"Hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluq var" - Sahib Ələkbərov

  06 Noyabr 2019    Oxunub : 1268
"Hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluq var" - Sahib Ələkbərov
Ağcabədidə kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı məsələlərə həsr olunmuş zona müşavirəsi keçirilib.
Vergilər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirdə ölkəmizin Qarabağ bölgəsində yerləşən rayonlarının icra hakimiyyətlərinin rəhbər vəzifəli şəxsləri, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət aqrar inkişaf mərkəzlərinin əməkdaşları, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Statistika və Əmlak Məsələləri Dövlət komitələrinin yerli qurumlarının, qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Ağcabədi Rayon İcra Hakmiyyətinin başçısı Şahin Məmmədov kənd təsərrüfatında aparılan islahatların əhəmiyyətindən danışıb, əldə olunmuş ilkin nəticələr barədə məlumat verib.

Müşavirədə çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasətə uyğun olaraq, kənd təsərrüfatının inkişafı prioritet vəzifə kimi müəyyən edilib və son illər bu sahəyə böyük investisiyalar qoyulub. Qeyd olunub ki, aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Cari ilin 9 ayında ölkənin qeyri-neft sənayesi 15 faizdən çox, kənd təsərrüfatı isə 7 faizdən çox artıb.

Nazir müavini ölkə başçısının cari ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə vurğuladığı kimi, kənd təsərrüfatının mövcud potensialından daha səmərəli şəkildə istifadə olunmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu sahədə uçotun dürüstləşdirilməsini və şəffaflaşdırılmasını zəruri edən səbəblərə, mövcud problemlərin aradan qaldırılması istiqamətində vergi orqanları və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı və digər mühüm məsələlərə toxunub. Bildirilib ki, aqrar sahədə uçotun və hesabatlılığın hazırkı səviyyəsi qənaətbəxş hesab edilə bilməz. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur. Görüləcək işlərin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslərin vergiyə cəlb edilməsi yox, digər aidiyyəti dövlət qurumları və bələdiyyələrlə birlikdə real vəziyyəti düzgün əks etdirən uçotun qurulması və bu sahədə şəffaflığın təmin olunmasıdır.

S.Ələkbərov bildirib ki, avqust ayından etibarən bütün ölkə üzrə kənd təsərrüfatı məhsulları istehsalçıları və kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətçilərinin uçota alınması prosesinə start verilib və ötən müddət ərzində 40 minə yaxın şəxs tərəfindən vergi uçotuna alınmaqla bağlı ərizə təqdim edilib, qeydiyyatda olan bir çox vergi ödəyicilərinin uçot məlumatları dəqiqləşdirilib. Vurğulanıb ki, uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması son məqsəd deyil və şəffaf uçot sisteminin qurulması istehsal olunan kənd təsərrüfatı məhsullarının real həcmi barədə düzgün məlumatların əldə edilməsinə, mövcud kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə olunmasının səmərəliliyinin artırılmasına, dövlət tərəfindən ayrılan subsidiyaların, yardımların, kənd təsərrüfatı məhsullarının istehsalçılarına verilən kreditlərin yalnız məhsul istehsalçılarının fəaliyyətinin genişləndirilməsinə sərf olunması hesabına istehsalın həcminin daha böyük templərlə artırılmasına və nəticə etibarilə bu sahədə çalışanların rifahının yüksəldilməsinə nail olunmasına xidmət etməlidir.

Tədbirdə Vergilər Nazirliyinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi Baş İdarəsinin rəisi Elçin Bəylərov kənd təsərrüfatı sahəsində uçot və hesabatlılığın təşkili və tətbiqi sahəsindəki mövcud vəziyyət barədə təqdimatla çıxış edib.

Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Zaur Adilov rəhbərlik etdiyi qurumun əhatə dairəsinə daxil olan rayonlarda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı görülən işlər, qarşıya çıxan suallar və problemlər barədə məlumat verib.

Sonda müşavirə iştirakçılarının sualları cavablandırılıb.

Azvision.az

Teqlər: Vergi