Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib

   Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib
  08 Fevral 2020    Oxunub:2939
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iclasda S.Eyyubovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 10 iyul tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin nümayəndəsinin və mütəxəssisin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Solmaz Eyyubovanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə qarşı qərarın ləğv edilməsi, pensiyanın təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 10 iyul tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I və III hissələrinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci, 58.7-ci, 82-ci və 96.5-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azvision.az


Teqlər: KonstitusiyaMəhkəməsi   Məhkəmə   Qərar  





Xəbər lenti