya İqtisadi Birliyi (AİB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mövcuddur. Putin bu layihələrlə amorf xarakter daşıyan MDB-ni daha işlək qurumlarla əvəzləməyə çalışır. Amma, AİB və KTMT-də MDB ölkələrinin hamısı təmsil olunmadığına görə, MDB Putinin nəzərində öz tarixi missiyasını tam sona qədər yerinə yetirməyib”.



S.İskəndərov bildirib ki, Putin yeni təşkilatlar yaratmaqla onları vahid bir beynəlxalq subyektə çevirməyə çalışır: “Bu müstəvidə Azərbaycan və şəxsən prezident İlham Əliyevin rolu Putin üçün çox önəmlidir. Hazırda Rusiyanın ən çox can atdığı məqam AİB və KTMT-yə Azərbaycanı qoşmaqdır. Rusiya bunun üçün çoxdan rəsmi Bakıya təkliflər edib. Bu təkliflərin bir çoxu geniş ictimaiyyət üçün açıqlanmır. Amma, bu müstəvidə diplomatik və şəxsən prezidentlər səviyyəsində müəyyən danışıqlar gedir. Amma, ölkə başçısı İlham Əliyev, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanı həmin birliyə daxil olan ölkələrin ərazi bütövlüyü, Moskvanın Ermənistanın təcavüzkarlığına bir əncam çəkməsi maraqlandırır”.

Politoloqun sözlərinə görə, Ukrayna ilə gərginlik fonunda Rusiya üçün Azərbaycanın əhəmiyyəti çox böyükdür: “Rusiya cənub sərhədlərinin möhkəmlənməsində çox maraqlıdır. Moskvanı Azərbaycandan bərk-bərk yapışmağa vadar edən ikinci məqam, indiyə qədər sözdə özünü Rusiyanın stateji müttəfiqi adlandıran Ermənistanda baş verən proseslərdir. O da bəllidir ki, orada Paşinyanın baş nazir kreslosuna oturdulmasının arxasında hansı oyunlar dayanır. Əslində bu, kənar aktorların apardığı oyunların nəticəsidir. Bu baxımdan Moskva çox ehtiyatlıdır. Buna qədər də Rusiya üçün Azərbaycanın önəmi böyük idi. Baş verən proseslər fonunda bu önəm üç qat artıb”.



S.İskəndərov əlavə edib ki, Ermənistanın oyundankənar vəziyyətdə saxlanmasında KTMT-də baş katib məsələsi, o cümlədən Azərbaycan amilinin böyük rolu var: “Çünki baş katib məsələsində ən qətiyyətli mövqedən Belarus və Qazaxıstan çıxış edib. Bu iki ölkə liderləri daim Azərbaycana və cənab İlham Əliyevə öz dəstəklərini nümayiş etdiriblər. Təsəvvür edin ki, bu kompleks problemlər kontekstində Ermənistan KTMT-də oyundan kənar vəziyyətə salındı. Bu, Paşinyanın ağzının üstündən vurulan ikinci tutarlı şillədir. Təsəvvür edin, gələn il AİB-də sədrlik Ermənistana keçəcək. Amma liderlərin sammiti Qazaxıstanda olacaq. Absurd vəziyyətdir. Yəni hər iki təşkilatda Ermənistana üzünə iki tərs şillə çəkilib. Bunun özü göstərir ki, Azərbaycanın əhəmiyyəti Rusiya üçün çox önəmlidir. Bu baxımdan Ermənistan Azərbaycanla, Paşinyan İlham Əliyevlə müqayisə oluna bilməz”.



Politoloq vurğulayıb ki, bu siyasi məsələnin obrazlı şəkildə vizual təsəvvürü MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə aydın göründü: “Dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə baxarkən prezident İlham Əliyev Vladimir Putinin yanında əyləşib. Etiraf edək ki, Rusiya post-Sovet məkanının, Azərbaycan isə Cənubi Qafqazın bütün parametrlər üzrə lideridir. Məsələ burasındadır ki, post-Sovet məkanında Azərbaycandan da güclü potensiala malik dövlətlər var. Amma, Putinin yanında məhz İlham Əliyev əyləşib. Paşinyana isə 7-8-ci sırada heykəl kimi oturub. Ümumən üzünün ifadəsindən də bəllidir ki, ciddi bir fiqur, şəxs kimi qəbul olunmadığının özü də fərqindədir. Tarixən kollektiv şəkillər çəkdirilərkən kimin kimin yanında dayanması, əyləşməsi çox böyük göstərici olub. Bu vizual göstəricidir ki, kim çəkisi hardadır. Bu həmişə belə olub. Yəni siyasi fiqur kimi çəkisinə görə əhəmiyyətli adamlar ev sahibinə və ya birinci şəxsə yaxın olurlar. Bəzi adamlar bunun fərqinə varmırlar. Amma böyük siyasətdə və siyasi etiketdə çox önəmli məqamdır. Bu kimin kim olduğunu və kimin nə qədər qiymətləndirildiyini göstərir. Mərasimdə lentə alınan şəkil həm Paşinyan, həm də Ermənistan üçün ciddi mesaj, siqnaldır. Əgər Ermənistan iki, üç başlı oyunlarla məşğul olarsa, o cümlədən təcavüzkar siyasətini davam etdirərsə, pat vəziyyətinə düşəcək”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Rusiya   Azərbaycan   Prezident   İlham-Əliyev   Putin