BMT-nin Baş katibinə Xocalı haqqında məktub göndərilib

BMT-nin Baş katibinə Xocalı haqqında məktub göndərilib
  21 Fevral 2019    Oxunub:1865
Beynəlxalq birliyin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş və dağıdılmış Xocalı və digər şəhərlərində, qəsəbə və kəndlərində nələr baş verməsi haqqında düşünməsi və Yerevan tərəfindən başlanmış bu müharibəyə, onun törətdiyi ən ağır beynəlxalq cinayətlərə görə birmənalı olaraq məsuliyyətə cəlb edilməsi son dərəcə vacibdir. Ona görə ki, məsuliyyətə cəlb edilmə törədilmiş cinayətlərin labüd nəticəsi, sülh və uzunmüddətli barışıq yolunda fəaliyyətə başlamağın zəruri şərtidir.
Bu fikirlər Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibi Antoniu Quterrişə məktubunda öz əksini tapıb. Məktubda Xocalı qırğını, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalının davam etməsi faktları şərh edilir.

Y.Əliyev yazır ki, Ermənistan ilə Azərbaycan arasında davam edən silahlı münaqişə 1987-ci ilin axırlarında Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayəti barəsində Ermənistanın qanunsuz və əsassız ərazi iddialarından başlanıb. Bu iddialar Ermənistanda yaşayan azərbaycanlılara hücumlara və onların həm muxtar vilayətdən, həm də Ermənistanın özündən zorla çıxarılmasına təkan verib. 1991-ci ilin sonu – 1992-ci ilin əvvəlində Ermənistan Azərbaycana qarşı tammiqyaslı müharibəyə başlayıb, bu müharibə nəticəsində Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Dağlıq Qarabağ regionu, ona bitişik yeddi rayon və bir sıra eksklavlar Ermənistan tərəfindən işğal edilib. Bu dövr Dağlıq Qarabağ regionunda və Azərbaycanın bu regiona bitişik rayonlarında Azərbaycanın mülki əhalisinə hücumların miqyasının, intensivliyinin və tezliyinin artması ilə müşaiyət olunurdu. Sənəddə qeyd edilir ki, Ermənistanın apardığı müharibənin gedişində on minlərlə insanın həyatına son qoyulub, şəhərlər, qəsəbələr və kəndlər dağıdılıb; münaqişə nəticəsində minlərlə insan itkin düşüb və işğal edilmiş bütün rayonlarda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparılıb. Ermənistan tərəfindən geniş miqyasda və sistematik şəkildə törədilmiş bu hərəkətlər beynəlxalq hüquqa görə cinayətlərə bərabər tutulur.

Diplomat qeyd edir ki, iyirmi yeddi il bundan əvvəl bu münaqişə tarixində ən böyük kütləvi qırğın törədilib. Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin mülki sakinləri və şəhərin müdafiəçiləri bu qırğının qurbanları olublar. Müharibəyə qədər Xocalı şəhərində 7000 min sakin yaşayırdı. 1991-ci ilin oktyabr ayında şəhər erməni silahlı qüvvələri tərəfindən tam mühasirəyə alındı. 1992-ci il fevralın 25-26-na keçən gecə şiddətli artirreliya atəşlərindən sonra şəhərə müxtəlif istiqamətlərdən huşum başlandı. Xocalıya hücum və şəhərin işğalı nəticəsində qadınlar, uşaqlar və ahıl şəxslər də daxil olmaqla yüzlərlə dinc azərbaycanlı qətlə yetirildi, yaralandı və ya girov götürüldü, şəhər özü isə yerlə-yeksan edildi.

Y.Əliyev vurğulayır ki, beynəlxalq birlik Azərbaycana qarşı hərbi qüvvə tətbiq edilməsinə və müharibənin gedişində beynəlxalq humanitar hüquq normalarının ciddi şəkildə pozulmasına görə erməni tərəfini qətiyyətlə pisləyib.

Ermənistanın, onun siyasi və hərbi rəhbərliyinin Xocalıda və Azərbaycanın işğal edilmiş ərazilərindəki digər yerlərdə törədilmiş cinayətə görə məsuliyyət daşıması həm Azərbaycanın hüquq mühafizə orqanlarının sərəncamında olan inandırıcı sübutlarla, həm də çoxsaylı müstəqil mənbələr, o cümlədən bu faciənin şahidlərinin ifadələri, nüfuzlu beynəlxalq müəssisələrin bəyanatları, xarici jurnalistlər, hüquq müdafiəçiləri və nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən aparılmış müstəqil təhqiqatların nəticələri əsasında sənədli şəkildə təsdiqlənib və etiraf edilib. Belə mənbələrdən bir neçəsini misal göstərmək kifayətdir.

