Məhkəmə-hüquq islahatlarına vəkil baxışı - VİDEO+FOTOLAR

  31 May 2019    Oxunub : 2583
Məhkəmə-hüquq islahatlarına vəkil baxışı - VİDEO+FOTOLAR
Bu gün Bakıda "Məhkəmə-Hüquq İslahatlarına Vəkil Baxışı" mövzusunda konfrans keçirilib.
Azvision.az xəbər verir ki, konfransda Prezident Administrasiyasının rəsmiləri, məhkəmə, prokurorluq orqanlarının, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.



Tədbirdə "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 aprel 2019-cu il tarixli fərmanında Vəkillər Kollegiyasına edilmiş tövsiyələrin icra vəziyyəti və digər məsələlər müzakirə olunub.



Açılış nitqində Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər barədə ölkə başçısının imzaladığı sərəncamla dövlət hesabına ödənilən hüquqi yardım 3 dəfə artırılıb: “Bu, postsovet dövlətləri arasında böyük rəqəmdir. Hansı sahədə 3 dəfə ödənişlər, maaşlar artırılıb? Bu, vəkilliyə olan bir avansdır. Nəzərə almalıyıq ki, vəkil dövlət hesabına hüquqi yardım göstərmir. Vəkil uzağı ayda bir dəfə dövlət hesabına hüquqi yardım göstərir".



Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov çıxışında deyib ki, Azərbaycanda son il yarım ərzində vəkillərin sayı 800-dən 1500 nəfərə qədər artıb: “Bu, çox yaxşı haldır. Lakin qanunvericilikdə qoyulmuş məhdudiyyətlər, xüsusilə nümayəndəlik institutu ilə bağlı məhdudiyyətlər bəzi kateqoriyalı şəxslərin, Bakıdan kənarda yaşayan şəxslərin məhkəməyə müraciət etmək imkanlarına maneələr yaradıb. Bizdə olan məlumata görə elə rayon var ki, orada 1 vəkil fəaliyyət göstərir”.



Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində vəkillik institutunun inkişafına şərait yaradacaq yeni yanaşmalar tətbiq olunur.



V.İsayev vurğulayıb ki, "ASAN Xidmət"lə Vəkillər Kollegiyasının imzaladığı memorandum əhaliyə daha keyfiyyətli hüquqi yardımın göstərilməsinə şərait yaradır və bu, həm paytaxtda, həm də regionlarda hüquqi yardımın əhatəsinin genişləndirilməsinə səbəb olacaq:

“Cənab prezidentin 3 aprel 2019-cu il tarixli sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı növbəti tapşırıqlar verilib və bu istiqamətdə layihələr hazırlanacaq. Bu, ilk belə tapşırıq deyil. Bütövlükdə həyata keçirilən humanist siyasətin növbəti təzahürüdür. 2017-ci ilin fevralında cənab prezidentin humanistləşmə ilə bağlı sərəncamı olmuşdu. Bu bir növ islahatların dalğasına səbəb oldu. Cinayət qanunvericiliyində 300-dək dəyişiklik edildi. Azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri tətbiq olundu. Bütövlükdə kompleks şəkildə dəyərləndirilmə aparıldı və islahatlar həyata keçirildi. Nəticəsi isə bu gün göz qanağındadır".



Azərbaycan Baş Prokurorun müavini Namiq Əsgərov çıxışında qeyd edib ki, Vəkillər Kollegiyası ilə Prokurorluq orqanları arasında yeni əməkdaşlıq mərhələsinə start verilib: “Prokurorluq peşəsini mənə sevdirən vəkil olub. Vəkil sözü çətinə düşəndə çağırılan şəxs mənasını verir. Vəkil hüquqi əsgərdir. Prokuror isə qayğı göstərən deməkdir. Hər iki peşə sahibinin və qurumun fəaliyyəti normativ aktlarla tənzimlənir. Vəkillər ədalət mühakiməsinin əsas təmsilçiləridir. əlib. Şadam ki, bu gün vaxtilə prokuror işləmiş insanlar vəkil kimi fəaliyyət göstərir".

Konfrans fərmandan irəli gələn digər məsələlərin müzakirəsi ilə davam etdirilib.












Elvin Abdulqədirov
FOTO:Şahin Sərdarov

Azvision.az

Teqlər: VəkillərKollegiyası   Konfrans