BDU necə yaradılmışdı: İlk rektorunun xatirələri – TARİXİ ARAŞDIRMA

      BDU necə yaradılmışdı:    İlk rektorunun xatirələri –    TARİXİ ARAŞDIRMA
  18 Noyabr 2019    Oxunub:8494
Yeganə Kamal Cabbarlı

(Əvvəli BURADA )

Universitetin necə çətinliklə və böyük zəhmət hesabına yaradılmasından bəhs edən professor Vasiliy İvanoviç Razumovski daha sonra yazır:
-...İlk iclas müvəqqəti olaraq Xalq Maarif naziri vəzifəsini icra edən İsa bəy Hacınskinin sədrliyi ilə keçdi. Komissiyanın qarşısında aşağıdakı məsələlər dayanırdı:
1) Təcili surətdə Universitetin layihə, smeta və Nizamnaməsi işlənib-hazırlanaraq, Parlamentə təqdim edilsin;
2) Universitet üçün ayrılmış bina payıza qədər uyğunlaşdırılıb, təchiz edilsin;
3) Mebel, cihazlar, laboratoriya ləvazimatları, kitab və digərləri yay ərzində hazırlansın və payızda artıq Universitet açılsın.

Olduqca cəld, qeyri-adi bir gərginliklə işləmək lazım gəlirdi. İşlərin bütün ağırlığı isə 4 nəfərin (Mən, Dubrovski, Levin, Babuşkin) üzərinə düşürdü. Ədalətlə demək lazımdır ki, komissiyanın digər üzvləri də sifarişlərin verilməsində, yoxlamalar və s. işlərdə heç də az zəhmət çəkmirdilər. Xüsusilə, baş həkimlər və şəhər təmsilçisi, upravanın üzvü Cəfərov bizim ən çalışqan əməkdaşlarımız idi.

Kimyaçı L.Q. Qurviç, zooloq K.N.Derjavin və əczaçılıq magistri İ.K.Qolberq də Komissiyaya cəlb edilmişdilər. Gündəlik məsələlər belə nizamlanırdı: Komissiyanın iclasları, ardınca yoxlamalar, sifarişlər, podratçılarla danışıqlar, götürülən sifarişlər. Həmçinin, əlbəttə ki, mənzillərdə aparılan hazırlıq işləri. Xüsusilə, zehni gərginlik tələb edən işləri – məsələn, nizamnamənin layihəsinin tərtib olunması, məruzə qeydləri və s. kimi işləri görmək üçün sübh tezdən oyanmaq və isti düşənədək (səhər saat 6-dan 10-a qədər) çalışmaq lazım gəlirdi. Bundan sonra isə komissiyanın iclaslarına yollanırdıq. Axşamlar adətən elə yorulurduq ki, gecə işlərinə gücümüz qalmırdı: hələ gün ərzində tez-tez bir neçə yerə (nazirliyə, şəhərdəki müxtəlif laboratoriyalara, Universitetin binasına, yataqxanaya, sifariş arxasınca və s.) piyada getmək lazım gəlirdi; nəqliyyat vasitəmiz yox idi, bahalı faytonçulara sarı isə nadir hallarda qaçardıq.

Təfərrüfata keçirəm. Hər şeydən əvvəl, komissiyanın özünün işləməsi üçün əsas qaydalar (təlimat) hazırlandı və təcili surətdə Nazirlər Şurası tərəfindən təsdiq edildi; bununla belə, xərclər (sifarişlər, bazarlıq, avadanlıq, tikinti və s.) üçün komissiyanın sərəncamına xəzinənin depozitindən cəmi 1 milyon vəsait ayrıldı. Smeta mövcud pula üyğun olaraq, 2 fakultə – tarix-filologiya (1 kurs) və tibb (3 kurs) üçün işlənildi. Laboratoriya və klinik kafedraların smetası daha böyük iş tələb edirdi: Hər kafedra üçün siyahı (təsərrüfat və xüsusi inventarlar) tərtib eləmək lazım idi; qiymətlərin, eyni zamanda, kursun sürətlə yüksəldiyi və dəyişdiyi vaxtda, xarici firmaların kataloqu üzrə obyektlərin dəyərləndirilməsi, əlbəttə, yalnız təxmini mümkün ola bilərdi.

