Ərdoğan: “Sərf etdiyimiz əməyin hədər getmədiyini görürük”

  30 Noyabr 2019    Oxunub : 1770
 Ərdoğan: “Sərf etdiyimiz əməyin hədər getmədiyini görürük”
“Çox dəyərli qardaşım İlham Əliyevin şəxsən diqqəti, Gürcüstanın aidiyyəti qurumlarının əməkdaşlığı, bu layihədə əməyi olan qardaşlarımızın səyləri ilə TANAP-ı bugünkü səviyyəyə gətirdik. Bu gün hamımız birlikdə sərf etdiyimiz əməyin hədər getmədiyini görürük. “Enerjinin İpək yolu” adlandırılan bu möhtəşəm layihənin nəzərdə tutulan təqvimə, hədəflərimizə və öhdəliklərimizə uyğun şəkildə ölkələrimizlə bağlı hissəsini bu gün tamamlayırıq”.
Azvision.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində səsləndirib.

Türkiyə Prezidenti qeyd edib ki, bu layihə ilə sahib olduğumuz zənginlikləri öz vətəndaşlarımızın, onlarla yanaşı, bütün bölgə xalqlarının, bütün insanlığın xidmətinə verməklə bağlı iradəmizi bir daha ortaya qoyduq. TANAP Türkiyənin enerji ehtiyacını təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək.

“Bundan sonra əsl məsuliyyət sərhədin o biri tərəfindəki qonşularımızın üzərinə düşür. Avropaya qaz nəqlinin başlaması üçün Trans-Adriatik təbii qaz boru kəməri – TAP qısa müddətdə başa çatdırılmalıdır. İnşallah, TAP-ın 2020-ci ildə başa çatdırılmasını gözləyirik”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti Aralıq dənizindəki bütün tərəflərə çağırış edərək deyib: “Gəlin, enerjini münaqişə vasitəsi əvəzinə, əməkdaşlıq zəmininə çevirək. Diplomatiyanın imkanlarından istifadə etmək var ikən, bölgəyə yeni qurbanlar verdirəcək yollara əl atmayaq!”

Azvision.az

Teqlər: Türkiyə   Ərdoğan   TANAP