BDU-100: İlk dərslər necə keçmişdi – Razumovskinin xatirələri

      BDU-100:    İlk dərslər necə keçmişdi –    Razumovskinin xatirələri
  03 Dekabr 2019    Oxunub:7556
Yeganə Kamal Cabbarlı
Xüsusi olaraq Azvision.az üçün

(Əvvəli BURADA )

...Mən hesab edirdim ki, bu səfər zamanı çox uzun və yorucu işdən sonra bir qədər istirahət edərəm. Məndə yuxusuzluq, zaman-zaman ürək döyüntülərilə müşayiət olunan aritmiya vardı. Lakin yol mənim istirahət ümidlərimi doğrultmadı. Paraxodla Petrovskiyə qədər yaxşı gedib çatdıq. Lakin Petrovsk-Pyatiqorsk-Rostov yolu üzrə davam edən yolçuluq həddindən artıq ağır oldu: gecələr işıqlandırılmayan, dolu, dar, çirkli vaqonlarda heç olmasa, qısa bir müddətə belə, uzanmaq mümkün deyildi və bütün bunlar səyahəti son dərəcə yorucu eləmişdi.

Böyük çətinliklə Pyatiqorska çatdıq. Biz orada hər hansı bir alimi tapmaq istəyirdik. Lakin ümidlərimiz boşa çıxdı və biz yolumuzu davam edərək, Rostova getdik. Rostovda bir qədər ləngiməli olduq – həm mən, həm də Dubrovski bir neçə professor və müəllimlərlə danışıqlar aparmalı, bir sıra sifarişlər verməli idik. Burada mən İ.İ.Şirokoqorovla görüşdüm və o, Bakıya gəlməyə razılıq verdi, lakin Qırmızı Xaç cəmiyyəti xəttiylə olan xidmətləri ucbatından, gələn ilin (1920) əvvəllərindən tez gələcəyinə söz vermədi. Rastovda mən professor Uşinskidən (ümumi patalogiya kafedrasına) də söz aldım və o da bir qədər gec gələcəyini söylədi. Anatomiya professoru Yatsutdan yazda gələrək, kafedranı təşkil edəcəyi və qısa müddətli kurs mühazirəsi verəcəyi, tibbi kimya professoru Maksimoviçdən qastrola gələcəyi barədə verilən vədlər xaric, digər şəxslərlə aparılan danışıqlar uğursuz oldu.

Rostovdan biz fərqli istiqamətlərə yola düşdük: Mən Yekaterinoslava, Dubrovskiy isə Xarkova. Rostovun özündən yola çıxmaq da müəyyən çətinliklərlə müşayiət olundu: baxmayaraq ki, Dubrovski özü kassanın yanında sübh tezdən saatlarla növbə tutdu, yükdaşıyan kirayələdi, lakin bilet almaq cəhdləri mənasız oldu. Nəhayət, dəmiryolunda konsultant olan prof. K.X.Orlovun köməyilə o, Rostovdan Xarkova çıxa bildi. Mənimsə Yekaterinoslav səfərim asan oldu: mən, Yekaterinoslav Universitetinin klinikası ilə Qızıl Xaçın yerli orqanı arasındakı münasibətləri düzəltməklə bağlı tapşırığı öhdəmə götürərək, Qızıl Xaçdan Yekaterinoslava xidməti ezamiyyət aldım.

Bu tapşırıq sayəsində mən bilet və qatarda yer əldə etdim, lakin səfər boyu əngəllərlə rastlaşdım. Qatar yalnız Xartsisskə qədər getdi, yol Maxno quldurları tərəfindən kəsildiyindən, qatar yoluna davam edə bilmədi. Dolayı yolla mən birtəhər Yekaterinoslava gedib çatdım. Orada N.A.Dubrovskinin tapşırığı ilə ayrı-ayrı müəllimlərlə - həm həkimlər, həm də filoloqlarla danışıqlar apardım, lakin çox şeyə müvəffəq olmadım. Mən hesab etmişdim ki, orada yaxşı əczaçı professor tapacağam, lakin hələ yayda mənə cənuba köçəcəyi ilə bağlı arzusunu bildirən həmin professor səfərimdən 3 həftə əvvəl vəfat etmişdi.