Laboratoriya və tibbi inventarların yerində əldə edilməsi, şübhəsiz ki, çox az hallarda mümkün olurdu. Bəzi şeylər Tiflisdən alınmışdı. Dərhal podratçılarla auditoriya və laboratoriya mebellərinin müəyyən müddət içərisində hazırlanması və çatdırılması ilə bağlı müqavilələr ( notarial) bağlanılmışdı: obyektlər tapşırıq üzrə və təsvirlər əsasında hazırlanırdı. Bakıdakı mövcud laboratoriyalardan heç olmasa, az miqdarda hazır laboratoriya vasitələri (məsələn, həmin laboratoriyaların anbarlarında istifadəsiz qalan texnika) almaq cəhdi nəticə vermədi.

Fiziologiya üçün bəzi şeyləri Tiflisdən, oradakı komissiya üzvü prof. Tsitoviçin sifarişi üzrə aldıq. Tiflisdəki laboratoriyanı (Qurviç tərəfindən baxılmış) almaq cəhdi uğursuz oldu: Gürcüstan hökuməti laboratoriya obyektlərinin Bakıya daşınmasına icazə vermədi.

Təcili işlərdən biri də binanın uyğunlaşdırılması məsələsi idi. Hökumət 2 yaxşı bina vermişdi: Kommersiya uçilişi və gimnaziya binaları. İlk il üçün bizə ikinci binanın yalnız bir hissəsi lazım idi. Kommersiya uçilişinə tarix-filologiya fakultəsi və kafedraların böyük bir hissəsinin (kabinet və laboratoriyalarla birlikdə), tibb fakultəsinin 2 kursunun yerləşdirilməsi nəzərdə tutulurdu; gimnaziyaya isə 3-cü kursun laboratoriyası və klinikalar. Binalar nəinki uyğunlaşdırılmamışdı, hətta hələ də zəbt olunmuş vəziyyətdə idi: Kommersiya üçilişi ingilislər və onların anbarları, gimnaziya isə pedaqoji kurslar və gimnaziya müəssisələri tərəfindən.

Nazirlərlə dəfələrlə aparılan danışıqlar, müəssisələrlə gedən şəxsi danışıqlar kömək etmirdi; böyük səylərlə, Hökumət tərəfindən göstərilən təzyiqlərdən sonra binaları yalnız avqust ayında azad edə bildik. Lakin onu da demək lazımdır ki, Bakı mühitində binaların boşaldılması çətinliklə baş tutdu: çıxarılan idarələri yerləşdirmək üçün uyğun yerlər tapmaq çətin idi. İngilislərə gəldikdə isə, onlar elə ilk görüşdən Universitetə kömək elədilər və hətta bir neçə əşya da qoyub getdilər.

Beləliklə, əsas binaların uyğunlaşdırılması və təchızatı işinin başlaması yayın axırlarında ancaq mümkün oldu. Lakin çöl-bayır işləri təxirə salınmadan, yayın əvvəlində başladı: Kommersiya uçilişinin camaşirxanasının yarımçıq qalmış tikintisi başa çatdırıldı, arakəsmələr, sobalar qoyuldu, su, elektrik çəkildi və s. Bina anatomiya məşğələləri (prozektor və preparat otağı) üçün uyğunlaşdırıldı; yandakı yarıuçuq anbarda meyitxana quruldu. Bununla da payızda anatomiya məşğələlərini başlamaq imkanını təmin elədi. İşlərin qaydaya salınması və təchizat işinə prozektor Cor bəy Urusovun (iyulda xidmətə dəvət olunmuşdu) köməyi az olmadı.

Kimya laboratoriyası ilə iş çətin oldu; əsas binanın təchizatının tezliklə başa gəlməsinə ümid etmək (dediyim kimi, bina hələ boşaldılmamışdı) mümkünsüz idi; buna görə də başlanğıc üçün Kommersiya uçilişinə qonşu olan bir neçə otaq, neft tədqiqi laboratoriyası birtəhər düzəldildi; hətta bu hökumət müəssisəsinin özünü belə almaq çətinliksiz başa gəlmədi. Yenidənqurma və təchizat işlərinin bir hissəsi təsərrüfat üsulu ilə, bir hissəsi podratçılar vasitəsilə həyata keçirildi; bu işdə də nazirliyin memarı Vasilyevin iştirakı ilə xüsusi smeta tutmaq lazım gəldi.

