Berlində Ümumavropa Qarabağ mitinqi - VİDEO+FOTOLAR (YENİLƏNİB)

  22 Fevral 2020    Oxunub : 6980
 Berlində Ümumavropa Qarabağ mitinqi - VİDEO+FOTOLAR (YENİLƏNİB)
Bu gün Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığında yerləşən Paris meydanında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirilib.
Azvision.az xəbər verir ki, mitinq dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutub.



Aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıblar.



Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində keçirilən mitinqin iştirakçıları "Qarabağa Azərbaycandır!", "Biz terrora yox deyirik", "Azərbaycan ədalət tələb edir!", "Xocalıya biganə qalma!", "Dinc və günahsızların qatillərinə ar olsun!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandırın!", "Qarabağ haqqımızdır!" kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış ediblər.



Bundan əlavə, aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırıma beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb ediblər.



Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanılıb.



Mitinqdə min nəfərdən çox soydaşımız iştirak edib. Ümumavropa Qarabağ mitinqinin sonunda yekun sənəd qəbul edilərək bir sıra beynəlxalq təşkilatlara ünvanlanıb.



Azvision.az

Teqlər: Mitinq   Qarabağ