Yekaterinoslavda mən həmçinin, hesablamışdım ki, görkəmli rus alimi, hüquqşünas M. ilə görüşüb, ona Bakıda hüquq fakultəsini təşkil etməyi təklif edim. Lakin o, Krıma köçmüşdü. Yekaterinoslavda 5 gündən artıq qala bilmədim; Kiyev və Odessaya gedib çıxmaq isə mümkün olmadı (Maxno yolları kəsmişdi). Və mən Rostova qayıtdım. Rostovda N.A.Dubrovski ilə görüşdük. Onun Xarkov səyahəti böyük uğurla nəticələnmişdi. Bakıya qayıtmaq lazım idi, lakin geri qayıtmaq da çətinliksiz keçmədi. Petrovskidən keçən birbaşa yol bağlanmışdı. Biz dolayı yolla Novorossiysk və Batumdan qayıtdıq. Novorossiyskdə isə 1 həftə qalaraq, paraxod gözləməli oldum. Yalnız oktyabrın ikinci yarısında biz Bakıda görüşdük. Burada bizdən xəbər ala bilməmişdilər (poçt yolları da kəsilmişdi), hətta bizim Qafqazdan qaçmağımız barədə şayiə də yayılmışdı.

Universiteti açmaq lazım idi. Biz hamımız qərara aldıq ki, giriş mühazirəsi oxuyaq. İlk maraqlı mühazirəni ümumi tarix üzrə N.A.Dubrovski oxudu. Yeni, nəhəng auditoriya tamaşaçılarla dolu idi: tələbələrdən başqa, çoxlu kənar ziyalılar, Parlament üzvləri, hökumət Şurasından olan şəxslər toplaşmışdılar. Bu mühazirə kimi digərləri də çoxlu kütlə topladı. Diqqətlə dinlənildi və Bakı cəmiyyətinə göstərdi ki, o, Universitetin simasında necə yüksək bir mədəni zənginliyə nail olub.

Məşhur şərqşünas, uzun illərdən bəri Şərqi öyrənən və orada yaşayan professor İ.A.Ziminin şərqşünaslıq üzrə aydın və gözəl giriş mühazirəsini xüsusi qeyd eməliyəm...

İlk mühazirələrdən sonra hər iki fakultədə ardıcıl məşğələlər başladı.

Tibb fakultəsinin 1-ci kursuna biz 250 nəfər (daxil olmaq istəyən 500 nəfərdən çox idi) qəbul edə bilərdik; 2-3-cü kurslara qəbul edilən tələbələrin sayı isə daha az (onlarla) oldu; yaxşı təhciz olunmamış tibb fakultəsində çox böyük sayda tələbənin öhdəsindən gələ də bilməzdik. İlk təcrübə məşğələləri əvvəlcə anatomiya, bunun ardınca isə kimya, histologiya, dioqnostika üzrə başladı. Tarix-filologiya fakultəsi isə qapılarını gənclərin üzünə geniş açmışdı: 600-dən yuxarı adam qəbul edilmişdi; tezliklə orada da təcrübi məşğələlər, seminarlar və s. başladı. Bir neçə tələbə elmi cəmiyyəti (fəlsəfə, tibb və s.) də açıldı.

Məşğələlərlə eyni vaxtda Universitetin təchizatı (laboratoriya, cihaz və s.) da davam etdirilirdi. Tezliklə 1-ci gimnaziyanın klinika üçün uyğunlaşdırılması işinə başlanıldı: Professor A.M.Levin və A.A.Oşmanın göstərişləri və rəhbərlikləri altında yaza qədər hazır oldu, 2-ci yaxşı əməliyyat otağı, sarğı otağı və s. təminatı olan cərrahiyyə klinikası da quraşdırıldı (yazda artıq açıldı); yaxşı palatalar, auditoriya, laboratoriya ləvazimatlarına malik daxili xəstəliklər klinikası da açıldı. Beləliklə, tibb fakultəsinin gələcəyi təmin edildi.

