Azərbaycan UNESCO-nun sessiyasında təmsil olunur

   Azərbaycan UNESCO-nun sessiyasında təmsil olunur
  06 İyun 2019    Oxunub:2665
Parisdə UNESCO-nun baş qərargahında “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyanın Tərəflərinin Konfransının 7-ci sessiyası işə başlayıb.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, sessiyanın açılışında Konfransın sədri (Burkina-Faso), 4 sədr müavinləri (Almaniya, Serbiya, Salvador, Fələstin) və məruzəçi (Kamboca) seçilib.

Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Konvensiyanın tətbiqi üzrə ümumi debatlarda çıxış edərək, UNESCO-nun dünyada sülhün təşviqində rolu məsələsinə toxunub, multikulturalizm mərkəzi olan Azərbaycanın mədəni özünüifadə müxtəlifliyi sahəsində uğurla gördüyü işlərdən danışıb.

1992-ci ildən UNESCO-nun üzvü olan ölkəmizin bu təşkilatın fəaliyyət dairəsinə aid bütün sahələrdə geniş əməkdaşlıq əlaqələri qurduğuna toxunan S.Məmmədəliyeva müxtəlif mədəniyyətlərin və dinlərin mehriban birgəyaşayışını və harmoniyanı formalaşdıran Azərbaycan modelindən söz açıb. Ölkəmizdə yaşayan 15-dən çox etnik qrupun nümayəndələrinin mədəni dəyərlərini yaratmaq və istifadə etmək hüququnun Konstitusiya ilə təmin olunduğu xüsusi vurğulanıb. Ölkəmizin sosial həmrəyliyə töhfə verən əsas amillərdən olan “fərqlilikdə birlik” ideyasının tətbiq edilməsinin nadir nümunəsi olduğu vurğulanıb.

Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən katolik, pravoslav kilsələrdən, sinaqoqlardan, müxtəlif etnik azlıqların dilində tamaşalar qoyan teatrlardan, televiziyada yayımlanan verilişlərdən, keçirilən mədəni tədbirlərdən də danışılıb.

2013-cü ildə Azərbaycan və UNESCO arasında imzalanmış əməkdaşlıq haqqında çərçivə sazişinə toxunan nazir müavini, Azərbaycan-UNESCO Etimad Fondu tərəfindən Afrikada təhsil, mədəniyyətlərarası dialoq, elm, innovasiya sahələrində həyata keçirilən layihələr haqqında məlumat verib.

S.Məmmədəliyeva sessiya çərçivəsində Banqladeş və Burkina Fasonun mədəniyyət nazirləri ilə görüşüb. Görüşlərdə ölkələrimiz arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub. Nümayəndə heyətimizin rəhbəri italiyalı ekspert Pietro Laureano ilə mədəni irsin qorunması sahəsində də fikir mübadiləsi aparıb.

İyunun 7-dək davam edəcək sessiya çərçivəsində mədəni sahibkarlığın gücləndirilməsi, sənət adamlarının statusuna yenidən baxılması, ticarət axınlarının balanslaşdırılması kimi mövzular ətrafında müzakirələr aparılacaq. Sessiyanın sonunda 2019–2023-cü illər üçün “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyanın Hökumətlərarası Komitəsinə seçkilər keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Şərqi Avropa qrupundan öz namizədliyini bu Komitəyə irəli sürüb.

Azvision.az


Teqlər: UNESCO   Paris   Sessiya  





Xəbər lenti