Bizim kiçik dəftərxanamızla da iş asan olmadı: iclasların gündəlik protokol və yazışmalarının tərtibi (protokollar baxılma və təsdiq üçün xalq maarif nazirinə göndərilirdi), smeta yazışmaları, layihələr, müqavilələr, müxtəlif idarələrlə əlaqələr – bütün bu nəhəng işlər bizim sərəncamımızda olan belə kiçik bir dəftərxanada aparılırdı. Yalnız Babuşkinin enerjisi və iş qabiliyyəti hesabına işlər ləngimədən gedirdi; o, bizə danışıqlar və müqavilələr zamanı hüquq məsləhətçisi kimi də xeyir verirdi.

Mən qaz cihazlarının qurulması və kitabxana haqqında ayrıca danışmaq istəyirəm. Bakıda qazı yerdən də (qaz zavodu olmadan) əldə etmək mümkündür: texniklərin bizə təqdim etdikləri layihənin həyata keçə bilməsi yalnız bir neçə aydan sonra mümkün olardı. Müharibə zamanının gətirdiyi ədavət də işin uzanmasına təhlükə yaradırdı, qaz isə payızda artıq bizə lazım idi. Buna görə də qərara alındı ki, qazolin aparatları qoyulsun və gec də olsa, həmin aparatların qoyulması icra edildi.

Kitab işinə keçirəm. Tarix-filologiya fakultəsi üçün Dubrovski (Bakıda) və İşkov (Tiflisdə) çalışırdılar; onların sayəsində qaneedici kitab kolleksiyası tərtib etmək, bir neçə şəxsi kitabxana almaq mümkün oldu, az olsa da, hər halda, əldə edildi. Tibb ilə bağlı vəziyyət isə pis idi. Doğrudur, Balaxanıda ( şəhər kənarında) Neft Sənayeçiləri Qurultayına məxsus olan xəstəxananın yaxşı kitabxanası vardı və yalnız bir neçə həkimə xidmət göstərirdi ki, onların da bəziləri Bakıda yaşayırdı; lakin bütün cəhdlərə baxmayaraq, həmin kitabxananı ala bilmədik, hətta ondan müvəqqəti istifadə etmək də mümkün olmadı; biz (mən və Levin) bir neçə dəfə əsas başçının – faktiki olaraq neftsənayesinin sahibinin yanında olduq: Qurultay sədrinə, müdirə kənardan (bu işdə bizə həkim B.K.Finkelşteyn köməklik etdi) təsir etməyə cəhd göstərdik, lakin uğursuz oldu. Bakıda isə Universitetə xidmət göstərə biləcək başqa tibb kitabxanası yox idi; professor Levinin yaxşı şəxsi kitabxanası vardı, məndə isə heç o da yox idi. Belə ki, bir neçə il əvvəl mən öz kitabxanamı Saratov Universitetinə bağışlamışdım.

Ümumiyyətlə, yay ərzində istər kitab, istərsə də müxtəlif laboratoriya və tibbi ləvazimatlardan əldə edilənlər olduqca az idi: cəmi 8 mikroskop. Elə ilk vaxtdan biz, əldə edilməsi vacib olan cihaz, kitab, alət, material və s. alınması üçün hökumət qarşısında hər hansı bir xarici ölkəyə ezamiyyət məsələsini qoyduq; prof. Tsitoviçin ezam edilməsi nəzərdə tutulurdu. Baxmayaraq ki, Hökumət işin vacibliyini dərk edirdi, lakin nə qədər ki, Universitet və onun smetası Parlament tərəfindən qəbil edilməmişdi, Hökumət xarici ölkədən satınalma üçün vəsait buraxmağa hüququ olmadığını düşünürdü. Universitet üçün ayrılmış binaya münasibətdə də Hökumət qətiyyətsiz davranırdı, bu isə fəaliyyət göstərməkdə bizim əl-qolumuzu bağlayırdı.

Bax, buna görədə bizim işimiz ilk növbədə smetanın, layihənin və Universitet nizamnaməsinin təcili surətdə tərtib edilib, Parlamentin müzakirəsinə verilməsinə istiqamətlənmişdi. Olduqca gərgin çalışmaqla bir aydan qısa müddətdə bu böyük işi, hətta Universitet Nizamnaməsini tam şəkildə hazırlayaraq, başa çatdıra bildik.

