ABŞ İraqa zərbələr endirdi: 25 ölü, 51 yaralı var

  30 Dekabr 2019    Oxunub : 1247
ABŞ İraqa zərbələr endirdi: 25 ölü, 51 yaralı var
ABŞ Silahlı Qüvvələrinin İraqa endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə zamanı 51 nəfər yaralanıb.

"35 və 36-cı briqadaların mövqelərinə amansızcasına hücum nəticəsində 25 nəfər ölüb, 51 nəfər yaralanıb. Bir sıra yaralıların vəziyyətinin ağır olması qurbanların sayının arta biləcəyini istisna etmir", - məlumatda deyilir.

Daha əvvəl İraqın “Əl-Haşd əl-Şaabi” komandanlığı Birləşmiş Ştatların hərbi bazasının pilotsuz uçuş aparatları tərəfindən açılan atəş nəticəsində onlarla döyüşçüsünün öldürüldüyünü və onlarla insanın yaralandığını bildirib.

Pentaqon rəhbərinin köməkçisi Conatan Hoffman isə bəyan edib ki, “Kataib Hizbullah” qruplaşmasının İraq bazalarına etdiyi hücumlara cavab olaraq İraqSuriyadakı beş “Hizbullah” hədəfinə zərbələr endirilib. Pentaqon rəsmisi qeyd edib ki, zərbələr qrupun koalisiya qüvvələrinə qarşı gələcəkdə hücum imkanlarını azaltmaq məqsədi daşıyır.

İraq mediasının yaydığı məlumata görə, keçid hökumətinin başçısı Adel Abd əl-Mehdi ABŞ-ın hücumları ilə əlaqədar ölkənin Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Keçmiş nəqliyyat naziri Hadi əl-Amirinin başçılıq etdiyi Əl-Fəth bloku isə ABŞ zərbələrindən sonra parlamenti bütün xarici qüvvələrin ölkədən çıxarılması üçün təcili qərar verməyə səsləyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   İraq