Ermənistanda 11 mindən çox gənc ordudan yayınıb

  05 Mart 2019    Oxunub : 913
 Ermənistanda 11 mindən çox gənc ordudan yayınıb
Bu gün Ermənistan parlamenti 2018-ci ilədək 27 yaşı tamam olan və hərbi xidmətdən yayınan vətəndaşların müvafiq cərimə ödədikləri halda cinayət məsuliyyətindən azad edilməsi barədə qanuna dəyişiklik layihəsi ilk oxunuşda yekdilliklə qəbul edib.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, layihənin müəlliflərindən olan “Çiçəklənən Ermənistan” partiyasının deputatı Qevorq Qorqisyanın fikrincə, bu təşəbbüs Ermənistandan qaçan 2 mindən çox gəncin ölkəyə geri qayıtmalarına və həbs edilmədən cərimə pulunu ödəmələrinə imkan verəcək.

Deputat bildirib ki, hazırda Ermənistanda hərbi xidmətdən yayınan gənclərin sayı 11 mindən çoxdur.

Qanun dəyişikliyi sabah ikinci oxunuşda yenidən müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryan hazırda 27-35 yaş arası 3225 vətəndaşın orduda xidmətdən yayındıqlarına görə axtarışda olduqlarını bildirmişdi. Yerdə qalan hərbi xidmətdən qaçan minlərlə insan isə 27 yaş həddinə çatmayan gənclərdir.

Ermənistan qanunvericiliyinə görə, həqiqi hərbi xidmət keçməyən, lakin yaşı 27-yə çatan vətəndaşlar cinayət məsuliyyətindən qaçmaq üçün 1,8 milon dram (təqribən 3700 ABŞ dolları) məbləğində cərimə ödəməlidirlər. Əks təqdirdə, onlar həbs edilirlər.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   Ordu