Nizamnamə haqqında bir neçə söz deməliyəm. Hələ Tiflis Zaqafqaziya Universitetində bizim Zaqafqaziya Universiteti üçün Nizamnamə (sonradan Şura tərəfindən qəbul edilmişdi) tərtib etmiş olan bir neçə nəfərdən (Maksimov, Zavriyev, Arutyunov, Yüzbaşev) ibarət komissiyamız vardı. Universitetin Nizamnaməsini işləyib-hazırlamaq üzrə bir neçə müxtəlif komissiyada (Kazan, Saratov, Petroqrad) işlədiyimdən, mənim davamlı akademik təcrübəm ( professor, dekan və rektor kimi) əsasında belə nəticəyə gəldim ki, daha məqbul olanı Universitetə az-çox muxtariyyət verən Nizamnamədir. Hökumətin Rektor (nazir tərəfindən təyin edilən) üzərindən Universitetə nəzarəti başlıca olaraq maliyyə hissəsinə nəzarətdən (bölüşdürülməsindən çox, nə qədər düzgün xərclənməsi baxımından) asılıdır. Alman nümunəsi üzrə - tədrisdə tam azadlıq (Sehr – und Lerntreiheit). Tərəfimdən tərtib edilmiş Nizamnamə layihəsinin eskizi də məhz həmin əsaslarla hazırlanmışdı və biz üçümüz (mən, Dubrovskiy və Levin) əvvəlcədən Levinin mənzilində müzakirə etdikdən sonra onu komissiyadan da keçirmişdik.

Həmin Nizamnamənin bir neçə zəruri xüsusiyyətlərini göstərirəm: Rektor, Şura, İdarə (təsərrüfat hissəsi), Fakultələr. Əsas işlər Şuraya məxsusdur: idarəçilik, bütün seçilənlərin təsdiq edilməsi (dekanlar da daxil olmaqla), müdiriyyətin ( və Rektorun) seçilməsi, tədrisə və ümumi işlərin gedişinə nəzarət. Professorlar müsabiqə əsasında seçilir.

Rektor diskresion hakimiyyətə malikdir, lakin bütün fövqəladə sərəncamlar barədə ən yaxın iclaslarda İdarə və Şuraya məlumat verir. Tələbələr İdarə, Şura və Fakultələrdə məşvərətçi səslə iştirak edir; tələbələrin iştirakı təfsilatı ilə işlənilməmişdir, lakin tələbələrin bir neçə məsələnin həllində həlledici səs hüququnda iştirakının mümkün olması nəzərdə tutulur. Məsələn, inzibati heyətin seçilməsində və onların səlahiyyətləriylə bağlı digər məsələlərdə.

Səlahiyyətlilik prinsipi Nizamnamədə bütün seçkilərin əsasını təşkil edir: Məsələn, professoru yalnız professorlar və bir neçə kiçik (elmi stajı olan) müəllim seçir; yalnız bir elmi dərəcə saxlanılır. Dövlət imtahanlarının (Hökumətlə razılaşdırılmış proqram üzrə) keçirilməsi hüququ Universitetə məxsusdur. Kafedralara xarici alimlərin dəvəti və s. – bunlar Nizamnamənin mövcud vacib cizgiləriydi.

Nizamnamə bir ilə qədər fəaliyyət göstərdi və Bakı Dövlət Universiteti də öz elmi – tədris həyatına onun əsasında başladı. Bizim Nizamnaməni rus universitetlərinin əvvəlki Nizamnamələrindən (1863 və 1884 – cü il) fərqli edən cəhət ondan ibarət idi ki, fakultələrin və şuranın tərkibinə müəyyən səlahiyyətlilik qorunmaqla, məlum məhdudiyyətlərlə kiçik müəllimlər (assistentlər, laborantlar və b.) salınmışdı; professorlar tərəfindən dosent rütbəsi saxlanılmışdı; professorların ordinar və ekstraordinar bölgüsü ləğv edilmişdi; yerli mühitə uyğun olaraq, müvəqqəti müəllim adı (boş qalmış kafedralar üçün) daxil edilmişdi.

Universitetin açılması barədə xüsusi olaraq qanun layihəsi tərtib edildi: açılış intizamı, Universitet orqanlarının formalaşdırılması, vəsaitin buraxılması, tələbələrin qəbul qaydası və ilaxır.