Erməni təbliğatının saxtalaşdırılmış məlumatların köməyi ilə “Human Rights Watch” hüquq müdafiə təşkilatını çaşdırmaq cəhdlərinə bu təşkilat belə cavab verib:

“Bizim təhqiqatın, habelə “Memorial” hüquq müdafiə mərkəzi tərəfindən aparılmış təhqiqatın nəticələri göstərib ki, geri çəkilməkdə olan azərbaycanlı könüllülər dəstəsi qaçıb xilas olmağa çalışan mülki şəxslərdən ibarət bir neçə iri qrupla birlikdə Xocalını tərk edib. Bizim məruzədə qeyd edilib ki, əvvəlki qaydada silahlanmış və forma geyinmiş Azərbaycan könüllülərinin nümayəndələri, hətta onların məqsədi bu insanları müdafiə etməkdən ibarət olsa belə, ola bilsin, bu könüllülər qaçan mülki şəxslər tərəfindən kombatantlar hesab edilib və onlar üçün təhlükə yaradıblar. Buna baxmayaraq, biz hesab edirik ki, mülki şəxslərin qətlə yetirilməsinə görə məsuliyyət birbaşa Qarabağdakı erməni qüvvələrinin üzərinə düşür. Qeyd etmək lazımdır ki, istər bizim məruzədə, istərsə də mərkəzin (“Memorial” hüquq müdafiə mərkəzinin) məruzəsində Azərbaycan qüvvələrinin azərbaycanlı mülki şəxslərin qaçmasına mane olmasını və ya onları atəşə tutmasını təsdiq edən heç bir məlumat yoxdur”.

Daha sonra qeyd edilir ki, “Memorial” hüquq müdafiə mərkəzi müstəqil təhqiqatın nəticələrinə əsaslanaraq aşağıdakıları bəyan edib:

• “Xocalının tutulması üzrə hərbi əməliyyatın gedişində bu şəhərdəki mülki şəxslərə qarşı kütləvi zorakılıq aktları törədilib”;

• ““Azad dəhliz” zonasında və ona bitişik ərazidə mülki şəxslərin kütləvi şəkildə qətlə yetirilməsinə heç bir vəchlə haqq qazandırıla bilməz”;

• “Xocalı erməni dəstələri tərəfindən tutulandan sonra şəhərdə qalmış mülki şəxslər oradan deportasiya edilib”;

• “bu hərəkətlər mütəşəkkil qaydada həyata keçirilib”;

• “tutulub saxlanmış Xocalı sakinləri ilə amansız şəkildə rəftar edilib”;

• “Xocalıya hücum zamanı Dağlıq Qarabağın erməni silahlı dəstələri tərəfindən şəhərin mülki əhalisinə qarşı törədilmiş hərəkətlər nəticəsində Cenevrə Konvensiyasının, habelə İnsan Haqlarının Ümumi Bəyannaməsinin müddəaları kobud şəkildə pozulub”.

Məktubda daha sonra deyilir ki, bir müəllifin qeyd etdiyi kimi, Qarabağ qiyamçılarının strategiyasının əsas komponentlərindən biri azərbaycanlı mülki şəxsləri Dağlıq Qarabağ ərazisindən və Dağlıq Qarabağı Ermənistandan ayıran ərazilərdəki şəhərlərdən və kəndlərdən qovmaqdan ibarət idi. Bu məqsədlə “Azərbaycanın həmin regiondakı iri şəhərləri ... qarət edilir, yandırılır və sistematik olaraq “yerlə-yeksan edilir, orada şəhərlərin yalnız bünövrəsi qalırdı”, həmin şəhərlərin azərbaycanlı əhali isə zorla qovulurdu”. Müəllif daha sonra qeyd edir ki, “1992-ci ilin fevral ayında Xocalıya hücum zamanı sakinlər oradan amansızcasına qovuldu”, erməni silahlı qüvvələri yüzlərlə dinc azərbaycanlı sakini qətlə yetirdi, “bu sakinlərin çoxu silahsız idi və onlar açıq ərazidən keçərək qaçmağa çalışarkən qətlə yetirildi”.

Ermənistanın yüksək vəzifəli şəxslərinin, o cümlədən Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın bəyanatları, erməni müəlliflərin məqalələri də yerlərdə faktiki vəziyyəti təsdiq edir. Məsələn, Xocalıda yerli sakinlərə qanlı divan tutulan dövrdə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın baş müşaviri olmuş Jirayr Liparityan öz məqaləsində qeyd edib ki, “erməninin Xocalı barədə yazması çox çətindir”, çünki “erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağda törədilən yolverilməz hərəkətlər nəticəsində azərbaycanlı mülki şəxslər şikəst edilib və qətlə yetirilib”.

Y.Əliyev daha sonra təəssüflə qeyd edir ki, Xocalıda və Azərbaycanın işğal edilmiş digər ərazilərində cinayətlər törətmiş şəxslər hələ də cəzalandırılmayıb. Azərbaycanlı diplomat məktubunun sonunda həmin məktubun Baş Assambleyanın gündəliyinin 35-ci və 41-ci bəndləri üzrə sənəd və BMT Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasını xahiş edir.

Azvision.az



Teqlər: BMT   Xocalı  





Xəbər lenti