“Seçkilərin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb” - MSK sədri

“Seçkilərin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb” -    MSK sədri
  23 Dekabr 2019    Oxunub:4285
"Seçicilərin sərbəst şəkildə səsverməsi və seçkilərin şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb".

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin açıq elan edilməsi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bələdiyyə seçkilərində müşahidəçilər üçün hər cür şərait yaradılıb: "Bütün seçki məntəqələrində xüsusi oturacaqlar qoyulub və onlar vasitəsilə bütün məntəqəni müşahidə etmək imkanı var. Bununla yanaşı heç bir seçki məntəqəsinə getmədən də veb-kameralar vasitəsilə seçkiləri müşahidə etmək olar: 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu veb-kameralar vasitəsilə dünyanın istənilən yerindən seçkiləri müşahidə etmək mümkündür. Bu təcrübəni ilk dəfə olaraq Azərbaycan tətbiq edib və seçkilərin tam şəffaf və demokratik keçirilməsini təmin edir”.

M.Pənahov qeyd edib ki, hər hansısa xoşagəlməz hal yaşanarsa və bununla bağlı müraciət daxil olarsa, qanuna müvafiq qaydada addımlar atılacaq: "İndiyə qədər nə qeydiyyatla bağlı, nə də sonrakı proseslərdə Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmayb. Ancaq qaynar xətt vasitəsilə müraciətlər daxil olub. Onlar da texniki xarakter daşıyır”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Bələdiyyə  





Xəbər lenti