Başlanğıcda biz Universitet qanununun təməlində seçkili əsasların olmasını irəli sürmək istəyirdik: Akademik qrupdan 5 və digər qrupdan 4 üzvdən ibarət təşkil edilmiş Universitet komissiyası ilk rektoru və dekanları seçir: 2 fakultə üçün 10 nəfərdən çox olmamaq şərtilə professorları dəvət edir; sonra isə tərkibini seçkili əsaslarla artırmaq hüququnda olan Şura və Fakultələr təşkil olunub, formalaşdırılır. Eyni zamanda, Universitetin rektor və dekanlardan ibarət İdarəsi təşkil olunur ki, Universitetin açılması ilə təşkilat komissiyası funksiyasını öz üzərlərinə alan sonuncuların (dekanların) həmin funksiya üzrə fəaliyyəti bitir. Universitetin qanun layihəsinə ətraflı tərtib edilmiş smeta və universitet Nizamnaməsi yanında, həm də izahat vərəqəsi əlavə edilərək, Nazirlər Şurasının müzakirəsinə və Parlamentə təqdim edilmişdi.

Bax, elə bu yerdə də qanunvericilik süründürməçiliyi başladı. Xalq Maarif Nazirliyinin rəhbərliyinə yenicə seçilmiş nazir – çox çalışqan və ziyalı bir şəxs olan Rəşid xan Kaplanov sənədləri ləngitmədi. Lakin Nazirlər Şurasında iş uzun müddət qaldı və yalnız iyunun axırında Parlamentə ötürüldü. Universitet işi parlament komissiyasından keçdiyi zaman isə əsl süründürməçilk başladı. Biz, əlbəttə işi sürətləndirmək üçün əlimizdən gələn hər şeyi edirdik: Parlamentin rəyasət heyəti, komissiya sədri ilə, Parlamentin ayrı-ayrı üzvləriylə danışıqlar aparır, inadla inandırmağa çalışır və göstərirdik ki, bu ləngimə Universitet məsələsinə bütünlüklə iflas təhlükəsi yaradır, belə gedərsə, məsələ Universitetin Bakıya köçürülməsi vaxtı iş uzandığında Tiflisdə təbiyyatçılarlə baş verdiyi kimi olacaq və professorların çoxu başqa universitetlərə gedəcəklər.
Lakin ümumiyyətlə, bizim çabalarımız, ərizələrimiz, izahatlarımız zəif təsir göstərirdi. Artıq birinci komissiyada (maliyyə) bir sıra çəkişmələr və hətta ayrı-ayrı üzvlər tərəfindən müqavimətlə rastlaşdıq.

Sonuncu vəziyyət aydınlaşdırmağı təlb edir. Bunu söyləmək nə qədər kədərli olsa da, inandırım ki, cəmiyyətdə və Parlamentdə bəziləri Bakıda Universitet açmağın əleyhinə idi. Təəssüf ki, bu cərəyan təkcə qara, fanatik elementlərin sırasında deyildi, həm də özlərini “ziyalı” adlandıranlar arasında da vardı. Başlanğıcda bu axın aydın olmayan, zəif cəhdlər formasında idi. Lakin sonra təşkilatlandı: dövri mətbuatda Universitet əleyhinə ədavətli məqalələr dərc olundu. Universitet əleyhinə çıxışların (bəzən üstüörtülü, bəzən açıq-aşkar) aparıldığı hansısa iclaslar keçirildi və hətta Hökumətin tərkibində olan bəzi çox nüfuzlu simalar uğur qazanırdılar, baxmayaraq ki, bizim dostlarımız – gənc ziyalılar onlara müxalifətdə dayanırdılar.

Universitet əleyhinə olan dəlillərdən biri belə idi ki, Azərbaycan üçün öz Universitetini yaratmağın yerinə, seçilmiş gənc adamları təhsil almaq üçün Qərbi Avropaya göndərmək daha yaxşı olar. Universitetin yerli əhəmiyyəti, bütün diyar üçün mədəniyyət ocağı olması, əlavə olaraq, həm də yalnız seçilmiş (himayədarları olan) bəxtəvərlərə deyil, əksinə, bütün maariflənmək istəyənlərə xidmət göstərə biləcəyi barədə danışmaq ya unudulmuşdu, ya da bilərəkdən bu barədə susurdular... Hər halda, biz daha çox əmin olurduq ki, işin Parlamentdə ləngidilməsi təsadüfü deyil, kimlərinsə tərəfindən yönəldilir.

