ATƏT-də “ASAN xidmət”in fəaliyyətindən bəhs olundu - FOTOLAR

  20 Fevral 2020    Oxunub : 2080
 ATƏT-də “ASAN xidmət”in fəaliyyətindən bəhs olundu - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunun I Hazırlıq İclasında iştirak edib.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, iclasın sessiyalarında korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə imkanlar, çağırışlar, gəlir bəyannaməsi və iştirakçılıq yanaşması ilə şəffaflığın artırılması ifadə olunub. Həmçinin rəqəmsallaşma və yüksək şəffaflıq vasitəsilə korrupsiyanın qarşısının alınması və onunla mübarizə, şəffaflıq və innovasiya vasitəsilə ətraf mühitin qabaqcıl idarə edilməsinin inkişafı kimi mövzular müzakirə olunub.



Agentliyin Aparat rəhbəri Azad Cəfərli “Rəqəmsallaşma və yüksək şəffaflıq vasitəsilə korrupsiyanın qarşısının alınması və onunla mübarizə” mövzusuna həsr olunan 2-ci sessiyada çıxış edərək Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyətindən, e-hökumət sahəsindəki irəliləyişlərdən, müxtəlif elektron və rəqəmsal layihələrdən bəhs edib. Həmçinin “ASAN Viza”, “ASAN Satınalma”, “ASAN xidmət”ə verilmiş BMT mükafatlarından, habelə Şərqi Avropa regionunda ilk dəfə olaraq Bakıda keçirilmiş BMT-nin Dövlət Xidmətləri Forumundan söz açılıb.
Dövlət agentliyinin nümayəndəsi Azərbaycan brendi olan “ASAN xidmət” təcrübəsinin ATƏT ərazisində tətbiq edildiyini, Monteneqro və Özbəkistanla əməkdaşlıq memorandumunun imzalandığını diqqətə çatdırıb.



Tədbirdə Azərbaycanda şəffaflığın təmin olunması və rəqəmsal alətlərin tətbiqi ilə korrupsiyaya qarşı uğurla mübarizə, o cümlədən elektron xidmətlərin mərkəzlərdə vətəndaşlara çatdırılması və geniş beynəlxalq əməkdaşlığın həyata keçirilməsi barədə təqdimat maraqla qarşılanıb.



Təqdimat çoxsaylı suallar, şərhlər, cavablarla müşayiət olunub. Tədbir çərçivəsində ATƏT və ona üzv dövlətlərin nümayəndələri ilə fikir mübadiləsi aparılıb, gələcək qarşılıqlı fəaliyyətin mümkün formaları müzakirə edilib. Qeyd edək ki, İqtisadi və Ətraf Mühit Forumu “İnnovasiya, yüksək şəffaflıq və rəqəmsallaşma vasitəsilə korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə ilə ATƏT ərazisində təhlükəsizliyin, sabitliyin və iqtisadi yüksəlişin inkişaf etdirilməsi” mövzusuna həsr olunacaq.

Azvision.az

Teqlər: ATƏT   ASAN-Xidmət