Ölkəyə narkotik gətirən şəxslər saxlanılıb

  31 Oktyabr 2019    Oxunub : 549
Ölkəyə narkotik gətirən şəxslər saxlanılıb
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan Respublikasının vətəndaşları Bağırov Nicad Məzaim oğlu və Paşayev Elnur Murad oğlu gömrük nəzarətindən keçən zaman saxlanılıb və onların əl yükləri əsaslı şəkildə yoxlanılıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, ilk öncə Bağırov Nicad Məzaim oğlunun əl yükləri rentgen qurğusunda yoxlanılarkən ona məxsus boz rəngli yük çantasının içərisində şübhəli predmetlər müşahidə edilib. Sonra hal şahidlərinin iştirakı ilə onun təqdim etdiyi boz rəngli yük çantasındakı 3 ədəd plastik materialdan olan yuyucu vasitə qablarının içərisindən gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 1137 qram narkotik vasitə - heroin aşkar edilib.

Daha sonra Paşayev Elnur Murad oğlunun əl yükləri rentgen qurğusunda yoxlanılıb. Onun da yük çantasının içərisində şübhəli predmetlər qurğunun müşahidə monitorunda əks olunub. Vətəndaşa məxsus orta həcmli yük çantasının içərisində də 2 ədəd plastik materialdan olan yuyucu vasitə qablarının olduğu müəyyən edilib. Baxış zamanı birinci qabdan, ümumi çəkisi 129 qram narkotik vasitə-heroin, 98 qram psixotrop maddə - metamfetamin, ikinci qabdan isə 378 qram narkotik vasitə - heroin aşkar edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük   Narkotik