Belə düşünməyə əsas vardı ki, parlamentdəki universitet məsələsini irəli sürmüş Yusifbəyovun da mənsub olduğu ən mötəbər partiyanın (Müsavat) bəzi nüfuzlu üzvləri gizli müqavimət göstərirdilər. Bu, Universitet üçün çalışan və siyasi konyukturlardan və nüfuzlu insanların şəxsi münasibətlərindən başı çıxmayan biz komissiya üzvləri üçün ən çətin dövr idi. Bizim heç bir tərəddüdsüz zəhmət çəkib, inandığımız iş tükdən asılı qalmışdı...

Bəs nə etməli? Hökumətlə, parlament üzvləri ilə danışıqlar başladı və burada biz Universitetin və maarifçiliyin həqiqi dostlarını tapdıq. Onların başında hər kəsdən öndə türk yazıçısı, Parlamentin nüfuzlu üzvü olan Rəsulzadə, onun ardınca isə Parlament sədri doktor Ağayev və katıb Pepinov, həmçinin, Parlamentin sosialist qrupu, xüsusilə, S.A.Ağamalov gəlirdi; çalışqan bir insan olan Camal bəyin də köməyi az olmadı. Qanunvericilik təklifləri komissiyasının fəxri sədri Vonsoviçi də böyük minnətdarlıqla xatırlayıram. O, maliyyə komissiyasinin uzunmüddətli ləngitməsindən sonra, işi tez bir vaxtda öz komissiyasından keçirdi.

Müsavat partiyasındakı fikir ayrılığı iş komissiyadan parlamentin ümumi yığıncağına keçənə qədər davam etdi; Universitetin Müsavat partiyasından olan gizli və aşkar düşmənləri partiyanın qərarına tabe olmalı idilər. Bu, Rəsulzadənin sayəsində, onun səyi və onlara qarşı göstərdiyi ziyalı yanaşma nəticəsində mümkün oldu. İki partiyan (Müsavat və sosialist) bizim tərəfimizdə olması artıq parlamentdə böyük səs üstünlüyünü təmin edirdi.

Sağ təmayüllü digər partiyalar daha bizim üçün qorxulu deyildi, xüsusən, onların bəzi üzvlərilə şəxsi söhbət zamanı əmin oldum ki, aralarında Bakıda Universitet açılmasına dəstək göstərənlər də var. Başlanğıcda bütün bu partiya və siyasi münasibətlər mənim üçün qaranlıq bir meşə kimi idi; sonradan yavaş-yavaş onları təhlil edib, anlaya bildim. Bu istiqamətdə mənə N.A.Dubrovski çox kömək oldu. O, bir tarixçi və təcrübəli publisist (Tiflisdə qəzet redaktoru işləmişdi) kimi mürəkkəb siyasi münasibətlərdən yaxşı baş çıxarırdı. Həmçinin, A.M.Levinin də bu işdə mənə yardımı dəydi; o artıq 4 il idi ki, Bakıda yaşayırdı və burada mövcud olan partiyalar və şəxsi münasibətlərə yaxşı bələd idi.

Nəhayət, məsələ Parlamentin ümumi yığıncağına daxil oldu. Biz yığıncaqda iştirak elədik. Lojada oturmuşduq. Böyük bir Parlament günü idi... Qeyri-adi insan axını vardı; çoxlu Bakı ziyalısı gəlmişdi. Universitetin alovlu dostları sırasında olan Mehdi bəy Hacınskinin məruzəsindən sonra xalq maarif nazirinin nitqi (Universitetin diyar üçün vacibliyini inandırıcı şəkildə sübut edən, gözəl bir nitq) gəlir; ardınca müxtəlif partiyaların təmsilçiləri çıxış edir. Rəsulzadənin aydın və obrazlı nitqi dərin təəssürat hissi qoyur. Vansoviçin də qısa, lakin məzmunlu nitqini qeyd etməliyəm. Çıxışlar türk və rus dillərində aparılırdı: onların stenoqrafiyası götürülür və sonra qəzetdə çap edilirdi.

