Polkovnik Ramaldanov: “Düşmənin itkiləri bizdən çoxdur”

  27 Mart 2019    Oxunub : 5164
 Polkovnik Ramaldanov: “Düşmənin itkiləri bizdən çoxdur”
Ötən gün Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb. Düşmənin təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub. Cavab atəşi ilə erməni tərəfi susdurulub.
Azərbaycan və Ermənistan rəhbərləri arasında martın 29-da Vyanada keçiriləcək görüş öncəsi işğalçı ölkənin cəbhədə təxribata əl atmasında məqsəd nədir?

Ehtiyatda olan polkovnik Şair Ramaldanov Azvision.az-a açıqlamasında bildirib ki, Ermənistan belə təxribatları danışıqlar masasında istifadə etmək üçün törədir:

“Ermənistan tərəfi bütün görüşlər öncəsi bu cür təxribatlara əl atır. Məqsəd odur ki, danışıqlar masasına oturanda bu faktor müəyyən bir şəkildə əldə tutulsun. Füzuli rayonu istiqamətindəki təxribat da bu məqsədlə törədilib. Doğrudur, düşmənin itkiləri bizimkindən artıqdır. Amma, bizim üçün şəhidimiz daha qiymətlidir”.

Ş.Ramaldanov vurğulayıb ki, cəbhədə törədilən təxribat düşünülmüş addımdır: “Danışıqlar öncəsi cəbhədə düşmən təxribatı ənənə halını alıb. Təbii ki, bu düşmənin çirkin niyyətinə xidmət edir. Məqsəd danışıqlara təsir göstərməkdir. Bu, hal bir daha göstərir ki, hansı səviyyədə olmasımdan asılı olmayaraq, danışıqlarda Ermənistan qeyri-kostruktivlik nümayiş etdirir”.

Ehtiyatda olan polkovnik, həmçinin qeyd edib ki, Ermənistan rəhbərliyi müstəqil qərar qəbul edə bilmir: “Danışıqlarda Azərbaycan tərəfi onlara vaxt versə də, ermənilər yenə öz niyətlərindən əl çəkmirlər. Bunun birinci səbəbi Ermənistan rəhbərliyinin müstəqil qərar qəbul edə bilməməsidir. Ermənistanın nə siyasəti, nə rəhbərləri müstəqil olub. Onlar həmişə müxtəlif qüvvələrin – Rusiya, Qərb, erməni lobbisinin təsiri altında olublar.

Bu gün iqtisadi cəhətdən zəif, sosial problemlərdə boğulan, gərginlim içərisində olan bir respublika müstəqil ola bilməz. Ona görə bu gün baş nazir olan Paşinyan da söz sahib deyil. Onun özü də başa düşür ki, Azərbaycanla danışıqlara getmək və münaqişəni sülh yolu ilə həll etmək lazımdır. Paşinyan anlayır ki, münaqişənin həlli Ermənistanın gələcəyi üçün təminatdır. Amma Paşinyan bu mövqeyi tutsa, dövlət başçısı postunda qala bilməyəcək. Ona görə də Ermənistanın gələcəyi üçün vacib addımları atmağa gücü, elektoratı yoxdur”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Qarabağ