Bir neçə müvəqqəti müəllimlərdən başqa, tibb fakultəsinə yerli alimlərdən prof. Milman və prof. Finkelşteyn gəldi, hər ikisi yaxşı elmi staja malik idi və xeyli elmi əsərləri vardı. Həmçinin, kimyaçı Qurviç və əczaçı magistr Qolberq də qatıldılar. Kiçik müəllim vəzifələrinə yerli (türk) həkimlər cəlb olundu. Filoloqlar isə öz elmi mühitlərinə yerli qüvvələrdən Şahtaxtinski və bir neçə lektor cəlb elədilər.

Birinci il, yazda Qafqazın məşhur elm xadimi, indi isə Bakı Universitetinin professoru olan L.Q.Lopatinskinin redaktorluğu ilə “Bakı Universitetinin Xəbərləri”nin 1-ci buraxılışı tərtib olunmağa başladı, baş verən siyasi dəyişikliklər səbəbindən bir qədər ləngiyən nəşrdə mən “Qafqazda cərrahi yardım” adlı işimi çap eləməyi özümə borc bildim. Zaqafqaziya Universitetinin professorundan başqa, Bakı Universitetinin professorları sırasında Petroqraddan, Xarkovdan, Kazandan və başqa yerlərdən olan yeni şəxslər görünməyə başladılar və hər iki Bakı fakultəsində elə ilk ildən ardıcıl tədris apardılar. Hazırda (1922) tədris başqa universitetlərdən heç də geri qalmır.

Mən, 1918-ci ilin may ayına qədər rektor olaraq qaldım; lakin yorğunluq və xəstəlik rektorluq vəzifəsini üzərimdən atmağa məcbur elədi. Yayda mən Rusiyaya - sanatoriyaya getdim, Bakıdan heç bir çətinlik olmadan, göyərtəli sərnişin gəmisi ilə yola düşdüm; vəziyyət belə gətirdi ki, mən Rusiyada qalmalı oldum, ürəyimin yarısı isə orada – Bakıda idi. Avqustda məni Bakı Universitetinin professorları sırasından çıxarmaları barədə ərizə göndərdim. Mən Bakı Universitetindən təsirli bir dost salamı aldım və öz növbəmdə onları aşağıdakı cavabla salamladım: “Bakı Universiteti Şurasının üzvlərinə göndərdikləri salama görə dərin təşəkkürümü bildirirəm. Mənə əziz olan Bakı Universitetinin professorları ilə birgə iş fəaliyyəti həyatımın ən yaxşı xatirəsi kimi qalacaqdır. Orada, sosial-siyasi fırtınalarla əhatə olunmuş uzaq cənub-şərqdə biz ali mədəniyyət ocağının yaradılması üzərində dostca işləyirik, qəti inanırıq ki, barışmaz siyasi və sosial parçalanmanı və kəskinləşən sinfi mübarizəni birgə zəhmət və qardaş köməyilə sakit məcraya yönəltməyin yolu bu vaxtadək yalnız elmlə mümkün olub.
Şərq, insanlığın beşiyi kimi onun həyatının tarixi başlanğıcı, insanlığın nəhəng problemlərinin həll olunduğu yerdir. Nəhəng fəlsəfələr sistemi orada doğulmuş, insanlığın böyük dinləri oradan parlamış, xeyirxahlıq haləsinə bürünmüş həqiqət həmişə oradan işıq salmışdır... Ex oriente lux...

