MSK bugünkü iclasla bağlı məlumat yaydı

  13 Fevral 2020    Oxunub : 3421
 MSK bugünkü iclasla bağlı məlumat yaydı
Fevralın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə Komissiyanın 2020-ci il 31 yanvar və 1 fevral tarixli iclaslarının protokolları təsdiq olunub.

Sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Seçki Müşahidə Missiyasının 9 fevral Milli Məclisə seçkilərdə qurumun tərkibində təmsil olunan beynəlxalq müşahidəçinin akkreditasiyasının ləğvi ilə bağlı MSK-ya ünvanladığı müraciətə baxılıb, müraciət təmin edilərək beynəlxalq müşahidəçinin akkreditasiyası ləğv olunub və ona verilən lövhəcik etibarsız hesab edilib.

İclasda 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar müxtəlif mənbələrdən - sosial şəbəkələrdən seçicilər tərəfindən MSK-ya ünvanlanan müraciətlərin və “Qaynar xətt”ə daxil olan məlumatların araşdırılmasının nəticəsi olaraq 80 saylı İmişli-Beyləqan, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 33 saylı Xətai birinci seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız sayılıb. Daxil olmuş digər müraciətlər də Komissiyanın iclasında geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

Beynəlxalq müşahidə missiyaları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə baxılıb.

Azvision.az

Teqlər: MSK   İclas