Maddələr üzrə oxunuşa keçdikdə bəzi Parlament üzvləri maliyyə tərəfindən çatışmazlıqlar olduğunu göstərərək, işin yenidən Universitet Komissiyasına qaytarılmasını təklif elədilər ki, bu da əlbəttə, işin pozulması demək idi. Bu məqamda maarif nazirinin təklifilə mənə söz verildi və aydınlıq gətirməli oldum: qeyd etdim ki, smetada göstərilən yalnız yekunlaşdırılmış rəqəmlər, hesablamalardır. Lakin onlar müfəssəl şəkildə əsaslandırılmışdır; təkcə fakultələr üzrə deyil, həm də hər bir kafedra üzrə lazım olan obyektlərin siyahısı tutulmuş, qiymətlər, hesablar və s. müəyyənləşdirilmişdir; bütün bu smeta materialları bizim dəftərxanamızda saxlanılır və maraqlananlar əmin ola bilərlər ki, göstərilən məbləğ ən ciddi şəkildə əsaslandırılmışdır.

Yeri gəlmişkən mən, Universitetin maarif ocağı kimi əhəmiyyəti barədə də bir neçə kəlmə danışdım. Görünüşdə mənim izahatım Parlamenti qane eləmişdi. Səsvermədə smeta keçdi. Nizamnamə maddələr üzrə oxunuşda keçirilərkən, Universitetin muxtariyyətliyi məsələsinə hücumlar oldu, lakin müzakirələrdən sonra nizamnamədə cüzi dəyişikliklərlə qəbul edildi. Bakı üçün ən məşhur gün isə 3-cü, sonuncu oxunuşdan sonra Nizamnamənin parlament tərəfindən təsdiq edildiyi gün oldu.

Bu 1 sentyabr günü (dəqiq desək, axşamı) idi və həmin gün Universitet haqqında qanun sonuncu redaksiyada kütlənin gurultulu alqışlarıyla qəbul edildi. Azərbaycan öz ali təhsil ocağını qazandı. Türk xalqının tarixində yeni, parlaq bir səhifə yazıldı. Avropanın sərhədlərinin o tayında, Asiyada yeni bir çıraq yandı. Biz bu böyük tarixi hadisənin iştirakçıları kimi özümüzü xoşbəxt sayırdıq. Çoxlu təbriklər oldu, hamı bayram əhval-ruhiyyəsində idi. Belə günlər həyat boyu unudulmur!

Elə həmin gün komissiya üzvü L.A.İşkov Tiflisdən teleqramla geri çağırıldı, rektor və dekanların seçkisinə başlanıldı. Mən yekdilliklə rektor seçildim, tarix-filologiya fakultəsinin dekanı N.A.Dubrovskiy, tibbin dekanı isə İ.İ.Şirokoqorov, onun olmadığı müddətdə isə müvəqqəti olaraq əvəz etmək üçün A.M.Levin təyin edildilər. Elə həmin saatda ilk professorlar və müəllimlər dəvət edildi, fakultələr, Şura və İdarə formalaşdırıldı; tələbələrin qəbulu haqqında elan verildi (yerli türklərə bəzi imtiyazlar verməklə). İndi bizim üzərimizə imkan daxilində tez bir zamanda məşğələlərə başlamaq vəzifəsi düşmüşdü. Lakin bu məsələdə 2 çətinlik vardı. Birincisi, müəllim heyətinin sayı olduqca az idi; Bakıya hətta Tiflisdən belə köçüb – gəlmək çox çətin idi və kafedraların heç də hamısı təyin olunmamışdı. Bu xüsusilə, tibb fakul-təsi və onun 3 kursuna aid idi. Baxmayaraq ki, fakultənin yuxarıda deyildiyi kimi, necə deyərlər, hələ Zaqafqaziya Universiteti zamanından yaxşı yığcam nüvəsi vardı.

Nazir və professor yoldaşlarla aparılan danışıqladan sonra mən və prof. N.A.Dubrovskiy cənub universitetlərindən müəllim tapmaq ümidiylə Rusiyaya yola düşdük. İkinci çətinliyimiz isə kafedraların, xüsusilə, laboratoriyanın qənaətbəxş dərəcədə təchiz olunmaması idi. Lazımi obyektlərin və kitabların alınması üçün doktor B.K.Finkelşteyn (Tsitoviçin əvəzinə, o, Rostova köçməsi ilə bağlı komissiya üzvlüyündən istefa vermişdi) Qərbi Avropaya ezam edildi. Ona ləvazimat və kitabların siyahısı verilmişdi. Demək olar ki, biz eyni vaxtda, sentyabrın ilk günlərində yola düşdük: mən və N.A.Dubrovskiy Şimali Qafqaza, B.K.Finkelşteyn isə Batumdan Qərbi Avropaya.

(Ardı var)



Teqlər: BDU  





Xəbər lenti