Məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərilib

  17 Fevral 2020    Oxunub : 896
Məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərilib
Azərbaycan Respublikası Vəkillər KollegiyasıQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsində pulsuz hüquqi yardım aksiyası keçirib.
Azvision.az xəbər verir ki, Dövlət Komitəsinin hüquq sektorunun müdiri Ziya Məmmədov və Bakı şəhər 20 saylı vəkil bürosunun rəhbəri İlhamə Həsənova aksiyada çıxış edərək bildiriblər ki, tədbirin keçirilməsində məqsəd qaçqınların və məcburi köçkünlərin hüquqi maarifləndirilməsi, onlara bu sahədə əməli kömək göstərilməsidir.

Qeyd edilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamında aztəminatlı ailələrin keyfiyyətli hüquqi yardıma əlçatanlığının təmin edilməsi mühüm vəzifə kimi qarşıya qoyulub, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan belə ailələrə pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib.

Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi islahatlar insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasına şərait yaradır. Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunması, qanuni mənafelərinin təmin edilməsi dövlətimizin bu kateqoriyadan olan insanlarla iş sahəsində apardığı siyasətin vacib elementidir. Onlar da, digər vətəndaşlar kimi, şəxsi və ictimai həyatda zəruri hüquqi dəstək tələb edən müxtəlif məsələlərlə üzləşir, bu zaman bəzən maddi imkansızlıqdan peşəkar hüquqşünasların xidmətlərindən istifadə etməyə çətinlik çəkirlər.

Aksiyada iştirak edən vəkillər məcburi köçkünlərə onları maraqlandıran məsələlər barədə ətraflı məlumat veriblər. Sonra məcburi köçkünlərin fərdi müraciətləri dinlənilib, sualları cavablandırılıb, həmçinin hüquqi yardıma ehtiyacı olan 100 nəfərə yaxın məcburi köçkünə məsləhət verilib və əməli yardım göstərilib.

Aksiya başa çatdıqdan sonra vəkillər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu ilə birgə keçirdiyi “Əsgərə salam” aksiyasına qoşularaq əsgərlərimizə hərbi salam göndəriblər.
Xatırladaq ki, Bakı şəhər 20 saylı vəkil bürosu üzvlərinin iştirakı ilə məcburi köçkünlər üçün ilk pulsuz hüquqi yardım aksiyası iki ay bundan əvvəl Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində keçirilib. Büro tərəfindən digər məcburi köçkün qəsəbələrində də belə aksiyaların keçirilməsi nəzərdə tutulub.

Azvision.az

Teqlər: Komitə   Hüquq   Yardım