Dünya tarixinin hazırkı faciəli vəziyyətində, insanlıq üçün əzabverici bir məsələnin - sosial məsələnin həll olunduğu zamanda öz mötəbər sözünü demək bəlkə də Şərqin taleyinə yazılıb...

Şərqin böyük vəsiyyəti və ənənəsi ilə Qərb elmi doktrinasını özündə birləşdirən Bakı Universiteti, Şərqlə Qərbin hüdudlarında dayanaraq, insanlığın elmi dünyagörüşünü genişləndirir və ola bilsin ki, sosial problemlərin qaranlıq sahələrinə də işıq salacaq, bizi sosial problemlərin həllinə yaxınlaşdıracaq...

Mən Bakı Universitetinin böyük gələcəyinə inanıram. Onun ilk xadimləri və tələbələrinin gənc, gümrah enerjisinə inanıram. Mən onun möhkəm təminatlı aydın gələcəyini görürəm...

Vivat, floreat, crescat Universitas Bacuensis!...

Bakı Dövlət Universitetinin sonrakı (1922) rektoru S.Davidenkov öz qeydlərində göstərirdi ki, Universitetin təşəbbüskarlarının, qurucularının və özülünü qoyanların mərdliyi və inadkarlığı qarşısında heyrətlənməmək mümkün deyil. Zaman göstərdi ki, onların bu qəhrəmancasına mücadiləsi əbəs yerə olmayıb. O bir ovuc cəsur insan sonradan kiçik bir orduya çevrilib, öz alimlik missiyalarını davam etdirdilər.

Universitet isə öz məşhur qurucusunun nə vaxtsa yenidən Bakıya dönəcəyi və onu öz sıralarında görə biləcəyi ümidini itirməsə də, o, Bakıya qayıtmır. Digər itkilər də olur: Universitetin ilk professorlarından olan A.Zimin faciəli şəkildə həlak olur; L.Q.Lopatinskini də Universitet kollektivindən ölüm ayırır.

Universitetin ilk yubileyi ərəfəsində (1.07.1922) 1435 tələbəsi vardı. Həmin il həkimlərin ilk buraxılışı olur. Bundan başqa, elmi dərəcələrin alınması üçün ilk dissertasiyalar (5 dissertasiya tarix–filologiya və ikisi tıbb üzrə) müdafiə olunur. Universitetdə 4 elmi cəmiyyət fəaliyyət göstərirdi: təbiyyatçılar və həkimlər, klinik konfrans, təbiətşünaslar konfransı və elmi komitə.

Həmin cəmiyyətlər müntəzəm olaraq yığıncaqlar keçirir və əhalinin böyük əksəriyyətini bu yığıncaqlara cəlb edirdilər. Bundan başqa, xeyli elmi monoqrafiyalar, dərsliklər və dövri nəşrlər çap edilmişdi. Bununla belə, ilk illərdə hələ də tərəddüdlər yaşanır, Universitetin mövcudluğuna təhlükə şübhəsi davam edirdi. Buna baxmayaraq, müəssisənin elmi həyatı tam sürətlə irəliləyirdi. Kabinetlərdə və laboratoriyalarda Universiteti onu yerli ehtiyaclara, diyarın öyrənilməsi məsələsinə yaxınlaşdıran, yetişdiyi mühitə daha da bağlayan intensiv elmi – tədqiqat fəaliyyəti gedir.

Və artıq biz V.İ.Razumovskinin Bakı Universiteti - Universitas Bakuensis və ya bizim tez – tüz söylədiyimiz kimi, Qərbin və Şərqin hüdudlarında dayanan Universitas Atropatenanın böyük gələcəyi ilə bağlı arzuladığı idealın konturlarını da hiss edirdik.

Bu kiçik yubileydə, bu ali məktəbin varlığını borclu olduğu fəal mübarizlərə və əlbəttə ki, ilk növbədə professor Vasiliy İvanoviç Razumovskiyə bizim Bakı Universiteti “çox sağ ol” deməlidir.





Teqlər: BDU-100  





Xəbər lenti